Ölkəmizdə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərə ciddi hazırlıq işləri aparılır və əhali arasında seçkilərə maraq kifayət qədər böyükdür. 53 saylı Yevlax-Mingəçevir seçki dairəsinin sədri İsrayıl Bəkirov bildirdi ki, Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir.
Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Bu gün ölkəmizdə həyata keçirilən siyasət yüksək meyarlara cavab verən gələcəyin qarantı rolunda çıxış edir, iqtisadi yüksəlişimizi təmin edir. 53 saylı Yevlax-Mingəçevir seçki dairəsində 52 seçki məntəqəsi fəaliyyət göstərir. Bütün məntəqələrdə seçicilərin rahat səs verməsi üçün hər bir şərait yaradılmışdır. Ümumi seçicilərin sayı 50505 nəfər, ilk dəfə səs verən 403 nəfər, 80-100 yaşlı seçicilər 741 nəfər, 100 yaşından yuxarı seçicilər 3 nəfərdir. 104 yaşlı İsmayılova Zeynəb Qasım qızı, 103 yaşlı Abdullayev Abdulla Əli oğlu, 102 yaşlı Qarayeva Zinyət Murtuz qızı seçkidə iştirak edəcəklərini bildiriblər. 7 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdır. Məntəqələrdə seçkinin keyfiyyətini və şəffaflığını artırmaq məqsədilə 7 ədəd veb-kamera quraşdırılmış, fasiləsiz elektrik enerjisi, su təchizatı, zəruri avadanlıqlarla yüksək səviyyədə təmin olunmuşdur.
Z.CƏMŞİDOĞLU,
"Respublika".