NAFTALAN: Qazilərimizə xidmət etmək şərəfdir
Region

NAFTALAN: Qazilərimizə xidmət etmək şərəfdir

Müzəffər Ali Baş Komandan  Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi altında Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğalına son qoyuldu.  Müqəddəs torpaqlarımız mənfur düşməndən təmizləndi. Hərbçilərimiz Vətən qarşısında borcunu şərəflə yerinə yetirdilər. Minlərlə hərbçimiz yüksək orden və medallarla təltif edilibdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnəkdir.

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına ölkə  Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin mühüm vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırır.

Naftalanda da şəhid ailələrinin, müharibə əlillərinin sosial rifahının daha da yaxşılaşdırılması,  qayğının daha da gücləndirilməsi   piroritet məsələlərdəndir. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və millət vəkili Anar Məmmədov  mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşür. Bu günlərdə növbəti dəfə Vətən müharibəsində yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin, çernobıl əlillərinin müalicə aldığı mərkəzdə onların sağlıqlarına qovuşması üçün aparılan müalicələrlə tanış olublar. Müasir, dünya standartlarına cavab verən “Möcüzəli Naftalan” sanatoriyasında müharibə iştirakçılarına və qazilərə  diqqət və qayğı təqdirəlayiqdir. Sanatoriya  rəhbərliyi şəhər rəhbərinə  məlumat verərək bildirdi ki, mərkəzə göndəriş alan və yaxud müraciət edən əlillərə əsasən müalicə, reabilitasiya, yəni funksiyanın bərpa edilməsi xidmətləri göstərilir.Vətəndaşlarımıza, qazilərimizə xidmət göstərmək bizim  üçün şərəfdir. Kimi isə ayağa qaldırmaqda köməyimiz olursa, o rahat, ağrısız gəzəndə, üzləri güləndə  biz həkimlər də özümüzü  xoşbəxt hiss edirik. Görüş zamanı qazilər müasir tələblər səviyyəsində qurulmuş müalicə mərkəzində səhhətlərində müsbət nəticə qeydə alındığını və onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham  Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş, vurğulamışlar ki, “İlham Əliyev bizə əvvəl Qarabağı, indi isə həyatı qaytardı. Biz qazilər üçün maksimum şərait yaradılıb, həkimlərin diqqətinin və qayğılarının əhatəsindəyik. Bəli, həkimlərimiz də bizim kimi Vətən müharibəsinin qəhrəmanlarıdır, onların misilsiz köməyi göz qabağındadır.”                                                                                                   

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir. Məhz bunun bariz nümunəsi kimi biz bu gün şəhid ailələrinə və qazilərə göstərilən qayğı və ehtiramın dövlətin prioritet vəzifəsi olduğunun şahidi oluruq.

Sonra Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov  Vətən müharibəsində Talış, Suqovuşan istiqamətində minaya düşərək sağ ayağını itirmiş  Naftalan şəhər sakini-qazi Tağıyev Qiyas Fariz oğlunu ziyarət etmişdir. Şəhər rəhbəri, Naftalan Şəhər İcra Hakimiyyətinin müraciəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi tərəfindən son nəsil elektron, Avropa istehsalı olan əlil arabasını ona təqdim etmişdir.

Zabit XƏLİLOV,

“Respublika”.