Vətənin qəhrəman övladları unudulmur
ORDU

Vətənin qəhrəman övladları unudulmur

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında igidlik göstərib, düşmənlə qeyi-bərabər döyüşlərə qatılıb torpaqlarımızın müdafiəsi uğrunda canından keçən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Vətən övladları heç vaxt unudulmur, xatirələri xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulur. Onların ömür yolları gənclərimizə vətənpərvərlik nümunəsidir. Bu gün doğum günü olan Milli qəhrəmanlarımızdan olan Etibar Əliyev və Rafiq Alıcanov da bu igidlərimiz sırasındadır.

Etibar Əliyev 1955-ci ildə iyulun 11-də Lənkəran şəhərində anadan olub. Lənkəran şəhər 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnib. 1973-cü ildə hərbi xidmətə çağırılıb, 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurub doğma yurda dönüb və Lənkəran şəhər Əhaliyə Məişət Xidməti İdarəsində əmək fəaliyyətinə başlayıb. Bir müddət burada çalışdıqdan sonra Lənkəran Konserv Kombinatında, sonra isə “Sevinc” kiçik müəssisəsində işləyib. O, respublikada baş verən ictimai-siyasi hadisələrdə yaxından iştirak edib, Xalq Hərəkatının liderlərindən biri olub. Milli Qəhrəman Etibar Əliyevi 1990-cı ildə keçmiş Sovet Ordusunun əsgərləri 30 gün həbsdə saxlasalar da, onu yolundan döndərə bilməyiblər.

Ölkənin başını qara buludlar aldığı vaxtlarda Etibar öz doğma el-obasına dayaq olub. 1993-cü il avqustun 23-də “Talış-Muğan Respublikası” yaratmaq iddiası ilə dövlətimizi parçalamağa can atan bir qrup azğın separatçı Azərbaycanın cənub bölgəsində qarışıqlıq yaradıb. Keçirilən əməliyyatlarda Etibar Əliyev xüsusi fəallıq göstərib. O, Vətənin bütövlüyü, suverenliyi yolunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Prezident Heydər Əliyevin 1993-cü il 24 avqust tarixli Fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Lənkəran şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Lənkəran şəhərində adına küçə var. Şəhərin “23 Avqust” meydanında büstü qoyulub.

Milli qəhrəmanımız Rafiq Alıcanov 1965-ci il iyul ayının 11-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. Kiçik yaşlarında ailəsi ilə Ağstafa rayonunun Köçvəli kəndinə köçən Rafiq orta təhsilini bu məktəbdə alıb. Sonra təhsilinə Kalininqrad Ali Hərbi Mühəndislik Məktəbinə daxil olmaqla davam etdirən qəhrəmanımız sənətinin peşəkarı olaraq Sovet İttifaqı Silahlı Qüvvələrində xidmətə başlayıb. Vətənin igid oğlu ilk günlərdən doğma yurda qayıtmaq üçün müraciətlər etsə də, yalnız 1992-ci ilin avqustunda istəyinə nail ola bilib. Vətənə qayıdan Rafiq ilk günlərdən mühəndis-istehkam qoşunlarının yaranması və formalaşmasında xüsusi xidmətlər göstərib. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Goranboy, Ağdərə, Tərtər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Naxçıvanda kapitan Rafiq Alıcanov döyüşüb, düşmənə layiqli cavab verərək şücaət göstərib. O, döyüşlərdə son dərəcə təhlükəli tapşırıqlara rəhbərlik edib, yüzlərlə döyüşçünü ölümdən xilas edib, düşmənə həm texnika, həm də canlı qüvvə sarıdan xeyli zərbə vurub.

1993-cü ilin payızında Füzuli rayonu uğrunda gedən döyüşlərdə xüsusi cəsarət və igidlik göstərən Rafiq Alıcanov ağır yaralanaraq əsir düşüb. Düşmənin ağır işgəncələrinə məruz qalıb şəhadətə yüksələn Vətənin igid oğlu öz şərəfli ölümü ilə Azərbaycan zabitinin məğlubedilməzliyinin simvoluna çevrilib. Qəhrəmanımız Köçvəlli kəndində dəfn edilib.

Vətən qarşısındakı misilsiz xidmətlərinə görə kapitan Rafiq Alıcanov ölümündən sonra Prezident Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Qəhrəmanımızın xatirəsi əziz tutularaq Ağstafa şəhərinin mərkəzində büstü qoyulub, Köçvəli kənd orta məktəbinə və Ağstafa şəhərinin mərkəzində yerləşən parka onun adı verilib. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində və Ağstafa rayonunun mərkəzində yerləşən küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

Bayram SALMANOV,

"Respublika".