Azərbaycan idmançılarının Paris Yay Olimpiya Oyunlarında göstərdikləri nəticə, ölkəmizin dünyanın ən güclü 30 ölkəsi arasında yer alması böyük nailiyyətdir və əldə olunan uğur sübuta yetirir ki, Azərbaycan güclü idman dövlətidir. Bunun isə başlıca səbəbi, təbii ki, digər sahələr kimi, idmana da böyük diqqət və qayğı ilə bağlıdır.
Prezident İlham Əliyevin gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə, sağlam həyat tərzinə, idmana verdiyi yüksək önəm bu gün Azərbaycan idmançılarının Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında əldə etdikləri uğurları şərtləndirən başlıca amil kimi dəyərləndirilməlidir.
İdmançılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər, bayrağımızı ucaltmaları, Dövlət Himnimizi səsləndirmələri Azərbaycana şərəf gətirən amillərdir. Bu nailiyyətlərin Olimpiya oyunlarında əldə olunması isə ikiqat sevincdir. Çünki cənab Prezidentin də dediyi kimi, Olimpiya oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutur və dörd ildən bir keçirilir. Hər bir idmançı, hər bir ölkə bu oyunlara xüsusilə hazırlaşır. Olimpiya oyunlarındakı uğurlarımız Azərbaycanda idmanın inkişafının göstəricisidir. Təsadüfi deyil ki, biz 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmaqla bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq.
Cənab Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı mühüm bir məqama diqqət çəkdi və idmançılarımızın istər yarışlarda, istərsə də həyatda nümunəvi davranış qaydaları ilə hər bir azərbaycanlını sevindirdiklərini vurğuladı. Həqiqətən də olimpiyaçılarımız, xüsusilə də qızıl medal qazanan, digər yüksək mükafatlara layiq görülən idmançılarımız öz davranışları ilə yüksək idman mədəniyyəti nümayiş etdirməklə yanaşı, güclü və ədalətli vətəndaş obrazını da təqdim etməyi bacardılar.
Qazanılan bu qələbələr sadəcə bir idman qələbəsi deyil, çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada təbliğ edir. Bu qələbələr idmanın kütləviliyinin təminatıdır. Yəni yarışlarda qazanılan qələbələrin, uğurların böyük mənası var.
Yusif BAĞIRZADƏ,
politoloq.