Xalq şairi Bəxtiyar Vahabzadə bu adı şərəflə daşıdı
Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm!
"...Çingiz Aytmatov, Oljas Süleymenov Bəxtiyarı əsrin şairi, türk dünyasının böyük şairi adlandırırdı. Axı Bəxtiyar da təpədən dırnağa qədər türk idi". Müsahibələrinin birində şairin yaxın dostu, professor Şirməmməd Hüseynov deyib bu sözləri.
Türk dünyasının sevimli şairidir Bəxtiyar Vahabzadə. Bu böyüklükdə sevgi isə hər söz adamına nəsib olmur, amma o qazana bilmişdi bu sevgini. Şeirə, sənətə dəyər verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Bəxtiyar poeziyasına böyük sevgisi, öz çıxışlarında məqamı gəldikcə şairin şeirlərindən nümunə gətirməsi də elə bu sevginin ifadəsidir.
2020-ci il 10 dekabr. "Azadlıq" meydanı. Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında yenə də Ərdoğan öz ampluasında idi. Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olanlara Tanrıdan rəhmət diləyir, "İsa bulağının zümzüməsini, Cabbarın, Seyidin, Xanın səsini, dalğalı Qarabağ şikəstəsini, Babək türbəsini düşmənə pay verməyən", Qarabağı otuz illik həsrətdən sonra Ana Vətənlə qovuşduran Azərbaycan ordusunun şəxsi heyətinə, onları dualarla cəbhəyə göndərən analara minnətdarlığını ifadə edir, fikrini çox sevdiyi şair Bəxtiyar Vahabzadənin misraları ilə qüvvətləndirirdi:
Hardan sənin oldu Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı, ancaq
Qanla möhürləyib, zorla alarlar...
Bu meydanda onun şeirləri çox səslənmişdi. Elə Türkiyə Prezidenti: "Bir ağacın iki qolu, bir ananın iki oğlu, o da ulu, bu da ulu, Azərbaycan-Türkiyə!" - misralarını da burada söyləmişdi. Bu meydanda milli azadlıq mübarizəsinin mücahidləri, bütün xalq özünün vətənpərvər şairini əlləri üstündə tribunaya çıxarmışdı. Qarabağın qəddar erməni faşistləri tərəfindən işğal edilməsinə qarşı çağırış və səfərbərlik ruhunu ifadə edən aşağıdakı misralar da o meydanda oxunmuşdu:
Qalx ayağa!
Xankəndiyə çatmalıdır,
Bizim zəfər arabamız...
Vətən oğlu!
Deyirlər, şeir, musiqi mələklərin dilidir. O da insanlarla bu dildə, mələklərin dilində danışır, bəzən yüz minlərin söyləyə bilmədiyini bircə kəlmə ilə deyir, qələmin gücü ilə az qala dünyanı fəth edirdi. Ürəyinə yatan, qəlbinə toxunan nə vardısa ondan yazır, yaşadığı nə vardısa şeirlərində güzgü kimi əks olunurdu. Şairin əqidə dostu Şirməmməd müəllim Bəxtiyar Vahabzadə yaradıcılığının özəlliklərindən danışarkən deyirdi: "Bəzən mən ideya verirdim, amma sənəti o yaradırdı. Bəxtiyarın hər poeması bir fakta əsaslanır... Verdiyim bütün mövzulara yazılan əsərlərin ilk oxucusu mən idim. Deyirdi, "fitvanı vermisən, gəl götür". Həmişə deyirdi ki, Şirməmməd, mənə dayaq nöqtəsi ver, gör neynəyirəm". O, bu dayaq nöqtəsini tapır, bu torpağa, Vətənə, onun istiqlalına olan məhəbbətindən güc alırdı. Milli azadlıq, müstəqillik fədaisi, həyatın, insanın, cəmiyyətin dərin qatlarına enən, xalqının, millətinin ağrı-acılarına biganə qalmayan, həmdərd ola bilmək istedadına malik olan şairin poetik dünyasında yurdsevərlik, milli-mənəvi azadlıq, əxlaqi dəyərlərə ehtiram və s. məsələlər daha çox diqqət çəkirdi. Onun "Şəhid məzarları", "Vətən dərdi", "Vətən eşqi hər eşqdən əzəldir", "Köhnə mərəz", "Vətəndaş" və s. şeirləri vətənpərvərlik duyğusundan qidalanıb, pərvazlanıb. "Vətən" rədifli qəzəlində doğma yurdun ağır günlərində hər birimizi vətəndaşlıq borcunu yerinə yetirməyə çağırıb:
Çağırır indi bütün milləti imdada Vətən,
Dəyişilməz, ay oğul, cənnətə dünyada Vətən.
Bizə meydan oxuyan bilməlidir birdəfəlik,
Nə satılmaz, nə verilməz binədən yada Vətən.
Xalq şairi Rəsul Rza yazırdı: "Şair Bəxtiyarın bəxtiyarlığı onun qibtə olunacaq dərəcədə böyük olan poetik istedadır. Bu yaradıcılıq istedadı ona dərin xalq məhəbbəti qazandırmışdır. Onu vətənin sevimli şairi etmişdir. Belə bir insan, həqiqətən, bəxtiyardır. Bu bəxtiyarlıq bir insan, bir vətəndaş, bir nəğməkarın bəxtiyarlığıdır. Mən Bəxtiyarı belə tanımışam, belə duymuşam, belə sevmişəm".
Bu yurdun başına gətirilən müsibətlər, məruz qaldığı haqsızlıqlar onu bir vətəndaş kimi həmişə narahat edir, həyatın mürəkkəb hadisələrindən, Vətən məhəbbətindən, sevgidən, bir sözlə, nədən yazırdısa yazsın, səmimiyyəti ilə ürəklərə yol tapırdı.
"Ana dili" mövzusu isə onun yaradıcılığının ana xəttini təşkil edir: "Dil açanda ilk dəfə ana söyləyirik biz, "Ana dili" adlanır bizim ilk dərsliyimiz", - deyən şair ilk mahnımız olan laylaları analarımızın öz südüylə ruhumuza bu dildə gilə-gilə içirdiyini, bu dilin, ruhumuz, eşqimiz, canımız, bir-birimizə əhd-peymanımız" olduğunu söyləyirdi:
Mənim mənliyimin
füsunkarlığı,
Danışan kamalı,
ağlıdır dilim.
Millətin varlığı,
dilin varlığı,
Sənin varlığına
bağlıdır, dilim.
Özünə "türk oğlu, türk" deyirdi Bəxtiyar Vahabzadə. Milli kimliyin dərki, türklük, Türk dünyası, milli-mənəvi dəyərlərə sahib çıxmaq kimi məsələlər yaradıcılığının əsas qayəsi idi. Bütün bunlar onu tək Azərbaycanın deyil, Türk dünyasının şairi etmişdi. Bu isə gəlişi gözəl sözlər deyil, o sözlər əməldə də öz təsdiqini tapmış, hər kəs tərəfindən qəbul edilmişdir. O, sadəcə Azərbaycanın dərdləri ilə yüklənmir, Türkiyə və bütün Türk dünyasının dərdini öz dərdi bilir və bunun üçün yollar arayır, çıxış yolu axtarırdı. Hələ sovet dönəmində imperiya qüvvələrinin xalqı milli-mənəvi dəyərlərindən uzaq salmağa çalışdığı bir vaxtda belə Azərbaycan-Türk mədəniyyətinin "bağlı yolları"nı açmağa çalışıb. Sovetlər Birliyinin dağılması ərəfəsində Azərbaycana rəhbərlik edənlərin imperiya cəlladlarına arxa-dayaq olmalarını, milli azadlıq uğrunda mübarizəyə qalxan xalqın qarşısına sipər çəkmələrini köləlik kimi dəyərləndirir, onları sərt şəkildə ittiham edirdi.
Azərbaycanın, Türk dünyasının ayrı-ayrı tarixi şəxsiyyətlərinə həsr etdiyi şeirlərində də milli istiqlal problemi bədii təcəssümünü tapmışdır. Bu mənada, onun "Atatürk", "Xəyalpərəst", "Zindanda", "M.Ə.Rəsulzadənin xatirəsinə", "Haqqa heykəl qoyuldu" və digər şeirləri maraq doğurur. "Atatürk" şeirində: "Atatürkün sinəsi, yurdun alınmaz qalası! Atatürk millətinin həm atası, həm balası", - deyən şair "Mən türkəm", "Ad günün mübarək" və bir sıra digər şeirlərində millətin adı ilə bağlı məsələlərə aydınlıq gətirir, qədim tarixə malik olan bir xalqa yeni ad axtaranlara özünün kəskin etirazını bildirirdi:
Sübutdur, dəlildir, ağlın qibləsi,
Dəyişə bilərsən adımı ancaq.
Canım çıxanadək qəlbimin səsi,
"Türkəm" - gerçəyini pıçıldayacaq.
Zümrüd QURBANQIZI,
"Respublika".