1 MART ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜDÜR     
Digər xəbərlər

1 MART ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜDÜR     

Mülki Müdafiə - dinc və ya müharibə dövründə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Vaxtilə Parisdə tibb xidməti generalı Corc Sant-Pol-Cenevrə regionu Assosiasiyası təşkilatını yaratmışdı. Bu təşkilatın əsasını qoyanların məqsədi bu idi ki, bütün ölkələrdə hələ sülh dövründə ikitərəfli və çoxtərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları (qadınlar, uşaqlar, xəstələr və qocalar) üçün təhlükəsizlik zonaları yaradılsın. 1937-ci ildə vəfat edən general Sant-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən Cenevreyə köçürülmüşdür. Generalın məsləkdaşı Henri Corc Assosiasiyaya başçılıq etmişdir.  Henri Corc 1947-ci ildə “Müasir müharibədə mülki əhalinin mühafizəsi” adlı kitabını dərc etdirmiş və bu kitab Assosiasiyanın manifesti olmuşdur. Burada Cenevrə regionu adı altında təhlükəsiz zona yaratmaq üzrə Beynəlxalq Konvensiyanın layihəsi öz əksini tapmışdır. Müharibələr zamanı əhalinin mühafizəsi üçün neytral zonaların yaradılması məsələsi ilə əlaqədar 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq Konfrans keçirilib.  

İkinci Beynəlxalq Konfrans 1957-ci ildə Florensiya şəhərində keçirilib. 1958-ci ildə Cenevrədə Mülki Müdafiə üzrə üçüncü Ümumdünya Konfransı çağırılıb. Konfransda 33 ölkədən 130 nümayəndə iştirak edib. Həmin vaxtdan Mülki Müdafiə işçilərinə Beynəlxalq status verilib. 1966-cı il oktyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) nizamnaməsi qeydə alınıb. Onun məqsədi - fövqəladə hadisələr baş verərkən vətəndaşların, həmçinin onların əmlakının təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədə həyata keçirilməsini təşkil etməkdir.

BMMT insanların həyatını və əmlakını mühafizə, yerli və hökumətlərarası səviyyədə planlaşdırma, kadrların hazırlanması, həm təbii mənşəli, həm də insanlar tərəfindən törədilən hər cür bədbəxt halların qarşısının alınması sahəsində geniş fəaliyyət göstərir. Təşkilatın rəsmi dilləri: ingilis, ərəb, fransız və ispan dilləridir. BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur.

Onu xüsusilə qeyd etmək lazımdır ki, ümummili lider Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra 1993-cü ildən Azərbaycan Respublikası bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.  Azərbaycan Respublikasının Prezidenti  tərəfindən imzalanmış 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmanı ilə “Mülki Müdafiə Haqqında Qanun” əsasnaməsinin yaradılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarı ilə ölkədə əhalinin mühafizəsi möhkəmləndirilmişdir.

Heydər Əliyev siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin uzaqgörənliyi ilə Fövqəladə Hallar Nazirliyi yaranmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 19.04.2006-cı il tarixli 394 saylı Əsasnamədə Mülki Müdafiənin əsas məqsəd və vəzifələri, habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, məsul şəxslərin və vətəndaşların mülki müdafiə sahəsində vəzifələri dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, bilavasitə rəhbərliyi isə Baş nazir həyata keçirir. Mülki Müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, o cümlədən icraya nəzarət məqsədilə Fövqəladə Hallar Nazirliyi gündəlik, operativ və çevik olaraq uğurla rəhbərlik edir. Bu baxımdan Mülki Müdafiənin başlıca vəzifəsi isə vətəndaşların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsini təşkil etməkdir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtlərdəndir. Ümumiyyətlə, bu baxımdan bütün ərazilərdə olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, xəbərdarlıq edilməsi, mühafizə vasitələri ilə təminatı, köçürülməsi və digər bu kimi mülki müdafiə tədbirləri daim diqqət mərkəzindədir. Eyni zamanda, mülki müdafiənin təmin edilməsi üzrə Nazirliklə yanaşı, respublikanın bütün idarə, müəssisə və təşkilatları, mülki müdafiə dəstələri, qərargahlar və mülki müdafiə sahəsinə cavabdeh şəxslərin üzərlərinə böyük məsuliyyət düşdüyündən, qabaqlayıcı tədbirlər görülməli və təhlükə yaranan zaman operativ və birgə fəaliyyətin təşkilinə nail olunmalıdır.

1 Mart - Ümumdünya MM gününün hər il keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın nə qədər vacib və həyati əhəmiyyət daşıdığına cəlb etmək, hər bir fövqəladə hallara hazır olmaq kimi məsələləri diqqətə çatdırmaqdır. Eyni zamanda, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

Zabit XƏLİLOV,

“Respublika”.