Xoş günlərini yaşayan Laçın
CƏMİYYƏT

Xoş günlərini yaşayan Laçın

Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın 28 il ermənilərin işğalı altında qalıb və bu illər ərzində rayona külli miqdarda zərər vurulub.

Ümumilikdə, respublikamızın meşə fondunun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ərazisi Ermənistan tərəfindən məhv edilib ki, bunun da əksər hissəsi məhz Laçın rayonunun payına düşüb. Laçın həm də ermənilərin qanunsuz məskunlaşmasına məruz qalıb. Belə ki, əzəli yurdumuzda beynəlxalq konvensiyalar pozularaq Yaxın Şərqdən olan erməni ailələri yerləşdirilib. Əfsuslar olsun ki, hərbi cinayət aktı hesab edilən bu addımlar bu günə kimi dünya ictimaiyyəti tərəfindən qınaq obyektinə çevrilməyib. Azərbaycan bu problemi də təkbaşına həll edib və indi həmin yerlər əsl sahiblərinin ixtiyarına verilib.

Laçının tamamilə ermənilərin nəzarətinə keçməsi Şuşanın işğalından 10 gün sonra olub. 1992-ci il 18 may Azərbaycanın tarixinə qara hərflərlə yazılıb. Məhz bu tarixdə respublikamızın ən vacib strateji ərazilərindən biri düşmən qarşısında tab gətirə bilmədi. Əlbəttə ki, bunun da bir sıra səbəbləri olub. Həmin illərdə ölkəmizdə baş verən ictimai-siyasi xaos cəbhədə gedən döyüşlərə də təsir göstərirdi. Ölkənin bir tərəfində qanlı döyüşlər, digər tərəfində isə hakimiyyət uğrunda mübarizə gedirdi. Laçının işğal edilməsi AXC-Müsavat cütlüyü üçün fürsət oldu. Nəticədə Laçının işğalından bir ay sonra AXC-Müsavat tandemi qanunsuz yolla hakimiyyəti ələ keçirdi. Laçının düşmən əlinə keçməsi gənc respublikada siyasi vəziyyəti daha da gərginləşdirdi. AXC və Müsavatın birgə rəhbərliyi dövründə Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərin də düşmən tapdağı altına keçməsi Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi əlaqənin yaranmasına yol açdı. Bu da Birinci Qarabağ müharibəsində məğlubiyyətin əsas səbəbi oldu.

1993-cü ilin oktyabr ayında ümummilli liderin yenidən ölkəyə rəhbər seçilməsi uçuruma yuvarlanan Azərbaycanı ayağa qaldırdı. Ulu öndər texniki bazası zəif olan Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna nisbətən zəif olduğunu yaxşı bilir və bu şəraitdə müharibənin davam etdirilməsini düzgün hesab etmirdi. Məhz bu səbəbdən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə atəşkəsə nail olundu.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hər qarış torpağına yenidən sahib çıxıb. Artıq ağrılı-acılı günlər arxada qalıb, dünya Azərbaycanın yaratdığı yeni reallıqlardan danışır.

Laçının azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi liderliyi və ordumuzun 44 günlük Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Laçın həm döyüş meydanında, həm də siyasi yolla geri qaytarılıb. İkinci Qarabağ müharibəsində Laçın rayonunun işğaldan azad edilməsi ümdə vəzifələrdən biri olub və Silahlı Qüvvələrimiz rayonun cənub hissəsini - Güləbird və bir neçə kəndini müharibə yolu ilə geri qaytarıb.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsilə məğlub olduğunu anlayan Ermənistan iki gün sonra kapitulyasiya aktına imza atdı. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad edildi. Beləliklə, Laçın rayonunun 28 illik işğalı 2020-ci ilin dekabrın 1-də başa çatdı. Həmin gün televiziya vasitəsilə Azərbaycan xalqını təbrik edən dövlət başçısı sevincini bu sözlərlə ifadə etdi: "Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Rayonun işğaldan azad edilməsi şərəfinə "Laçının azad olunmasına görə" medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə rayon uğrunda şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular həmin medalla təltif edilib.

Vətən müharibəsi başa çatdıqdan sonra rayon nəzarətimizə keçsə də, obyektiv səbəblərdən Laçın şəhəri bir müddət nəzarətdən kənarda qaldı. Təxminən iki il sonra - 26 avqust 2022-ci ildə Azərbaycan Ordusu Zabux, Sus kəndlərinə və Laçın şəhərinə daxil oldu. Prezident İlham Əliyev həmin günü əbədiləşdirmək üçün ötən il iyulun 31-də imzaladığı Sərəncamla avqustun 26-nı "Laçın Şəhəri Günü" elan edib. Həmin tarixi günü - azərbaycanlıların Laçın şəhərinə qayıtmasını dövlət başçısı tviter səhifəsində xalqımıza çatdırdı: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

Laçın rayonu işğaldan azad olunduqdan dərhal sonra bərpa-quruculuq işlərinə başlanıldı, laçınlıların doğma yurdlarına qayıtması üçün təxirəsalınmaz işlər görüldü. Hazırda Laçında yeni infrastruktur qurulur, yolların, tunellerin tikintisi üzrə işlər davam edir. Dövlət başçısının tapşırığına uyğun olaraq Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlərin bir hissəsi yerləşdirilib. Bu günə qədər Laçın şəhərinə 493 ailə - 1838 nəfər, Zabux kəndinə 217 ailə - 823 nəfər, Sus kəndinə 20 ailə - 75 nəfər köçürülüb.

Laçın azad olunduğu gündən bəri Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayona çoxsaylı səfərlər edib və tikinti işlərinin gedişi ilə yaxından tanış olublar. Dövlət başçısı və birinci xanım ötən il avqustun 25-də Laçın rayonuna səfər çərçivəsində "AzərEnerji" ASC-nin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib, həmçinin Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə maraqlanıblar. Bundan başqa, Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində davam edən tikinti işlərinin vəziyyəti ilə tanış olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və "Həkəri Balıq Təsərrüfatı"nın açılışlarında iştirak ediblər. Dövlət başçısı mayın 10-da Laçına səfəri zamanı Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq 25 hektar ərazini əhatə edən Sus kəndində 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi evlər tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb.

Musa BAĞIRLI,

"Respublika".