Yeni Zəngilan məscidi sənət nümunəsidir
Mədəniyyət

Yeni Zəngilan məscidi sənət nümunəsidir

30 il əvvəl Ermənistan işğalçılıq siyasəti həyata keçirərək 20 faiz torpağımızı zəbt etdi, Qərbi Azərbaycanda olduğu kimi, Qarabağda yaşayan azərbaycanlılar kütləvi şəkildə doğma yurd yerlərindən deportasiya olundu.

Saxta erməni tarixi yaratmaq məqsədilə ərazilərimizdə olan abidələrimizin böyük əksəriyyəti məhv edildi. 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi böyük Zəfərlə bitdi. Ölkəmizdə xalq-dövlət-ordu birliyi dünya hərb tarixinə yeni səhifə yazdı. Əzəli yurd yerlərimiz yenidən doğma sahiblərinə qayıtdı.

İşğaldan azad edilən hər qarış torpaqımızda üçrəngli bayrağımız dalğalanır. Dağılmış, viran qoyulmuş kənd və şəhərlərimizdə düşmən daşı-daş üstə qoymayıb. Dini abidələri, xüsusilə məscidlərimizi təhqir etməkdən belə çəkinməyiblər. Haylar 30 illik müddətdə digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimizi vandalizmə məruz qoymuş, dağıdıb təhqir etmişlər. Zəngilan, Ağdam məscidlərində mal-qara saxlayıblar. 

Vətən müharibəsi bitəndən sonra dağıdılıb, viran qoyulan yerlərə səfər edən ölkə başçısı İlham Əliyev qarşıda duran işlərin ağırlığı ilə yanaşı, müqəddəsliyini də vurğulayıb. Bu baxımdan, Prezidentin 2020-ci il 23 dekabrda Qubadlı və Zəngilana səfəri tarixi əhəmiyyət daşıyır. Rayon mərkəzində Azərbaycan bayrağını ucaldan dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Zəngilanda mənfur düşmən tərəfindən dağıdılmış məsciddə də olublar. Məscidin qarşısında çıxış edən Prezident İlham Əliyev gördüyü mənzərə haqqında demişdir: "Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib".

Azərbaycan öz daxili gücü, potensialı sayəsində qələbədən ötən üç il ərzində işğaldan azad edilən yerlərə yeni nəfəs, yeni həyat verib. İndi həmin ərazilərdə infrastruktur layihələri həyata keçirilir, dağıdılmış kəndlər, şəhərlər mərhələli şəkildə tikilib-qurulur. Artıq bir çox yerlərdə Böyük Qayıdış planına uyğun olaraq sakinlərin məskunlaşması təmin edilir. Hər gün  yeni ünvanlara köç karvanları yola düşür. Yaşayış üçün zəruri və vacib olan iaşə obyektləri ilə yanaşı, tariximizi özündə yaşadan dini abidələrimiz, məscidlərimiz də yenidən bərpa edilir.

Şərqi Zəngəzurda dini abidələrin, məscidlərin bərpası istiqamətində işlər uğurla davam edir. 2021-ci il 26 aprel tarixindən Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılıb, yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin binasında qiymətləndirmə aparıb və buna əsasən binanın konservasiyasına qərar verilib. Konservasiya olunan köhnə və uçurulan məscidin yanında yeni məscid inşa edilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.

Mayın 18-də yeni inşa edilən Zəngilan məscidinin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. İşğaldan azad edilən ərazilərə qayıdışın ilk müjdəçisi olan Zəngilan bu gün öz möhtəşəm yeniliyi ilə gözoxşayır. İndi burada nəinki yaşayış binaları, həm də dini abidələr və yaxud məscidlər bərpa edilir, yenidən tikilir. İlkin görkəmini 70 faizə qədər itirən Zəngilan məscidinin binası da konservasiya edilib.

Rayon mərkəzində yeni tikilən məscidlə yanaşı, ermənilər tərəfindən dağıdılan məscidin ərazisi açıq səma altında sərgi kimi yaradılmışdır. Sərgidə Qarabağ və Şərqi Zəngəzur ərazilərində vaxtilə mövcud olmuş dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsi əks etdirilir. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb. Eyni zamanda bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı da öz əksini tapır. Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilən məscid XVII-XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi ehtimalı var.

İşğal dövründə Ermənistan tərəfindən xarabalığa çevrilən ərazilərimiz bu gün qüdrətli Azərbaycan dövləti tərəfindən cənnətə, gülüstana çevrilir. Qədim tarixi özündə yaşadan abidələrimizə ikinci həyat verilir.

Ramidə YAQUBQIZI,

"Respublika".