Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayır
Elm və təhsil

Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayır

30 ilə yaxın müddətdən sonra Azərbaycanın tarixi torpaqlarında ali təhsilin bərpası olduqca böyük hadisədir. Qeyd edim ki, hazırda ölkəmizdə fəaliyyət göstərən 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Xankəndidə Qarabağ Universitetinin yaradılması mühüm tarixi əhəmiyyət kəsb edir. Universitetin 2024-2025-ci tədris ili üçün qəbul planı 1200 nəfərdir. Bu, bir mənalı şəkildə tarixi torpaqlarımızda ixtisaslı kadrlara olan ehtiyacın aradan qalxmasına töhfə verəcək. İkinci vacib məqam isə  burada çalışacaq müəllim heyəti ilə bağlıdır. Belə ki,  artıq bu istiqamətdə işlər davam edir. Qarabağ Universitetinin qrup rəhbəri təsdiqlənib və bu olduqca yaxşı bir haldır. Digər tərəfdən, burada tələbələr ödənişsiz oxumaqla yanaşı, həmçinin dövlət tərəfindən kompüterlərlə də təmin olunacaqlar. Yataqxanalar pulsuz olacaq. Universitetdə beynəlxalq standartlara cavab verən laboratoriyalar qurulub. Təbii ki, universitetin əsas hədəfi beynəlxalq səviyyəyə yüksəlməkdir. Digər  vacib məqam  universitetə xaricdən gələn tələbələrin qəbul məsələsidir. Buna daha çox diqqət yetirmək lazımdır. Həmçinin ingilis bölməsinin olmasına diqqət yetirmək çox vacibdir.

Ali təhsil müəssisəsində hüquq fakültəsi də açılmalıdır. Çünki şahidi olduq ki, keçmiş Qarabağ münaqişəsi zamanı ən böyük problemlərimizdən biri həmin ərazilərdə hüquq-mühafizə orqanlarında azərbaycanlı kadrların olmaması idi. Hesab edirəm ki, universitetdə müasir standartlara cavab verən laboratoriyalar, elektron kitabxanalar qurulmalıdır ki, xarici ölkədən gələn tələbələr bura daha çox maraq göstərsinlər. Bu həm universitetin reytinqi, həm də ali təhsil müəssisəsinin keyfiyyəti üçün vacibdir. Bu gün ali təhsil müəssisələrimizdə bu yoxdur. Qarabağ universiteti ümumilikdə Azərbaycanda ali təhsil məkanında yeni rəqabət mühiti yaradacaq. Çünki artıq yüksək ballı abituriyentlər daha çox Qarabağ universitetində oxumaq istəyirlər. Bu da Bakıda yerləşən universitetlərin yüksək bal toplamış 1200 tələbəsinin  Qarabağ universitetində təhsil alması deməkdir. Artıq  orada çalışacaq müəllim heyətinin müəyyənləşdirilməsi prosesi yekunlaşmaq üzrədir. Hesab edirəm ki, orada müasir standartlara cavab verən tədris prosesi qurulmalı, mütləq şəkildə beynəlxalq elmi konfranslar keçirilməlidir.

Kamran ƏSƏDOV,

təhsil üzrə ekspert.