Yeni virus: təhlükə, yoxsa yanlış siqnal?!
Səhiyyə

Yeni virus: təhlükə, yoxsa yanlış siqnal?!

Son günlər meymunçiçəyi virusu haqqında çox danışılır. Afrika qitəsi ərazisində yayılan virusa artıq dünyanın əksər ölkələrində də rast gəlinir və yoluxma sayında artım müşahidə olunur.

Meymunçiçəyi virusuna ilk dəfə 1958-ci ildə tədqiqat üçün istifadə olunan meymunlarda rast gəlinib. İnsanlar isə ilk olaraq 1970-ci ildə bu virusa yoluxublar. Konqo və Nigeriyadan sonra 2003-cü ildə ABŞ-da meymunçiçəyi epidemiyası qeydə alınıb. Xəstəlik insanlara çöl itlərindən keçib. Ölkədə ümumilikdə 81 yoluxma qeydə alınsa da, ölümlə nəticələnməyib. 40 il sonra, 2017-ci ildə Nigeriyada bu virus yayılıb, təxminən 170 nəfər virusa yoluxub. Bundan əlavə, 2021-ci ildə Konqoda virusdan 24 nəfər həyatını itirib. Ümumdünya Səhiyyə Təşkilatı məlumatına görə, 2022-ci il may ayına qədər meymunçiçəyinə 131 yoluxma halı baş verib.

Meymunçiçəyi təbii çiçək xəstəliyinə bənzəyir. Simptomları 5-21 gün ərzində ortaya çıxır və insanlar xəstəliyi əsasən yüngül keçirirlər. "Monkeypox" (meymunçiçəyi) xəstəliyi qripə oxşayır. Həmin xəstələrdə limfa vəzlərinin şişməsi müşahidə olunur, sonrakı mərhələdə qaşınma baş verir, üzdə və bədəndə yaralar olur. Virus heyvanlardan insanlara keçir, proses 2-4 həftə davam edir. Xəstəlik heyvandan insana, əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülür. Xəstəliyin qarşısını almaq üçün yoluxmuş heyvanlarla təmasda olarkən maska və digər qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Bu xəstəlikdə ölüm halları 10 faiz təşkil edir. İnsanlar bir-birini çirkli əşyalardan istifadə, yaxın məsafədən təmas, dərinin zədələnməsi ilə yoluxdururlar. Bundan başqa, "meymunçiçəyi" "suçiçəyi" virusu ilə, demək olar ki, eyni simptomlara malikdir.

ÜST-ün yaydığı məlumatda "Meymunçiçəyi ilə bağlı yeni pandemiya dövrü yaşanacağı üzrə narahatlığa əsas yoxdur", - deyə qeyd olunub. Bundan əlavə, virusun COVID-19 pandemiyası ilə çox bənzər olmadığı da bildirilib, çünki COVID-19 hava, meymunçiçəyi isə təmas yolu ilə yoluxan xəstəlikdir. Buna görə də meymunçiçəyinin qarşısını almaq daha asan görünür. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris bildirib ki, "Biz "Mpox" virusunun bütün dünyaya yayılmasını və pandemiyaya çevrilməsini istəmirik".

Bir neçə gün əvvəl Türkiyənin Kocaeli bölgəsində meymunçiçəyinə yoluxma şübhəsi ilə bir xəstə karantinə alınıb, lakin hadisə haqqında rəsmi qurumlar açıqlama verərək virusun "Mpox" olmadığını qeyd ediblər. Pakistanda da afrikalı turistdə bu virusa yoluxma halı qeyd edilib, daha sonra isə 3 nəfər virus şübhəsi ilə karantinə alınıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkəmizdə meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınmayıb. Professor, tibb eksperti Adil Qeybulla virusla bağlı bildirib ki, meymunçiçəyi Afrikada meymunlar vasitəsilə yayılan virusdur. Onun sözlərinə görə, bu, "çiçək" virusu ailəsinə daxildir. Onun qlobal pandemiya yaratma ehtimalı yoxdur, sadəcə, yayılma arealı artır. Bunu lokallaşdırmaq istiqamətində işlər görülməlidir. Mövcud vaksin xəstəliyə 70 faizə qədər həssasdır. Əhalinin vaksinasiyası və digər karantin tədbirləri görülə bilər. Xüsusilə də virusun yayıldığı areallarda insanların izolyasiya olunması birinci şərtdir.

Ləman TƏHMƏZ.