Türkiyədə pulsuz HPV peyvəndi tətbiq olunmağa başlayıb
Maraqlı

Türkiyədə pulsuz HPV peyvəndi tətbiq olunmağa başlayıb

Kaliforniya Universitetində aparılan araşdırmalara görə, uşaqlıq boynu xərçəngindən dünyasını dəyişən qadınların demək olar ki, hamısında insan papilloma virus infeksiyasının onkogen və qeyri-onkogen tipləri aşkarlanmışdır. Bu, bir daha sübut edir ki, uşaqlıq boynu xərçənginin yaranmasının etimologiyasında HPV-insan papilloma virusu durur. Dünyada HPV infeksiyasına yoluxmanın profilaktikası üçün peyvəndlərdən də istifadə olunur. Bəzən qadınlar səhvən düşünürlər ki, bu peyvənd xərçəng yaradır və ya insan papilloma virusunu müalicə edir. Amma bu, əslində belə deyil. Peyvənd HPV infeksiyasına yoluxmadan öncə vurulmalıdır, çünki bu peyvəndlər infeksiyasını yox etmir, sadəcə HPV-yə qarşı qanda antigenlər yaradır. Peyvəndlər adətən 11-26 yaş arasında vurulmalıdır (45 yaşa qədər vurmaq mümkündür).

HPV peyvəndi HPV infeksiyalarından qoruyur, yaşa görə iki və ya üç dozada tətbiq olunur və bu infeksiyaların genital ziyil və ya xərçəngə səbəb olmasının qarşısını alır. HPV peyvəndi  ABŞ,  Almaniya, BƏƏ və Fransada  2007-ci ildən, Böyük Britaniya, Belçika,  İrlandiya, Hollandiya, İsveçrə və Kanadada isə 2008-ci ildən həyata keçirilir.  Cinsindən asılı olmayaraq 18 yaşa qədər hər kəsə pulsuz vurulur. 2013-cü ildə Yaponiya Səhiyyə Nazirliyi HPV peyvəndinə qarşı çıxaraq peyvəndi tövsiyə etməyi dayandırmışdı. 2022-ci ilin əvvəlində bu qərarın səhv olduğunu anlayıb və peyvəndi yenidən tövsiyə etməyə başlayıb.

Türkiyədə HPV (Human Papilloma Virus) virusunun törətdiyi xərçəng xəstəliyi son illərdə daha çox artıb. Sağlamlığı təhdid edən bu virusla mübarizə aparmaq üçün may ayının 16-dan İstanbul və Ankara  Böyükşəhər Bələdiyyələri tərəfindən pulsuz HPV peyvəndinə başlanılıb. Peyvənd ilk növbədə, sosial-iqtisadi məhrumiyyətlərdən əziyyət çəkən, 9-26 yaş arası şəxslərə tətbiq olunur. Peyvənd təyinat sifarişinə uyğun olaraq  vurulur. Peyvənd üçün müəyyən edilmiş kriteriyalara cavab verən və müraciətləri təsdiqlənən xəstələr İBB Səhiyyə İdarəsinin nəzdində fəaliyyət göstərən bir sıra Xalq Sağlamlığı Mərkəzlərinə gələrək pulsuz peyvənd edilə biləcəklər. Effektiv mühafizənin təmin edilməsi məqsədilə peyvənd 9-15 yaş arası şəxslər üçün iki dozada, 15 yaşdan yuxarı şəxslər üçün isə üç dozada həyata keçiriləcək, yaşdan asılı olaraq müəyyən müddətdə digər dozalar tələb olunacaq.

''HPV oxşar tipli viruslar qrupuna verilən addır. Virusun adı Human Papilloma virusudur. HPV-yə ən çox cinsi yolla keçən xəstəliklərdə rast gəlinir. Bu virusun 100-dən çox növü var. Bəzi növlər ziyillərə, bəziləri də uşaqlıq boynu xərçənginə səbəb ola bilər. Uşaqlıq boynu xərçəngi hallarının 99 faizində HPV aşkar edilmişdir. Virusun bəzi başqa xərçənglərə də səbəb olduğu məlumdur''. Bu fikri mövzu ilə bağlı açıqlamasında Qadın Xəstəlikləri, Doğum, Süni mayalanma və Onkoloji-Ginekologiya üzrə mütəxəssis-həkim Məlahət Atasevər deyib. Onun sözlərinə görə, Türkiyədə  HPV virusunun geniş yayılmaması  üçün dövlət tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir və dövlət xəstəxanalarında qadınların HPV, DNA və Smear  testlərindən ödənişsiz  keçmələri təmin edilir.  Bu testlər hər 5 ildən bir təkrar olunur və xəstəlik erkən diaqnozla aşkar edilərək müalicə olunur.  Hər xərçəng xəstəliyi ölümə yol açmır. Əsas odur ki, xəstəliyə  yol açan hüceyrələr  HPV, DNA və Smear testi ilə erkən aşkarlansın və müalicə olunsun.

Hazırda dünyada hər 3 qadından birində  uşaqlıq boynu xərçəngi aşkar edilir. Bu da minlərlə sönən ocaq,  dünyasını dəyişən ana, başsız qalan ailə deməkdir.

Onu da qeyd edək ki, HPV ilə mübarizədə peyvənd xüsusi əhəmiyyət kəsb edir. Peyvənd laboratoriya mühitində yaradılan və bu virusla 100% bənzərlik daşıyan içi boş bir quruluşa malikdir. Buna görə də virus xəstəlik əmələ gətirmə ehtimalı olmadan bədənə yeridilir və tanıdılır, bunun nəticəsində də immun sistemi bu virusa qarşı müdafiə sistemi yaradır. Bədənin sonradan həqiqi virusla qarşılaşması zamanı müdafiə sistemi olduğu üçün virusun orqanizmə təsir etmədən məhv edilməsi mümkün olur.

Esmira  YAZKAN  ASLANOVA,

"Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.