İqlim dəyişmələri, qlobal istiləşmə və atmosferin çirkləndrilməsi planetimizi ağır fəsadlarla üz-üzə qoyur.
Dünya dövlətləri bir araya gələrək iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Bu məqsədlə 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində məşhur Kioto Protokolu imzalanıb. Azərbaycan Respublikası Milli Məclisinin 18 iyul 2000-ci il tarixli qərarı ilə ölkəmiz bu Protokola qoşulub.
Ölkəmiz 2015-ci ildə Parisdə keçirilən COP görüşündə razılaşmalara qoşularaq istixana qazlarının səviyyəsinin 35 faizə qədər azaldılması öhdəliyi götürüb. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizə işinə layiqli töhfələr verir. Ölkəmizdə "yaşıl enerji" və bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi dövlətimizin enerji siyasətinin prioritet istiqamətlərindən biridir. Qarabağda, Şərqi Zəngəzurda, Naxçıvanda günəş və külək elektrik stansiyaları tikilib istifadəyə verilir, həmin ərazilərdə "yaşıl enerji" zonaları yaradılır.
Keçən il dekabrın 11-də Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində COP29-un Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Bu mötəbər tədbir bəşəriyyəti narahat edən ən aktual problemlərin müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Ölkəmiz COP29 kimi beynəlxalq konfransa ev sahibliyi etməklə müstəqil Azərbaycanın nüfuzunu, bəşəri problemin həllinə sadiqliyini, yaxından dəstəyini nümayiş etdirir.
Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin dekanı, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Balayar Şahbazov noyabr ayında Bakıda keçiriləcək tədbirdə iqlim dəyişmələrinin qarşısının alınması üçün yeni hədəflərin, yeni strategiyaların müəyyənləşdiriləcəyini vurğulayaraq dedi:
- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 29-cu sessiyası-COP29 dünyada ən böyük qlobal tədbirlərdən sayılır. Konfransda ilk növbədə ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə bağlı məsələlər, qarşıda duran vəzifələr geniş müzakirə olunacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə konfransa ciddi hazırlıq görülür. 2024-cü il dövlətimizin başçısının Sərəncamı ilə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub.
Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizəyə fəal qoşulub. 2030-cu ilə qədər ölkəmizdə istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər 40 faiz azaldılması qərara alınıb. "Yaşıl dünya" naminə hərəkat getdikcə genişlənir, müasir layihələr əsasında günəş və külək elektrik enerji stansiyaları tikilib istifadəyə verilir. Ölkəmizdə istehsal olunan enerjinin 30 faizə qədərinin "yaşıl enerji" mənbələri tərəfindən istehsal ediləcəyi nəzərdə tutulub.
COP29-un Azərbaycanda keçirilməsi ölkələrin və xalqların yaxınlaşmasına, qlobal bəşəri problemlərin birgə həll olunmasına xidmət edəcək.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə ölkə Prezidenti cənab İlham Əliyev deyib: "COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".
Əlisəfa HƏSƏNOV,
"Respublika".