Füsunkar gözəlliyə, ecazkar təbiətə malik, zəngin təbii sərvətinə görə tanınmış dilbər guşələrdən olan Oğuz yurdu Daşkəsən, eyni zamanda tarixi abidələrlə, adət-ənənələrlə də zəngin bir rayondur. Öz qonaqpərvərliyi, milli yeməkləri və qədimliyi özündə əks etdirən bu yurd, həmçinin turizm baxımından da olduqca əlverişli bir rayondur. Turistlərin müraciət etdiyi ən çox yerlərdən biri hesab olunur. Bu baxımdan tarixi abidələri adət-ənənələri nümayiş etdirmək üçün tez-tez ənənəvi tədbirlər keçirilir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə rayonun kənd turizm məkanlarından sayılan Xoşbulaq yaylağında “Yaylaq günü” adlı tədbir keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşları, rayon mədəniyyət işçiləri, kənd sakinləri, qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Yaylaq günü”nün qeyd edilməsində məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüzillərlə formalaşmış yaylaq ənənəsinin nadir mədəniyyət nümunələrinin təbliği, əhalinin asudə vaxtının səmərəli təşkili, eyni zamanda ərazinin dayanıqlı turizm potensialının üzə çıxarılmasıdır.
Tədbir çərçivəsində aşıqların, musiqi kollektivlərinin çıxışları, sərgilər, əl işləri, yaylaq məhsullarının nümayişi və satışı olub, iştirakçılara milli kulinariya nümunələri təqdim edilib. Belə tədbirlər davamlı olmaqla Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği işinə öz töhfəsini verəcəkdir.
Zabit XƏLİLOV,
“Respublika”.