Yazıçı, müəllim, dirijor və diplomat
Mədəniyyət

Yazıçı, müəllim, dirijor və diplomat

Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əbdürrəhim bəy Haqverdiyev təkcə əsərləri ilə deyil, eyni zamanda ədəbiyyatşünas, dramaturq, naşir, dirijor kimi də ədəbi-mədəni tariximizdə iz qoymuşdur. Ədib yazırdı: "Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala, ehtiram və rəhmətlə yad ola". Bəli, bu xoşbəxtlik yazıçının öz ünvanına da şamil edilir. Onun dramaturgiyası ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Ədibin bu sahədəki ideya və fikirləri zəmanəmizdə  də öz aktuallığını qoruyub saxlayır.

O, Azərbaycan tarixində müəllim, həm də ilk diplomatlardan biri kimi də qalmışdır.  1908-ci il yanvar ayının 12-də "Leyli və Məcnun" operası tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. Yazıçı, dramaturq, pedaqoq, teatr xadimi, klassik Azərbaycan ədəbiyyatının korifeyi kimi ədəbi mühitdə ölməzlik qazanmışdır. Hələ "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi müddətdə Zaqafqaziyanı, Dağıstan, Orta Asiya və Volqaboyu əraziləri səyahət edərək bir sıra məşhur əsərlərini yazmışdır. Həmin əsərləri "Ceyranəli", "Xortdan", "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" imzaları ilə "Molla Nəsrəddin" jurnalında çap etdirmişdir. Haqverdiyevin jurnalda dərc olunmuş "Xortdanın cəhənnəm məktubları", "Mozalan bəyin səyahətnaməsi", "Marallarım" əsərləri oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. Ədəbi fəaliyyətə Şuşa realnı məktəbində oxuduğu zaman başlamış, M.F.Axundovun təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik pyes yazmışdır. Peterburq həyatı isə ali təhsil aldığı müddətdə ədəbi yaradıcılığa həvəsini daha da artırmışdır.

Gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda böyüməsində Vətən sevgisinin aşılanması ədibin ən ümdə məqsədlərindən olub. Əbdürrəhim bəy Haqverdiyev xalqın maariflənməsində teatrın rolunun əvəzsiz olduğunu yazırdı: "Xalqla danışmaq, onu mədəniyyətə və maarifə çağırmaq üçün ən yaxşı vasitə teatr səhnəsi idi".

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığında Ağbulaq kəndində dünyaya gəlmişdir. 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində ibtidai təhsil alan Haqverdiyev daha sonra Şuşa realnı məktəbini bitirmişdir. Peterburq Yol Mühəndisləri Universitetində ali təhsil aldığı müddətdə şərq fakültəsinin dinləyicisi olmuş və onda ədəbiyyata qarşı güclü həvəs yaranmışdı. Həmin müddətdə gənc yazıçı "Yeyərsən qaz ətini, görərsən ləzzətini" və "Dağılan tifaq" adlı əsərlərini qələmə almışdır. Ədibin "Dağılan tifaq" əsəri 1899-cu ildə Peterburqda nəşr edilmişdir. Ali təhsilini başa vuran Əbdürrəhim bəy Haqverdiyev Şuşaya qayıdaraq şəhərdə tamaşalar təşkil etmişdir. Şuşada qaldığı iki il ərzində xalq yaradıcılığı nümunələri toplamaqla məşğul olmuş, "Bəxtsiz cavan" pyesini də 1900-cü ildə bu şəhərdə yaşadığı müddətdə yazmışdır. Bakıya gəldikdən sonra isə "Pəri cadu" pyesini tamamlamış, bir sıra hekayələr yazaraq çap etdirmişdir. Onun əsərlərində sünilik, ibarəçilik, zahiri bəzək, əcnəbi təsir demək olar ki, yoxdur. Canlı danışıq dilimizi, onun gözəl xüsusiyyətlərini, zəngin söz ehtiyatını, xalq məsəllərini, hikmətli sözlərini bu qədər cəsarətlə yazıya, bədii ədəbiyyata gətirən ədiblərimizdən biri Əbdürrəhim bəy Haqverdiyevdir. Yeknəsəqlik, yoruculuq yazıçının hekayələrinə yaddır. Yazıçı 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilərək Peterburqa getmişdir. Ədib Azərbaycanın ilk diplomatlarından hesab edilir. Peterburq dövlət kitabxanasında araşdırma apararaq "Ağa Məhəmməd şah Qacar" faciəsini yazmaq məqsədilə yeni materiallar əldə etmiş, əlavə məlumatlar üçün isə İrana getmişdir. Əsər ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qoyulmuşdur.

Azərbaycan bədii nəsrinin inkişafında böyük rolu və əməyi olan Əbdürrəhim bəy Haqverdiyev 1892-1906-cı illər ərzində bir çox dram əsərləri, nəsr nümunələri və hekayələr yazmışdır. Ədəbi tənqidçilər bu baxımdan, yazıçının hekayə yaradıcılığını iki hissəyə ayırırlar. İlk mərhələyə 1906-cı ildə yazdığı və "Həyat" qəzetində dərc etdirdiyi "Ata və oğul", "Ayın şahidliyi" hekayələri aid edilir. İkinci mərhələni isə yazıçının "Bəxtsiz cavan" faciəsi və digər hekayələri təşkil edir. Əbdürrəhim bəy Haqverdiyevin "Şeyx Şəban", "Mirzə Səfər", "Bomba", "Pir", "Çeşmək", "Qiraət" əsərləri Azərbaycan nəsrinin incilərindən hesab edilir. N.Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərindən sonra yazılan ikinci faciə "Dağılan tifaq" milli dramaturgiyamızın qiymətli nümunələrindəndir. Yazıçının "Ac həriflər", "Millət dostları" və s. komediyaları Azərbaycan realist aktyor məktəbinin formalaşmasında və təşəkkülündə əsas yer tutur. Bir əsrdən artıq müddət keçməsinə baxmayaraq, ədibin yazdığı əsərlər öz aktuallığını saxlayır. O, həm də Şekspirin "Hamlet", Şillerin "Qaçaqlar", Volterin "Soltan Osman", Zolyanın "Qazmaçılar", Andersenin "Bülbül", "Şahın təzə libası", Lanskoyun "Qəzəvat", Çirikovun "Yəhudilər", Korolenkonun "Qoca zəng çalan" əsərlərini dilimizə tərcümə etmişdir. Vətənpərvər ədib xalqının arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmışdır. Azərbaycan ədəbiyyatının klassiki hesab olunan yazıçı Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, "Leyli və Məcnun" operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, "Molla Nəsrəddin" jurnalının baş redaktorlarından biri olmuşdur.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabr ayının 12-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".