1 Avqust –Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Digər xəbərlər

1 Avqust –Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Dəyərli və zəngin sərvətimiz

Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi ilə bağlı görülən işlər təqdirəlayiqdir.

Azərbaycanda xalqın milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm işlər görülmüş və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalanmışdır.

Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. “Kitabi --Dədə Qorqud” və “Koroğlu” dastanlarından gələn dilimiz həzin ana laylası ilə ruhumuza hopmuşdur. XVIII əsrdə Qafqaza səfər etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Düma yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”. Ulularımızın bizə miras qoyub getdikləri ana dilimiz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Məmməd Araz, Hüseyn Cavid və digər görkəmli qələm sahiblərinin əsərlərində daha da zənginləşmiş, görkəmli sənətkarlarımız yaradıcılıqları ilə Azərbaycan dilinin inkişafına öz töhfələrini vermişlər.

Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət statusu alması ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” –deyən ulu öndərimiz Heydər Əliyevin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinə başlanmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi-tədqiqat materialları və kitablar nəşr edilmişdir.

Azərbaycan dilinin inkişaf səviyyəsi təsdiqləyir ki, xalqımız dünyanın ən qədim xalqlarındandır. Təbii ki, dilin təşəkkülü müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb və ziddiyyətli bir yol qət etmişdir. Əlbəttə, dilin əsas yaradıcısı millətin özüdür. Elə ifadələr, kəlmələr var ki, xalq onu necə işlədibsə, bu gün də elə qəbul edilmişdir.

Ulu öndər, qəlblərdə işıq heykəlinə çevrilən Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır.

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi ilə bağlı ümummilli liderimiz Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımız ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Dilimizin saflığının qorunması, eyni zamanda özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırkı aktual məsələlərdəndir.

Dövlət müstəqilliyi qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil tarixində əlamətdar, önəmli hadisəyə çevrilən bir məqam var. 2001-ci il avqustun 9-da imzalanan sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi müəyyənləşdirildi. Əlbəttə, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir.

Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə məhz Heydər Əliyev idi. İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir.

Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə başçısıdır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” sərəncam oldu.

Dövlətin həyata keçirdiyi sənədlər dilçilik mədəniyyətimizi zənginləşdirir. Ölkə Prezidentinin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir.

Məhəbbət ƏSGƏROVA,

Nərimanov rayonundakı 37 nömrəli məktəbin direktoru.