Xocalıda 50 evin çırağı yanacaq
Sosial həyat

Xocalıda 50 evin çırağı yanacaq

"Təsəvvür edin, elə bir vəziyyət hökm sürürdü ki, mən körpə uşağımı boğmağa məcbur oldum. Çünki səsi çıxsa, bizi ölməkdən betər edəcəkdilər".

Qarlı, boranlı bir qış, buzun üstündə donan günahsız insanların qanı, körpə fəryadları və vahimə dolu gecə… Hər nə qədər kino ssenarisindən bir fraqmentə bənzəsə də, bunlar Xocalı sakini Müşkünaz Əhmədovanın yaşadıqlarını özündə əks etdirir. Bir ananın dünyanın ən şirin neməti olan balasını çarəsizlikdən öldürməsi qədər ağrılı-acılı ikinci faciə ola bilməz. Elə buna görə də Xocalının işğal olunduğu gecə tarixin ən amansız günü kimi yaddaşımıza yazılıb. Çünki burada söhbət yalnız torpaq itkisindən yox, amansız işgəncələrdən, ömürlük zədələrdən gedir. Bu səbəbdən də illərlə Xocalıya ədalət istədik. Haqq səsimiz eşidilsin, ədalətsizliyə göz yumulmasın dedik.

Biz istədik ki, xocalılıların başına gətirilənlərə siyasi qiymət verilsin, dünyanın heç yerində daha belə hadisələr yaşanmasın. Amma bir gecənin qurbanlarına çevrilmiş xocalılıların diri-diri tonqallara atılması, sinələrinə dağ basılması, nəinki əsir və girov aparılanların, hətta qəddarcasına qətlə yetirilənlərin meyitlərinin təhqir edilməsi barədə ötən müddət ərzində fəryad qoparılsa da, bu haqsızlığa göz yumuldu. Buna görə də Azərbaycan ədaləti güc yolu ilə bərpa etdi. 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilən birgünlük antiterror tədbirləri nəticəsində Xocalı, Xocavənd, Xankəndi və Əsgəran şəhərləri separatçılardan təmizlənərək işğaldan azad edildi. Antiterror tədbirləri uğurla başa çatdıqdan dərhal sonra Xocalının bərpasına başlanıldı. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hazırda Xocalı şəhərində və ayrı-ayrı kəndlərdə irimiqyaslı layihələr həyata keçirilir. Üç onillik ərzində məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qalan xocalılıların qayıdışını təmin etmək üçün burada ilk növbədə zəruri infrastruktur qurulur. Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb. Layihələrin icrasına müxtəlif şirkətlər cəlb olunub. "Bakı Abadlıq Xidməti" MMC Xocalı şəhərinin bərpa və yenidən qurulmasında yaxından iştirak edir. Sözügedən qurumun landşaft memarı Ahmet Eren bildirib ki, Xocalıda çayın kənarı Laçında, Həkəri çayı ətrafında salınmış bulvar kimi gəzinti və istirahət yerinə çevriləcək. İlk sakinlərin köçməsi ilə şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. Bundan başqa, qurum Kərkicahan qəsəbəsi, Malıbəyli və Turşsu kəndlərinin bərpasında da iştirak edəcək. Adıçəkilən yaşayış məntəqələrinin bərpası və yenidən qurulması tədbirlərinə başlamaq məqsədilə şirkətlə 152 milyon 247 min 600 manat məbləğində müqavilə imzalanıb. Xocalı şəhəri dağıntılarla bərabər, ekoloji terrora da məruz qalıb. Yabanı bitkilərdən, məişət tullantılarından təmizləmə işləri davam edir. Tullantıların yığılması üçün 10 hektar sahədə poliqon yaradılacaq. Təmir-bərpa işləri ilə yanaşı, Xocalı ətrafındakı meşəlik ərazilər də minalardan təmizlənir.

Bütün bunların fonunda bir zamanlar ayaqyalın didərgin düşdüyümüz Qarabağ torpaqlarına, bəşəriyyətin ən böyük faciəsi, insanlığa vurulan ən ağır zərbənin yaşandığı Xocalıya indi alnıaçıq, üzüağ qayıdırıq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev məlumat verib ki, yaxın günlərdə şəhərdə bərpa edilmiş və yenidən tikilmiş fərdi yaşayış evlərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Həmçinin Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində Xocalı şəhəri yenidən salınır.

Vaxtilə soyqırımı və dağıntılara məruz qoyulan Xocalının azad olunması və dərhal bərpasına başlanılması mənəvi baxımdan çox böyük əhəmiyyət daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Bu gün biz qalibik, düşmən diz çöküb, amma unutmayaq ki, unutmaq, tədbirsizlik hər zaman tənəzzülə səbəb olur. Ona görə də Xocalı soyqırımı gücümüzə güc qatmalıdır. Unutmayaq ki, düşmən zəiflədiyimiz an baş qaldırıb bizi yıxmağa çalışacaq. Odur ki, sevincimizi doya-doya yaşasaq da, bu müddətdə tədbiri əldən verməməliyik.

Jalə QASIMZADƏ,

"Respublika".