Müasir innovasiyalar, mükəmməl təhsil
Elm və təhsil

Müasir innovasiyalar, mükəmməl təhsil

Bu gün bütövlükdə Azərbaycandakı sürətli innovativ inkişaf hər bir bölgədə özünü göstərməkdədir. Eyni zamanda ali təhsil ocaqlarının müasir standartlara uyğun yenidən qurulması, onların lazımı avadanlıqlarla təchiz olunması təhsilin keyfiyyətinə müsbət təsirini göstərir. Nümunəvi ali təhsil ocaqlarından biri də Azərbaycan Texnologiya Universitetidir (UTECA). Yarandığı dövrdən günümüzə qədər burada keçmiş sovetlər birliyi və respublikamızın xalq təsərrüfatının müxtəlif sahələri üçün 40 mindən artıq kadr hazırlanmışdır. Universitet müasir təhsil infrastrukturuna, zəngin kitabxana fonduna, zəruri maddi-texniki bazaya və idman kompleksinə malikdir. Müəllim və tələbələr müasir kompüter texnikası ilə təchiz olunmuş kitabxanadan və kompüter resurs mərkəzindən fəal istifadə edirlər.

Azərbaycan Texnologiya Universitetinin əsası 1970-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı kimi fəaliyyətə başlaması ilə qoyulub. 1980-ci ildə bu filialın bazasında Krasnodar Politexnik İnstitutunun Bakı filialı ilə Kənd Təsərrüfatı İnstitutunun “Şərabçılığın texnologiyası” ixtisası birləşdirilir və ali təhsil ocağı Azərbaycan Texnologiya İnstitutu adını alır. Gəncədə yerləşən Texnologiya İnstitutu Qafqazda texnoloq-mühəndis yetişdirən dövrünün ilk və yeganə ali məktəbi kimi böyük nüfuz qazanır. Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda ikinci yeri, iki il sonra isə ilk yerləri tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilir. Dəfələrlə Keçici Qırmızı Bayraq ordeni ilə mükafatlandırılır. Hazırda universitetdə ölkə iqtisadiyyatının kadr tələbatı nəzərə alınmaqla 20-dən çox ixtisas üzrə mütəxəssis yetişdirilir. Üç minə yaxın tələbəsi olan universitetdə 4 fakültə və 14 kafedrada 276 professor-müəllim heyəti çalışır. UTECA-nın 50 illiyi münasibətilə il ərzində müxtəlif tədbirlər keçirilib. Yarıməsrlik bir tarixi fakültələr öz profillərinə uyğun xatirələrdə əbədiləşdirməyə çalışıblar. Dizayn və toxuculuq kafedrasının əməkdaşlarının əl işi olan, qədim Gəncə ornamentlərini və müasir texnologiyanı özündə əks etdirən xalça universitetin muzeyində və yaddaşlarda 50 illiyin xatirəsi kimi qalacaq. Yarandığı gündən indiyə qədər keçdiyi inkişaf yolundan bəhs edən, yubileyə həsr edilmiş kitab isə gələcəkdə araşdırmaçıların tarixi sənədinə çevriləcək. Nəşrin hazırlanmasında universitet həyatında uzun illər əməyi olan mütəxəssislər iştirak edib. UTECA-nın 50 illiyi münasibətilə 100-ə yaxın əməkdaş təltif edilib. Onlardan 4 nəfəri - professorlar Akif Süleymanov, Əhməd Məlikov, dosentlər Nazim Vəliyev və Hamlet Kəsəmənli Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 19 nəfəri Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunublar. 70-dən çox əməkdaş isə UTECA-nın 50 illiyi münasibətilə müxtəlif medallara layiq görülüb.

Bu günlərdə universitetin 50 illiyinə həsr olunmuş “Universitet - sənaye əlaqələrinin keyfiyyət təminatının əsas problemləri” adlı onlayn beynəlxalq konfrans keçirilib. Konfransda Təhsil Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan və bir çox ölkələrin elm adamları, respublikamızda fəaliyyət göstərən universitetlərin rektorları, professor-müəllim heyəti, eləcə də universitetin əməkdaşlıq etdiyi müəssisələrin təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində Texnologiya Universitetinin 50 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilib. UTECA-nın rektoru, professor Akif Süleymanov qeyd edib ki, konfransın mövzusu müasir ali təhsil ocaqlarının inkişaf göstəricilərini hədəfə alır. Məqsəd bu hədəflərə çatmaq üçün görülən işlərin daha da təkmilləşdirilməsinə nail olmaqdır. Rektor bu istiqamətdə görülən işlərə misal olaraq Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən və artıq 4-cü ildir ki, icrası uğurla davam edən Müştəriyə yönəlmə Proqramı haqqında ətraflı danışıb. Proqram çərçivəsində universitet hazırda 34 müəssisə ilə aktiv əməkdaşlıq edir. Nəticədə universitet texnoparkında 10-a yaxın çeşiddə məhsul istehsal edilir.

Universitetin beynəlxalq əlaqələrində də nailiyyətlər var. Belə ki, universitetdə keçirilən görüşdə Fransa səfirliyinin mədəniyyət və əməkdaşlıq üzrə müşaviri İvv Oberman, Əməkdaşlıq və Mədəniyyət Attaşesi Vənsan Lorenzini, Dilçilik və təhsil sahəsində əməkdaşlıq missiyasının rəhbəri Şarlot Rayen iştirak etmişlər. Tərəflər elm və mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq üçün razılığa gəlmişlər. Ukrayna, Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Transfer Texnologiyası layihəsində respublikamızdan Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universiteti (UTECA) iştirak etmişdir. UTECA müəllimləri distant təhsilin təşkilinə dair sertifikatlar almışlar. Türkiyə Respublikasının qabaqcıl ali məktəblərində, Rusiya Federasiyası, Belarus, Özbəkistan, Ukrayna, Gürcüstan respublikalarının tanınmış universitetlərində beynəlxalq konfranslarda iştirak etmişlər. Eyni zamanda universitetin geniş layihələrdə iştirakını da xüsusilə qeyd etmək olar.

Ümumiyyətlə, Azərbaycan Texnologiya Universiteti əməkdaşlıq etdiyi müəssisələrin coğrafiyasını daha da genişləndirir. Belə ki, universitet yüngül sənaye sahəsində nüfuza sahib, Mingəçevir Tekstil Fabrikini ən son yüngül sənaye avadanlıqları ilə təchiz edən Avropa şirkəti ilə birgə təhsil mərkəzi yaratmışdır. Türkiyənin Boğaziçi Universiteti ilə birgə layihəyə, Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə elmi-tədqiqat işlərinin yeni mərhələsinə başlamış, Kuala Lumpur Universiteti arasında əməkdaşlığın təməli qoyulmuşdur.

Eyni zamanda Koreya Respublikasının Azərbaycandakı səfiri ATU-da əməkdaşlıq məsələlərini müzakirə etmiş, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə Azərbaycan Hökuməti arasında imzalanmış memorandum çərçivəsində Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzi (TİDM) fəaliyyətə başlamışdır. Həmçinin ölkənin qabaqcıl texnologiya şirkətlərindən olan “Neuron Technologies” arasında müqavilə imzalanmışdır. Müqavilə müasir dünya texnologiyalarına əsaslanan “Unibook” - təhsilin informasiya idarəetmə sisteminin universitetdə tətbiqini nəzərdə tutur. Ölkənin aparıcı mobil operatoru “Azercell Telecom” MMC-nin nəzdində fəaliyyət göstərən “Barama” sahibkarlıq və innovasiya mərkəzinin ilk regional ofisini açmış, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilə əməkdaşlığın istiqamətləri genişləndirilmişdir. Universitet xarici ölkələrin qabaqcıl universitetləri ilə də sıx əlaqə qurmaqdadır. Moskvada Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşən universitetin rektoru, professor Akif Süleymanov ATU-nun Rusiyanın ailə təhsil müəssisələri ilə əlaqələrinin daha da genişləndirilməsi üçün səfirliyin bu işlərə dəstəyi müzakirə olunmuşdur.                 

Universitetdə tələbələrin sosial-mədəni həyatı və asudə vaxtının təşkili yüksək səviyyədədir. Gigiyenik tələblərə cavab verən yüksək sürətli internetlə təmin edilmiş kafe, müasir idman zalı və tibb məntəqəsi tələbələrin istifadəsindədir. Universitetdə Tələbə Gənclər Təşkilatı, Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti, Şən və Hazırcavablar Klubu və digər ictimai qurumlar fəaliyyət göstərir. Bu qurumlar şəhər və respublika miqyasında ictimai-siyasi, mədəni tədbirlər, intellektual və idman yarışlarında tələbələrin iştirakını təmin edirlər. Məhz bunun bariz nümunəsidir ki, tələbələr və məzunlar arasında dünya və Avropa çempionları vardır. Onlardan Hakim Nəzərəliyev sambo üzrə 7 dəfə dünya və 5 dəfə Avropa çempionu olmuş, Məmişov Sadiq Şərqi Avropa çempionatında karate üzrə 3-cü yeri tutmuşdur, bir çox idmançılar medallarla, Fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil edilən mini-futbol turnirində ATU (UTECA) komandası Gəncədə keçirilən oyunun qalibi olub. Gəncənin 2019-cu ilin Avropanın İdman şəhəri seçilməsi ilə bağlı şəhərin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında təşkil edilən “Gənc qızların Bahar - 2019 kuboku” layihəsi üzrə yarışda Azərbaycan Texnologiya Universitetinin (UTECA) badminton və dama üzrə komandaları bütün rəqiblərinə qalib gələrək kuboka sahib olublar. Göründüyü kimi, missiyası yüksəkixtisaslı kadrlar yetişdirmək olan universitetin amalı, nümunəvi təhsil mərkəzi olaraq, gənclərdə texnologiyalara maraq və həvəsi maksimum dərəcədə yüksəltməkdir. 

 

Zabit XƏLİLOV, 

“Respublika”.