Torpaqlarımızdakı gizli düşmənə əcnəbi baxışı
Siyasət

Torpaqlarımızdakı gizli düşmənə əcnəbi baxışı

Ərazisi minalarla ən çox çirklənmiş ölkələrdən biri də məhz doğma yurdumuzdur. Ermənistan 30 ilə yaxın davam edən işğal müddətində torpaqlarımızı kütləvi şəkildə minalarla zəhərləyib.

Təəssüf ki, Qarabağda mövcud olmuş separatçı xunta rejimi də İkinci Qarabağ müharibəsindən sonra Laçın dəhlizindən və digər qanunsuz yollardan istifadə edərək ərazilərimizə silah-sursat, minalar daşıyıblar. Lokal xarakterli antiterror tədbirlərindən sonra ermənilərin daha bir cinayətkar əməli üzə çıxıb. Belə ki, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən azı yarım milyon əlavə minalar yerləşdirildiyi bildirilir.

Məqsəd isə qayıdış və yenidənqurma proseslərini gecikdirməkdir. Bu gün azad olunmuş ərazilərin minalardan təmizlənməsi dövlətimizin qarşısında duran ən vacib məsələdir. Respublikamız öz gücü hesabına bu istiqamətdə mühüm işlər görür. Lakin mövcud prosesin mürəkkəb və uzun müddət tələb etdiyi, maddi cəhətdən xeyli vəsait lazım olduğu hər kəsə məlumdur. Gedən işləri gecikdirən əsas məqam isə Ermənistan tərəfinin düzgün mina xəritələrini verməkdən imtina etməsidir. Bir müddət əvvəl təqdim edilmiş xəritələr isə reallıqla üst-üstə düşmədi.

Ölkə başçımız dəfələrlə ən ali tribunalardan işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından sonra çox sayda vətəndaşımızın mina qurbanı olduğunu beynəlxalq birliyin diqqətinə çatdırıb. Təəssüf ki, bütün bu həqiqətlərə beynəlxalq birlik göz yumur və lazımi reaksiyanı vermir. Buna baxmayaraq, respublikamızın rəsmiləri bir sıra qurumlarla görüşlər keçirməyə davam edirlər. Belə ki, xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurasının Nazirlər Komitəsinin 16-17 may 2024-cü il tarixlərində Strasburq şəhərində baş tutmuş 133-cü sessiyasında iştirak edib. Tədbirdə çıxış edən Azərbaycan rəsmisi Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın soydaşımızın itkin düşdüyünü xatırladıb və ölkəmizin kütləvi mina təhdidi ilə üzləşdiyini, Ermənistanın isə bu məsələlərin həlli ilə bağlı əməkdaşlıq etmədiyini bildirib. Nazir müavini ölkəmizin Avropa Şurası qurumları ilə dialoq və qarşılıqlı hörmət əsasında əməkdaşlığa açıq olduğunu da diqqətə çatdırıb. Aydın məsələdir ki, Qərb qurumları bu məsələ ilə bağlı ciddi və şəffaf işlər görsələr yəqin ki, problem tezliklə aradan qalxar. Nəticə etibarilə minaların təmizlənməsi təkcə torpaqlarımızda quruculuq işləri üçün nəzərdə tutulmayıb, həm də bu insanların haqqını qorumaq üçün əsas götürülməlidir. Çünki mina partlayışları nəticəsində bu günə qədər yüzlərlə həmyerlimiz dünyasını dəyişib və ya ciddi xəsarətlər alıb. Təkcə ötən ay ərzində 141 piyada, 191 tank əleyhinə mina və 2502 partlamamış hərbi sursat aşkarlanıb, 6 038 hektar ərazi minalardan təmizlənib. Bu proses 4 ilə yaxındır ki, davam etsə də, hələ də vətəndaşlarımız gizli düşmənin qurbanı olur.

Beynəlxalq arena ilə yanaşı, xarici nümayəndələrin Qarabağ ərazilərinə gəlib erməni vandallığı nəticəsində xarabalığa çevirilmiş yerlərlə tanış olması mühüm irəliləyişdir. Qədim diyarımızın budəfəki qonaqlarından biri də ispaniyalı fotoqraf Qervasio Sançez olub. Ölkəmizin üzləşdiyi mina problemini dünya ictimaiyyətinin diqqətinə çatdırılması, habelə mina qurbanları barədə məlumatların əldə edilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərə səfər edən fotoqraf gördüyü mənzərədən çox təsirlənib. Azərbaycanın üzləşdiyi mina probleminə aid əldə etdiyi foto və məlumatlardan ibarət sərgi təşkil etmək niyyətində olduğunu açıqlayıb: "Anqola, Əfqanıstan və Kamboca kimi ölkələrdə - dünyada mina qurbanlarının sayının ən çox olduğu üç ölkədə minaların fəsadlarını görəndən sonra Qarabağda belə ağır vəziyyətlə qarşılaşacağımı düşünməzdim.

Mən orada iki həftə qaldım və həm piyada, həm də tank əleyhinə minaların, eləcə də bombardmanlardan və hərbi əməliyyatlardan qalan partlamamış hərbi sursatların sayını biləndə dəhşətə gəldim. Onlar yerdə, torpağın altındadır, çox vaxt heç görünmürlər də, ona görə də insan həyatı üçün ciddi təhlükə yaradırlar: hər hansı toxunuş partlayışa səbəb ola bilər".

Lakin Qervasio Sançez düşünür ki, Azərbaycanda görülən yüksəksəviyyəli işlər nəticəsində gün gələcək, Qarabağda bir nəfər də olsun mina terrorunun qurbanı olmayacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".