Toivo Klaarın Cənubi Qafqazla bağlı fikir bildirməyə haqqı yoxdur
Siyasət

Toivo Klaarın Cənubi Qafqazla bağlı fikir bildirməyə haqqı yoxdur

Toivo Klaarın "JAM news" media resursuna müsahibə zamanı "Qarabağ ermənilərinin" geri qayıtmasının Azərbaycanın öhdəliyi, Ermənistandan zorla qovulmuş azərbaycanlıların geri dönüşünün isə iki ölkə arasında normallaşma prosesinin nəticəsindən asılı olduğunu bildirməsi, "Qarabağ ermənilərinin" məsələsinin xüsusi hal kimi qiymətləndirməsi qəbulolunan deyil. İlk növbədə, qeyd etmək lazımdır ki, T.Klaar hazırda Cənubi Qafqaz üzrə nümayəndə deyil və onun açıqlamalarının prosesə böyük təsiri yoxdur. Amma onun mövqeyi yenə də ölkəmiz tərəfindən etirazla qarşılandı və Azərbaycan Xarici İşlər Nazirliyi T.Klaara cavab verdi.

Qarabağ məsələsi Azərbaycanın daxili işi olduğundan bütün qərarlar ölkəmiz tərəfindən verilir. 44 günlük Vətən müharibəsindən sonra davamlı şəkildə Qarabağda yaşayan ermənilərə Azərbaycan cəmiyyətinə reinteqrasiya ilə bağlı təkliflər irəli sürüldü. Bu istiqamətdə hətta bir neçə görüş də baş tutdu, dövlətimiz özünün reinteqrasiya planını qarşı tərəfə təqdim etdi. Lakin Qarabağ erməniləri onlara kənardan verilən təlimatlar əsasında Azərbaycan ilə danışıqlardan yayındılar. Onlar ölkəmizin qanunları əsasında yaşamaq istəmədiklərini açıq şəkildə bildirdilər. Rəsmi Bakı son ana qədər bu qapını açıq saxladı. Hətta 21 sentyabr 2023-cü ildə Azərbaycan Prezidenti xalqa müraciətində antiterror tədbirlərindən sonrakı vəziyyəti dəyərləndirdi və Qarabağ ermənilərinə dövlətimizdə yaşamaq çağırışı etdi. Bir məqamı da diqqətə çatdırım ki, Qarabağda məskunlaşmış ermənilər burada doğulan insanlar deyil. Belə ki, onlar Ermənistan ordusunun Qarabağda qalmış 15 minlik kontingenti, onların ailə üzvləri, Rusiyadan, Yaxın Şərqdən, xüsusilə də Suriya və Livandan bu əraziyə gətirilib yerləşdirilmiş şəxslər idi. Azərbaycanın əsas tələbi orada yaşayan insanların qanunlarımıza müvafiq olaraq vətəndaşlığımızı qəbul etməsi idi. Bununla bağlı portal açıldı və müraciət edənlər də oldu. Amma Ermənistan, o cümlədən Fransa və digər Qərb dairələrin tərəfindən müəyyən plan hazırlandı və onların Qarabağı tərk etməsi ilə bağlı təşviqat aparıldı. Buna görə də onların bölgəni məcburən tərk etdiklərini söyləmək cəfəngiyyatdır. Antiterror tədbirlərindən sonra bölgədə 2 dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) araşdırma qrupu işləyib. Bundan əlavə, BMT-nin müşahidə missiyası da burada olub və onlar hesabat hazırlayıblar. Həmin hesabatda Qarabağda yaşayan ermənilərin heç bir zorakılığa məruz qalmaması, etnik təmizləmənin baş vermədiyi açıq şəkildə ifadə olunub. Bu baxımdan, Toivo Klaarın, yaxud digər rəsmi şəxslərin sözügedən mövzuda danışmaq haqqı yoxdur. Qarabağ erməniləri geri qayıda bildikləri kimi, Ermənistan da öz üzərinə öhdəlik götürməli və 1988-1991-ci illərdə etnik təmizləməyə məruz qalmış 300 minə yaxın soydaşımızın geri dönüşü təmin olunmalıdır.

T.Klaar kimi şəxslərin nə deməsindən asılı olmayaraq, bizim mövqeyimiz dəyişməyəcək. Bununla bağlı ölkəmizə hər hansı bir fikir bildirmək istəyənlər əvvəlcə öz tarixlərinə baxsınlar və İkinci Dünya müharibəsi ərəfəsində Çexoslovakiyada yaşamış Sudet almanlarının taleyini xatırlasınlar. Belə ki, orada yaşayan almanlar da vaxtikən dövlətə qarşı qiyam qaldırmış və cinayətlər törətmişdilər. Ərazi də Almaniya tərəfindən işğal olunmuşdu. İkinci Dünya müharibəsindən sonra beynəlxalq məhkəmələr və qalib gələn müttəfiq dövlətlər Sudet almanlarının Çexoslovakiyadan Almaniyaya köçürülməsinə qərar verdilər. Beləliklə, Sudet ərazisi Çexoslovakiyada qaldı.

Oqtay QASIMOV,

politoloq.