Vaşinqton Aİ üzvlərinin “qızıl qəfəsdən” azad olmasını istəmir
Siyasət

Vaşinqton Aİ üzvlərinin “qızıl qəfəsdən” azad olmasını istəmir

Macarıstan Baş naziri Viktor Orbanın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirakına ilk reaksiya Avropa İttifaqının xarici işlər üzrə komissarı Cozep Borreldən gəlib. O, Orbanın Avropa İttifaqını (Aİ) Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində təmsil etmək səlahiyyəti olmadığını bildirib.

Qeyd edim ki, Avropa İttifaqı Orbanın Moskvaya səfəri zamanı da bənzər reaksiya vermişdi. Bu mənada, Cozep Borrelin reaksiyası təəccüblü deyil. Lakin bununla belə reaksiya əsassız və məntiqsizdir. Məsələ ondadır ki, Macarıstan TDT-də müşahidəçi statusuna malikdir və Orban Şuşada keçirilən sammitdə buna görə iştirak edib. Yəni o, sammitdə Aİ-ni təmsil etməyib. Ümumiyyətlə, alyansın üzv ölkələrə başqa təşkilatda təmsil olunmağı qadağan etmə hüququ yoxdur. Aydın məsələdir ki, Cozep Borrelin reaksiyası nə Orbanın TDT-nin sammitində iştirak etməsi ilə, nə də bu iştirakın Aİ maraqları çərçivəsində olmaması ilə bağlıdır.

Müqayisə üçün deyim ki, Orban bir çox Avropa liderindən fərqli olaraq nə boş söz deyir, nə də yerində sayır. O, konkret addımlar ataraq real işlər görməyə çalışır. Orban Rusiya-Ukrayna müharibəsinin həm Aİ, həm də dünya miqyasında riskli bir hala gəldiyinin fərqindədir. Prosesin ən qısa zamanda həlli üçün real addımın atılmalı olduğunu da dəfələrlə deyib. Bir neçə gün öncə isə o, Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Daha sonra TDT-nin sammitində iştirak üçün Şuşaya gəlib. Sammitin ardınca isə Macarıstanın Baş naziri Pekinə səfər etdi. Orbanın Avropa liderləri arasında xüsusi aktivlik göstərməsi, görünür, bəzi dairələri narahat edir.

Hazırda Avropa İttifaqının ABŞ-ın təsirindən çıxıb müstəqil bir blok kimi xarici siyasət yürütməsini dəstəkləyən qüvvələr var. Orban da bu qüvvələrdəndir. Lakin Vaşinqton Aİ üzvlərinin "qızıl qəfəsdən" azad olmasını istəmir. Cozep Borrelin etirazı əslində Ağ Evin etirazıdır.

Tarixi aspektdən baxdıqda, Macarıstan XVI əsrə, Osmanlı sultanı Qanuni Süleyman tərəfindən fəth edilənə qədər Avropada əsas aparıcı siyasi güc idi. Görünən odur ki, aradan keçən 500 ildən sonra rəsmi Budapeşt Viktor Orbanın timsalında Avropa siyasətində aparıcı güc olmağa qərarlıdır. Baş nazirin bu çətin missiyanın öhdəsindən gəlib-gəlməyəcəyini təbii ki, zaman göstərəcək. Amma bütün hallarda o, Avropada real işlər görən nadir liderlərdəndir.

Turan RZAYEV,

politoloq.