Bu, iki müttəfiq dövlətin elm və təhsil sahəsində daha böyük nailiyyətlər qazanmasına mühüm töhfədir
Milli məfkurənin formalaşmasında, ölkənin, cəmiyyətin hərtərəfli inkişafında elm və təhsil mühüm faktordur. Çünki yalnız yüksək intellektual potensiala malik ölkə tərəqqi edir, dərin bilikli, bütün elmlər üzrə məlumatlı, geniş dünyagörüşlü vətənpərvər gənc nəslə sahib olan xalq öz ana dilini, ərazi bütövlüyünü, dövlətçiliyini qoruyub möhkəmləndirə bilir.
Qloballaşan dünyada yenidən formalaşan münasibətlər sistemində cərəyan edən hadisələr, ilk növbədə, elm və təhsilin, dərin zəkanın, yüksək intellektin vacibliyini ortaya çıxarır. Məhz bu baxımdan, insan hüquq və azadlıqlarının maksimum səviyyədə qorunduğu, tolerantlığın həyat normasına çevrildiyi, milli-mənəvi dəyərlərə böyük önəm verildiyi ölkəmizdə milli təhsilin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində zəruri addımlar atılır ki, bu da ümumilikdə milli təhsilin forma və məzmunca dəyişməsinə, yeni təlim texnologiyalarının tətbiqinə imkan verir.
Yeni nəslin potensialını ölkənin tərəqqisinə yönəltmək, qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından səmərəli istifadə etməklə gənc mütəxəssislər, bütün sahələr üzrə bilikli kadrlar yetişdirmək, ölkəmizin ali təhsil sistemini məzmun və keyfiyyətcə beynəlxalq təcrübə əsasında müasirləşdirmək dövlət siyasətinin əsas prioritetlərindəndir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilir.
Ölkə gənclərinin yüksək səviyyəli, dünyəvi təhsil almaları üçün ulu öndərin hələ sovet dönəmində gördüyü işlər öz bəhrəsini vermiş, ittifaqın nüfuzlu ali məktəblərində təhsil alan gənclər respublikaya savadlı mütəxəssis kimi qayıtmışlar. Bu tendensiyanı uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən çoxsaylı Dövlət proqramları qəbul edilmiş, müxtəlif layihələr icra olunmuşdur. Bu günlərdə dövlət başçısı "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2022-ci il 28 fevral tarixli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən Dövlət Proqramının müddəti 2022-2028-ci ilədək uzadılıb. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin uğurlu təhsil siyasətinin təzahürüdür.
Respublikamızda ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması üçün müxtəlif layihələr həyata keçirilir. Milli təhsilin beynəlxalq təcrübəyə istinad olunması dünya reytinq cədvəllərində ilk yerlərdə qərarlaşan xarici ölkələrin universitetləri ilə ikitərəfli əlaqələrin qurulmasında, tələbə mübadiləsində, ikili diplom layihələrində öz əksini tapır. Azərbaycan ilə Türkiyə arasında elm, təhsil sahəsində əməkdaşlıq da qardaş ölkələrdə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib. Hər iki ölkənin ali təhsil müəssisələri arasında tələbə mübadiləsi, ikili diplom proqramlarının icrası, elmi-tədqiqat işlərinin aparılması bu sahədə qarşılıqlı əlaqələri daha da möhkəmləndirir.
Bu il aprel ayının 16-da Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında imzaladığı Fərman iki müttəfiq dövlətin elm və təhsil sahəsində daha böyük nailiyyətlər qazanmasına mühüm töhfədir. Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatında ölkə başçımız bu ali təhsil müəssisəsinin əhəmiyyətini bir daha vurğulamışdır: "Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir". TAU-nun iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini deyən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ali təhsil ocağının iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacağını bildirib.
Dostluq, qardaşlıq təməlləri üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri etibarlı tərəfdaşlıq, əməkdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ölkələrimizin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarını birləşdirir. Bəyannamə xalqlar arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, o cümlədən hərbi təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirilməsini və dərinləşdirilməsini ehtiva edir. Bu məqsədlə, iki ölkənin aidiyyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətin həyata keçirilməsi zərurətə çevrilir. Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, qardaş Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa yeni töhfə olan Türkiyə-Azərbaycan Universiteti (TAU) artıq yeni tədris ilindən tələbələrini qarşılamağa tam hazırdır. Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərəcək TAU-da Orta Şərq Texniki Universiteti ilə birgə kompüter mühəndisliyi, İstanbul Texniki Universiteti ilə birgə sənaye mühəndisliyi və Hacettepe Universiteti ilə birgə qida mühəndisliyi ixtisasları üzrə tədris təşkil olunacaq: "Gənclərimizi ali təhsil sahəsində həyata keçirilən belə əhəmiyyətli layihələrdən fəal şəkildə yararlanmağa çağırıram. Ölkəmiz və təhsilimiz üçün uğurlu olsun".
Dərin tarixi köklərə əsaslanan bu doğma münasibətləri elm, təhsil sahəsində daha da möhkəmləndirmək, gənc nəsli ortaq dəyərlər prinsipi əsasında tərbiyələndirmək xalqlarımız arasında əlaqələrin inkişafına, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətlərinin gündən-günə güclənməsinə geniş imkan yaradır.
Mehparə ƏLİYEVA,
"Respublika".