Yeni layihənin icrasına başlanılıb
Sosial həyat

Yeni layihənin icrasına başlanılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bölgələrdə kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Hacıqabul rayonunun Muğan qəsəbəsində yeni layihənin icrasına başlanılıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, "Azərsu" ASC-nin daxili imkanları hesabına icra olunan layihənin birinci mərhələsində Kür-Bakı magistral su kəmərindən 3 km uzunluğunda əsas daşıyıcı su xəttinin tikintisi və 270 ünvana birləşmənin verilməsi layihələndirilib. Artıq 160 mm diametrli polietilen borularla 2 km xəttin çəkilişi başa çatıb. "Azərsu" ASC-nin 4 saylı Regional Sukanal İdarəsi tərəfindən birinci mərhələ üzrə həyata keçirilən tikinti-quraşdırma işlərinin noyabr aynda başa çatdırılması nəzərdə tutulur.

Layihənin növbəti mərhələlərində isə Muğan qəsəbəsinin digər ərazilərində də yeni şəbəkə yaradılacaq və abonentlər sayğacla təmin olunacaqlar. Ümumilikdə, Muğan qəsəbəsində 10,6 km uzunluğunda paylayıcı su xətləri tikiləcək. Layihənin icrası nəticəsində qəsəbə sakinləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq, dəqiq uçot qurulmaqla su itkiləri minimuma endiriləcək və bununla da israfçılığın qarşısı alınacaq.

Kamil İSMAYIL,

"Respublika".