Xocalının iki gözü: biri kədər, biri sevinc
Sosial həyat

Xocalının iki gözü: biri kədər, biri sevinc

Yazın axır ayı olmasına baxmayaraq, Qarabağın təbiəti ilahi rənglərin yaratdığı sehirli bir tabloya bənzəyir. Hava mülayimdir, günəş dağların arxasından boylanır, şəfəqlər çiçəklərin, yarpaqların üzərində sanki rəqs edir, dağlar, dərələr, yastı təpələr gömgöydür, gen dərələrin arasıyla keçmiş faciənin baş verdiyi Qarqar çayı ötüb keçir. Səfərimiz Xocalıya, qədim yurd yerimizə, tariximizin ən acı və şərəfli səhifəsi yazılmış ellərə, ləyaqətli qayıdışın yeni ünvanınadır. Xocalının tən ortasından keçən Badara çayında bu il su boldur, ləpələr həzin-həzin sahili döyəcləyir və çayın kənarlarında yaz çiçəkləri bir-birinə sarmaşıb. Xocalıya qədər yolumuz yeni Ağdamdan keçir, hər tərəfdə quruculuq işləri gedir, Ağdam-Əsgəran yolunun tikintisində ağır texnikaların səsi ətrafı bürüyüb, yol genişləndirilir, yatağında bərkitmə işləri aparılır. Ağdamı keçəndən sonra isti havanın nəbzi bir qədər dəyişir, sərin meh üz-gözümüzü oxşayır. Keşməkeşli tariximizin canlı şahidi Əsgəran qalasına çatırıq. Bu qəsəbədə vaxtilə ermənilər yaşayıb və qədim yurd yerimizi erməniləşdirməyə cəhd ediblər. Küçələrin adı erməni dilindədir, bu yerlərdə sonradan məskunlaşdırılan haylar buranın yerli sakinləri olan azərbaycanlıları Əsgərandan didərgin salıblar. Əsgəran indi öz milli görkəminə qaytarılır, qədim qala divarları bura gələn müsafirləri, yerli sakinləri əzəmətilə qarşılayır.

Əsgəranı keçib Xocalıya tərəf yol alırıq. Mübaliğəsiz demək olar ki, hələ uzaqdan baxanda Xocalı böyük tikinti meydançasını xatırladır. Yük avtomobilləri şütüyür, qaldırıcı kranların qülləsi yelləncək kimi yellənir. Ustalar, yaşıllıq işçiləri, həvəslə, ruh yüksəkliyi ilə çalışır, Xocalının yeni simasını yaradır, qələbə ruhunu dirçəldirlər. Xocalı müasir, modern, tarixi cizgilərin kəsişdiyi yurddur, burada keçmişin qəm, kədər, acı göz yaşları indi sevinc göz yaşlarına çevrilib. Xocalının iki gözü var, bu fikir sakinlərin söhbətində daha qabarıq göründü, həqiqətən onların bir gözü şəhidlər, doğmalar, itkinlər üçün ağlayır, o biri gözü isə fərəhdən, qürurdan, şərəfli qayıdışdan sevinclə parıldayırdı. Xocalı iki gözün, iki həqiqətin, iki ruhun, iki məhəbbətin şəhəridir.

Mayın 28-də Xocalı öz sakinlərini qarşıladı. Keçmiş məcburi köçkünlərin həsrətlə gözlədikləri anlara şahidlik edirik, yurd nisgilli insanlar toy-bayramla, şükranlıqla, sevinc göz yaşları ilə yenidən qurulan, gözəlləşən, ecazkar bir görkəm alan Xocalıya qayıdırlar. Burada hər daş parçası, hər ağac, hər cığır bir xatirədir, kədərin və sevincin qol-boyun olduğu ümmandır Xocalı. Burada misli görünməyən quruculuq işləri sürətlə, keyfiyyətlə, modern üslubda, milli memarlıq ənənələri əsasında aparılır. Dirçəliş, qalibiyyət, güc, həvəs təkcə quruculuq işlərində deyil, bu, həm də insanların mənəviyyatında, arzularında baş verir. Xocalılılardan kimi dindirsən mütləq keçmişdən söz açır, o ağrıları sanki yenidən yaşayır: "Ermənilər oğlumu o qayanın yanında vurdular, qardaşımın ailəsi Kətik meşəsində itkin düşdü, qonşumuzu çayın sahilində öldürdülər, bax o ağacın yanında yaralandım", - deyərək dəhşətli günlər haqqında danışırlar. Sonra da şükranlıq edir, doğma yurda qayıdış üçün Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevə, müzəffər ordumuza minnətdarlıq edir, qazilərə sağlamlıq arzulayırlar. Qırılan talelərin, məhv edilən arzuların şahidi olan Xocalıda indi şərəf, qürur, iftixar, ləyaqətli qayıdış təntənəsi yaşanır. Xocalılıların yurda qayıdışı çox böyük tarixi hadisədir, düşmənlərimizin gözləmədiyi, ağlına gətirə bilmədiyi hadisədir. Xocalı sözü yazılmış lövhənin yanında dayanırıq, bu lövhə sanki dil açıb deyir ki, xoş gəlmisiniz. Lövhənin qarşısında şəkil çəkdiririk, 30 ildən sonra Xocalıya səfərimizdən xoş xatirə kimi.

Yeni dövr – şərəfli, ləyaqətli qayıdış

Keçmiş məcburi köçkünlərin inamı öz təsdiqini tapıb, ümidlər doğrulub, erməni işğalı nəticəsində əziyyət və yurd həsrəti çəkmiş soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdır, bir-birinə gözaydınlığı verir, məcburi köçkün yükündən xilas olduqları üçün özlərini xoşbəxt hesab edirlər. Azərbaycan dünyada yeganə ölkədir ki, ağır müharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarda bərpa-yenidənqurma işlərinə başlayıb. Gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində bölgədə genişmiqyaslı tədbirlər həyata keçirilir və gələcək illərdə adıçəkilən bölgələrin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən istifadə ediləcək.

Odlar Yurdunun ən qədim yaşayış məskəni hesab olunan Xocalı Ağdam şəhərindən 18, Xankəndidən 14 kilometr məsafədə Qarabağ silsiləsinin ətəyində yerləşir. Qızqala və Qırxqız dağları bu qədim yurd yerinin ən uca zirvəsidir. Xocalı ərazisindən Badara və Qarqar çayları keçir. Burada qarağac, fıstıq, cökə, ağcaqayın ağacları ilə zəngin meşə örtüyü olub. Təəssüf ki, xain düşmən işğal illərində həmin meşə zolaqlarını doğrayaraq məhv edib. Xocalı həm də qədim memarlıq və ilk mədəniyyət abidələri ilə tarixin ən dərin qatlarını özündə yaşadır. Təəssüf ki, ötən əsrin 90-cı illərində şovinist ermənilər həmin abidələrin böyük əksəriyyətini dağıdıb, ərazidəki 4 alban kilsəsini isə erməniləşdirməyə cəhd ediblər. İşğala qədər əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olub.

Hazırda Xocalıda geniş bərpa-quruculuq işləri davam etdirilir. Xocalı 8 aya ərsəyə gələn möcüzədir, müasir, modern bu şəhər öz sakinlərinə qucaq açıb. Ağdam-Xankəndi-Şuşa yolunun üzərində yerləşən bu şəhər davamlı inkişaf edən regional mərkəz, strateji yaşayış məntəqəsi rolunu oynayacaq. Beynəlxalq hava limanının mövcudluğu, şəhər ətrafından keçəcək respublika əhəmiyyətli avtomobil və dəmir yolları Xocalını həm də işgüzar turizm məqsədləri üçün təyinat nöqtəsinə çevirəcək. Sənaye, təhsil və mədəniyyət mərkəzlərinə yaxınlığı, zəngin tarixi irsə malik olması şəhərin müxtəlif istiqamətlərdə paralel inkişafına töhfə verəcək. Baş Planın əsasında "ağıllı şəhər" həlləri, dayanıqlı iqtisadiyyat və ətraf mühit, "yaşıl enerji"dən istifadə imkanları, davamlı inkişaf edəcək şəhər mühiti kimi konseptual yanaşmalar dayanır. Bura enerjiyə qənaətli "yaşıl bina"lar, küçə işıqlandırılması, sıfır karbon emissiyalı istehsalat, elektrik enerjili doldurma məntəqələri, inteqrə olunmuş mühəndis infrastrukturları, ağıllı idarəolunan suvarma sistemləri kimi yeniliklər daxildir. Xocalı şəhəri mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 610 hektardan 1290 hektara, əhali sayının isə 9100 nəfərdən 12 minə çatacağı proqnozlaşdırılır. Coğrafi mövqe və təbii zənginlik burada aktiv sosial həyatı, təbiətlə təmasda keyfiyyətli yaşayış imkanlarını təmin edəcək. Xocalı rayonunun əlverişli təbii-coğrafi şəraiti sayəsində burada əkinçilik və heyvandarlıq üçün geniş imkanlar mövcuddur. Ərazidə olan kurqan tipli qəbir abidələrin dünyada tanıdılması və ictimailəşdirilməsi də nəzərdə tutulur. Müasir şəhər kimi dirçələcək Xocalıda unikal arxeoloji parkın təşkili turizmin inkişafına xidmət edəcək. Qədim abidələri ziyarət edən turistlər həm də yeni tarixin amansız faciəsi olan Xocalı soyqırımı barədə məlumat alacaqlar. Açıq hava altında muzey kimi fəaliyyət göstərəcək Xocalı arxeoloji parkı yeni formatda təqdim ediləcək, eyni zamanda Qarabağın zəngin tarixi keçmişinin, maddi-mədəni irsinin təbliği və tanıdılması işində böyük layihə olacaq. Arxeoloji park sübut edəcək ki, Xocalı təkcə inzibati ərazi deyil, tarixi min illərə söykənən qədim yaşayış məskənidir. Hazırda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalı şəhərində Prezident İlham Əliyevin tapşırığı ilə böyükmiqyaslı quruculuq-tikinti işləri sürətlə aparılır.

Bayrağımızın ruhu

Üçrəngli bayrağımız işğaldan azad edilən ərazilərdə qürurla dalğalanır. Qəhrəman xalqın qalib ölkəsi, heç bir yerdən kömək almadan Qarabağı və Şərqi Zəngəzuru yenidən quran, düşmənin dağıtdığı və taladığı şəhərlərə, kəndlərə ikinci həyat verən, dünyada sülh carçısı kimi tanınan Azərbaycan öz qədim tarixinin şərəfli səhifəsini yazır. İkinci Qarabağ müharibəsində mərmilərin şırım açdığı, düşmənin xarabalığa çevirdiyi, igid oğullarımızın qanı tökülən torpaqlarda ədalətin, qələbənin, inkişafın, quruculuğun və şərəfli qayıdışın təntənəsi yaşanır. Vaxtilə göz yaşları içərisində tərk etdikləri ata-baba yurdlarına indi sevinclə, qürurla, şükranlıqla, hədsiz minnətdarlıqla qayıdan keçmiş məcburi köçkünlərin taleyinə və yaddaşına yeni bir səhifə həkk olunur. Azərbaycan tarixinin şanlı, qürurlu, qəhrəmanlıq və davamlı inkişaf tarixinin və həm də dünyada baş verən hadisələrin şahidləriyik. Dövlətimizin başçısı, qalib Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, xalqımızın birliyindən aldığı güc, liderlik qüdrəti, şəxsi fədakarlığı sayəsində Azərbaycan dörd bir tərəfdən diş qıcayan, onu təxribata çəkmək istəyən, müsəlman cildində xristian təəssübkeşliyi aparan, öz vətəndaşlarını küçələrdə sürükləyən, əzən, tapdalayan, həbs edən, ermənipərəst Fransanın və digər beynəlxalq təşkilatların təkəbbürlü, ikiüzlü davranış və təhdidlərini ustalıqla dəf edir, eyni zamanda dünyada sözünün sahibi kimi tanınır. Cəsarətlə demək olar ki, tarixində ilk dəfə olaraq Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın sarsılmaz birliyini, polad kimi əyilməz iradəsini nümayiş etdirdi. Azərbaycan otuz ilə yaxın erməni işğalından əziyyət çəkməsinə baxmayaraq, bütün haqsızlıqlara, ikili standartlara, təxribatlara mərdliklə sinə gərdi, qələbəyə də qadir olduğunu sübut etdi.

Ötən il oktyabrın 15-də qalib Ali Baş Komandan İlham Əliyev tərəfindən Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Bu tarixi hadisədən bir neçə gün sonra ermənilər tərəfindən dağıdılan və talan edilən Xocalıda bərpa-quruculuq işlərinə başlanıldı. İllər ötsə, əsrlər keçsə də, Azərbaycan xalqı ermənilərin törətdiyi Xocalı soyqırımını heç vaxt unutmayacaq, mənfur düşməni heç vaxt bağışlamayacaq. Xüsusilə, ermənilərin havadarları, bəzi Qərb dövlətləri, ermənipərəst dairələr, onların şər və böhtan dəyirmanına su tökənlər bilməlidirlər ki, Xocalı qatilləri son nəfərinədək cəzalandırılacaq. Belə də oldu. Azərbaycan əsgəri əlləri körpə uşaqların qanına bulaşmış Robert Köçəryanı və Serj Sarkisyanı - bu iki quldurun "qurduğu güclü Ermənistanı" döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğratdı, qorxaqlar qaçıb gizlənməyə məcbur oldular, şəhidlərimizin qisası döyüş meydanında alındı. Ötən ilin 19-20 sentyabr tarixlərində qəhrəman silahlı qüvvələrimizin bölmələrinin keçirdiyi antiterror tədbirləri nəticəsində Xocalı şəhəri erməni separatçılardan təmizlənərək işğaldan azad edildi. Bu tarixi gün xocalılıların həyatına günəş kimi doğdu. İndi xocalılıların dillərində xoş müjdələr dolaşır, bir-birinə gözaydınlığı verirlər.

Xocalıda həyata keçirilən yenidənqurma işləri çərçivəsində Memorial Kompleksin təməli məhz cari il fevralın 26-da qoyulub. Bu, o deməkdir ki, Azərbaycan dövləti öz qanlı tarixini heç zaman unutmayacaq və unutdurmayacaq. Bu barədə Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib: "Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta "Ana fəryadı" abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər, Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın".

Bununla yanaşı, bölgədə gələcək nəsillərin rahat şəkildə yaşaması, ən yüksək texnoloji və müasir imkanlara sahib olması üçün müəssisələr qurulur. Xocalıda təhsil müəssisələri ilə yanaşı, robototexnika tədris mərkəzinin açılması bu bölgənin insanlarının gələcəyinə edilən investisiya kimi qiymətləndirilə bilər. "Qarabağı cənnətə çevirəcəyik", - deyən Prezident İlham Əliyevin göstərişi ilə yaradılan yeni yollar dövlətimizin ali amal uğrunda irəlilədiyini göstərir. Qarabağ, eyni zamanda, bütün Cənubi Qafqaz regionu üçün əhəmiyyət daşıyan qlobal nəqliyyat-logistika şəbəkəsinin bir parçası olacaq. Xocalıda inşa olunan və salınacaq yeni magistral, dəmir və hava yolları şəbəkəsi də tezliklə bəhs olunan qlobal şəbəkəyə qoşulacaq. Təsadüfi deyil ki, bütün bunları görən qlobal investorlar Qarabağa yatırım etməyə, yenidənqurma işlərində iştiraka səy göstərirlər.

Hər şeyin öz vaxtının olduğu bildirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bizim doğma torpaqlarımıza qayıtmağımız, həm Vətən müharibəsi, həm də antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi: "Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmislər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki, Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik". Ermənistan Xocalıda törətdiyi vəhşiliyi etiraf etməli, Azərbaycan xalqından üzr istəməlidir.

(davamı növbəti saylarımızda)

Salman ALIOĞLU,

Musa BAĞIRLI,

"Respublika".

Bakı-Xocalı-Bakı.