Türkiyə
Türkiyənin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Bu ehtiyacı ödəmək üçün bir tərəfdən yerli və milli sistemlər inkişaf etdirilir, digər tərəfdən isə xarici ekvivalentlər alınır.
Bu günlərdə Müdafiə Sənayesi İcraiyyə Komitəsi "Polad Günbəz" sistemi ilə bağlı yeni qərar verib.
"Polad Günbəz" Türkiyə səmasının dörd bir tərəfini əhatə edəcək təhlükəsizlik çətiridir. Bu hava hücumundan müdafiə sistemi müxtəlif diapazonda təhlükələrə cavab vermək imkanına malikdir. Bu sistem hədəfi müəyyənləşdirir, qiymətləndirir, qərar verir və nəhayət, onu sonda məhv edir. Bu, nə qədər sürətlə həyata keçirilsə, qorunacaq ərazi də bir o qədər təhlükəsiz olur.
Qeyd edək ki, "ASELSAN" şirkəti "Polad Günbəz" konsepsiyası üçün işin ən böyük hissəsini öz üzərinə götürüb. Sistemin tam olaraq nə vaxt tamamlanacağı hələlik bəlli deyil. Bununla belə, "Polad Günbəz" üçün tələb olunan bəzi sistemlər artıq hazırdır və əməliyyat meydanında istifadə olunur.
"ASELSAN" sistemdə aparıcı rola malikdir. Təbii ki, "ASELSAN"dan başqa, "ROKETSAN", "MKE", "TÜBİTAK SAGE" kimi şirkətlər də yeni konsepsiyada yer alır.
Hava hücumundan müdafiə sistemi 4 təbəqəyə bölünür: çox qısa mənzilli, qısa mənzilli, orta mənzilli və uzun mənzilli. Birinci sırada çox qısa mənzilli hava hücumundan müdafiə sistemləri durur. Adından da göründüyü kimi, onlar çox yaxın məsafələrdən gələ biləcək təhlükələrlə mübarizə aparır. Maksimum təsir diapazonu 10 kilometr və işləmə həddi 5 kilometr olan bu ilk perimetr üçün Türkiyənin fərqli variantları var.
"ASELSAN" istehsalı olan "Korkut", "Gökberk", "Şahin", "Göker", "İhtar" və "SUNGUR" təbəqənin birinci hissəsində yer alır. Növbəti təbəqə 10-15 kilometr hündürlüyü əhatə edən "orta hündürlük" kimi tanınan hissədir. Bura "KALKAN 1", "KALKAN 2" və "HİSAR O+" daxildir.
Çətirin yuxarı hissəsində uzaqmənzilli hava hücumundan müdafiə sistemləri yerləşir. Burada hündürlük 15-30 kilometr arasında, məsafə isə 60 kilometrdən yuxarıdır. Əsas pay tamamilə "SİPER"ə məxsusdur.
Türkiyənin yerli və milli qaynaqlarla inkişaf etdirdiyi ilk uzun mənzilli hava hücumundan müdafiə sistemi olan "SİPER"in bu il inventara daxil olması gözlənilir. Verilən bəzi məlumatlara görə, ilk mərhələdə 100 kilometr mənzilli "SİPER Product-1", daha sonra diapazonu artırılmış ''SİPER-2'' inventara daxil ediləcək. Nəhayət, bu sahə "SİPER-3" ilə tamamlanacaq.
Türkiyə, həmçinin havadan xəbərdarlıq üçün istifadə etdiyi sistemlərdə mütərəqqi imkanlara malikdir. Məsələn, havadan erkən xəbərdarlıq təyyarələri, "GENESIS" döyüş idarəçiliyi və "Sülh Qartalı", "Steel Dome"də bu hissələri bir araya gətirməyi və bir-biri ilə eyni vaxtda işləməyi hədəfləyir.
Bütün bunlar bir yerə toplansa, Türkiyə yüksək inkişaf etmiş sistemlərə malik olacaq və öz hava müdafiəsini rahatlıqla həyata keçirəcək.
Yuxarıda sadalanan sistemlərin koordinasiyalı şəkildə çalışması "ASELSAN"ın Hakim Hava Komanda İdarəetmə Sistemi (HKİS) tərəfindən təmin olunacaq.
"HKİS" Hava Məkanına Nəzarət fəaliyyətlərini operativ səviyyədə həyata keçirməyə imkan verən milli hava komandanlığı və idarəetmə sistemidir. Sistem, sensorların əldə etdiyi məlumatları qiymətləndirərək müəyyən edilmiş hava şəklini yaradır, silah sistemləri və qırıcı təyyarələr üzərindən hava missiyasına nəzarəti həyata keçirir.
"HAKİM" isə özünəməxsus yerli və milli alqoritmləri sayəsində bütün hissələrin bir-biri ilə uyğun formada və səmərəli şəkildə fəaliyyət göstərməsini təmin edir. Bu sistem müxtəlif növ sensorlardan aldığı məlumatları qabaqcıl "fusion" (füzyon) alqoritmləri ilə emal edir, hava mənzərəsi ilə bağlı operatorlara ötürür.
Beləliklə, Türkiyədə hava hücumundan müdafiənin (HHM) təmin olunması üçün yaradılan yeni "Polad Günbəz" sistemi bütün hündürlük və məsafələrdə ölkənin hava məkanındakı hər cür təhlükəni aradan qaldıracaq və Türkiyə Silahlı Qüvvələrinin gücünə güc qatacaq.
Esmira YAZKAN ASLANOVA,
"Respublika" qəzetinin
Türkiyə üzrə müxbiri.