Xocalı hava limanı strateji əhəmiyyət daşıyacaq
Siyasət

Xocalı hava limanı strateji əhəmiyyət daşıyacaq

Xocalı hava limanı... Bu məkan Azərbaycan üçün təkcə strateji deyil, həm də mənəvi baxımdan olduqca əhəmiyyətlidir. Nəhayət, uzun illərdən sonra Xocalı hava limanı yenidən Azərbaycanın nəzarətinə keçib. İndi Qarabağın hər nöqtəsində olduğu kimi, burada da üçrəngli bayrağımız qürurla dalğalanır.

Azərbaycan və Rusiya ali rəhbərliyinin razılaşmasına əsasən Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının vaxtından əvvəl çıxarılması prosesi davam edir. Hərbi kontingentin əsas dislokasiya mərkəzi də məhz Xocalıda yerləşirdi. Sülhməramlıların şəhəri tərk etməsi o deməkdir ki, artıq aeroport tamamilə nəzarətimizə keçir.

Aeroport 1974-cü ildə istifadəyə verilib və Xankəndi şəhərindən 10 kilometr aralıda yerləşir. Birinci Qarabağ müharibəsinə qədər hava limanı İrəvan-Xankəndi reysləri üzrə daşımaları həyata keçirib. Birinci Qarabağ müharibəsi zamanı strateji əhəmiyyətinə görə ermənilərin əsas işğal hədəflərindən biri olub. 1992-ci ildə Xocalının işğalından sonra hava limanı dağıdılıb və bundan sonra fəaliyyətini tamamilə dayandırıb. 2009-cu ildə xunta rejimi tərəfindən İrəvandan və geriyə təyyarələrin uçuşunu təmin etmək məqsədilə əsaslı təmir işləri başlanılıb. 2012-ci ildə "Stepanakert hava limanı" adı ilə açılsa da, Azərbaycanın xəbərdarlığı nəticəsində heç bir uçuş baş tutmayıb.

Ermənistan rəhbərləri və separatçı rejimin nümayəndələri işğal dövründə dəfələrlə Xocalı aeroportunun açılmasına çalışsalar da, istəklərinə çata bilməyiblər. Əvvəlcə Ermənistanın sabiq dövlət başçısı Serjik Sarkisyan, daha sonra isə qondarma rejimin "dövlət naziri" Ruben Vardanyan Xocalı hava limanının açılmasına cəhd göstərmişdilər. Lakin Azərbaycan dövləti onların xəyallarının gerçəkləşməsinə imkan vermədi. Hələ bir zamanlar Ermənistanın sabiq prezidenti, Serjik Sarkisyan bu hava limanı haqqında boğazdan yuxarı bəyanatlar da vermişdi. O bildirirdi ki, İrəvandan Xocalıya uçan ilk təyyarənin sərnişini özü olacaq. Amma Azərbaycanın sərt reaksiyası ilə qarşılaşıb geriyə addım atmalı oldu. Əslində, qatil Serjik dəfələrlə bu cür "qəhrəman" obrazına girsə də, sonda öz miskin görkəminə qayıtmalı olub. Məsələn, o, 44 günlük Vətən müharibəsi başlayanda Xankəndiyə gəlmiş və sona qədər döyüşəcəklərini desə də, ordumuzun bölmələrinin Şuşaya çatması ilə, aradan çıxması "bir dəqiqəlik" olmuşdu.

Separatçı rejimin mövcud olduğu dövrdə "dövlət naziri" Ruben Vardanyan da hava limanının açılmasına ciddi səy göstərmiş, bunun üçün hər fürsəti dəyərləndirməyə çalışmışdı. Vardanyan qurduğu "blokada" şousunda beynəlxalq ictimaiyyətə çağırışlar edərək hava dəhlizinin açılmasının Qarabağda yaşayan ermənilər üçün vəziyyəti kökündən dəyişə biləcək yeganə həll yolu olduğunu deyirdi. İşğalçılar elə hesab edirdilər ki, bəzi Avropa ölkələrinin və Amerika Birləşmiş Ştatlarının təzyiqləri bu məqsədlərinə çatmağa kömək edəcək. Amma rəsmi Bakının atdığı qəti addımlar Vardanyanın planlarını puça çıxardı.

İkinci Qarabağ müharibəsindən sonra Xocalı hava limanı ilə bağlı yayılan digər şayiə sülhməramlılarla əlaqədar olub. Ölkə daxilində və xaricində bəziləri guya rus hərbçilərinin buranı heç vaxt tərk etməyəcəyini deyirdilər. Bu gün isə gördüyümüz mənzərə tam başqadır. Hadisələrin ssenarisi tam olaraq Azərbaycanın maraqlarına uyğun gəlir. Yəqin ki, qısa müddətdən sonra Bakı-Xankəndi reysi öz funksiyasını yerinə yetirəcək. Bununla da Xocalı hava limanı Qarabağ regionunda Füzuli, Zəngilan və hazırda inşası davam edən Laçın hava limanlarından sonra 4-cü hava limanı olacaq. Bu hava limanından həm mülki vətəndaşların daşınmasında, həm də hərbi məqsədlər üçün istifadə edilə bilər. Hərbi ekspertlərin fikrincə, hətta lazım gəldikdə hərbi helikopterlərimizin, təyyarələrimizin, PUA-larımızın da bu hava limanından istifadəsi mümkündür. Bununla yanaşı, Xocalı hava limanı Ağdam, Xankəndi və Ağdərənin turizm imkanlarını genişləndirə bilər.

Xocalı hava limanının adı çəkilərkən sössüz ki, yadımıza Milli Qəhrəman Əlif Hacıyev düşür. Xocalı döyüşlərində həlak olan Əlif Hacıyev 1990-cı ilin sonlarında Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinin rəisi vəzifəsində çalışıb. O, Xocalı aeroportunun hərbi komendatı olub.

Musa BAĞIRLI,

"Respublika".