Lisenziyalaşdırma dövlətin təhlükəsizlik və iqtisadi siyasətinin tərkib hissəsidir
İQTİSADİYYAT

Lisenziyalaşdırma dövlətin təhlükəsizlik və iqtisadi siyasətinin tərkib hissəsidir

Lisenziya - təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müvafiq sahibkarlıq növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir. Hər bir fəaliyyət növünə ayrıca lisenziya verilir. Lakin sahibkarın fəaliyyəti çoxprofilli olduqda, o, bir neçə lisenziyaya sahib ola bilər. Sahibkar yalnız lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə məşğul ola bilər, lakin müəyyən edilmiş qaydada və müddətdə.

Gənc və müstəqil Azərbaycan dövlətinin də fəaliyyətində lisenziyalaşdırma mühüm yer tutur. Çünki lisenziyalaşdırma təkcə iqtisadiyyatla bağlı deyil. O, hər bir dövlətin, onun vətəndaşlarının, həm də təhlükəsizlik (məsələn, radioaktiv və ionizə şüaları verən maddələr, onların tullantılarının saxlanılması və basdırılması, toksiki istehsalat tullantılarının ütilizasiyası və zərərsizləşdirilməsi, hava, su nəqliyyatları ilə yük və sərnişin daşınması, vətəndaşlarımızın xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti, bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı, neft və qaz məhsullarının satışı və s.) siyasətini əhatə edir.

Məhz bu prinsipləri əsas götürən ümummilli liderimiz Heydər Əliyev gənc dövlətin formalaşdırılmasında lisenziyalaşdırma siyasətinə də üstünlük vermiş, imkan daxilində onun sadələşdirilməsinə, asanlaşdırılmasına çalışmışdır. Onun 4 oktyabr 1997-ci il tarixdə qəbul etdiyi “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” fərmanı bu sahədə böyük əhəmiyyət kəsb edir. Həmin fərmana əsasən bu vaxtadək mövcud olan, daha doğrusu, lisenziya ilə tənzimlənən fəaliyyət növləri 37-yə endirilib. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 02 sentyabr 2002-ci il tarixli fərmanla isə lisenziyaların sayı 30-a endirilib. Həmin fərmana əsasən, lisenziya verilməsi haqqında “Qayda”lar da təsdiqlənib.

02 sentyabr 2002-ci il tarixli fərmandan da göründüyü kimi, lisenziyaların sayı, verilmə qaydaları daim təkmilləşdirilir. Prezident İlham Əliyev dönəmində də bu məsələ daim diqqətdə saxlanılıb.

Hər bir fəaliyyət sahəsi kimi, bu iş də Qanunla tənzimlənir. Ölkə Prezidenti İlham Əliyev 15 mart 2016-cı il tarixdə “Lisenziyalar və icazələr haqqında” Qanun imzalayıb. Bundan bir az əvvəl (21 dekabr 2015-ci il) isə “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalanıb. Fərmana əsasən 4 nömrəli əlavə də təsdiq olunub. Nəticədə 22 lisenziya növü ləğv edilib. Dövlət rüsumunun həcmi 2 dəfə azaldılıb, verilmə müddəti 15 iş günündən 10 iş gününə düşüb. Lisenziya verilən 55 sahə 33-ə endirilib.

Ümumiyyətlə, lisenziyalaşdırma elə sahədir ki, həmişə yeniləməyə, təkmilləşdirməyə ehtiyac var. Odur ki, dövlət başçısı 12 iyun 2020-ci ildə bununla bağlı yeni fərman imzalayıb. Bunun ardınca respublikanın Baş naziri həmin ilin 20 iyununda dövlət başçısının müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb. Bunlar lisenziyalaşdırma sahəsində hələlik son hüquqi aktlar sayıla bilər.

Prezident İlham Əliyev 23 dekabr 2019-cu il tarixli Fərmanı ilə “Elektron kənd təsərrüfatı informasiya sistemi (EKTİS) haqqında Əsasnamə” qəbul edib. Etil (yeyinti) spirti, alkoqollu içkilər, tütün məmulatları istehsalına və idxalına, baytarlıq preparatları istehsalı və satışına lisenziyalar verilməsi elektron qaydada aparılır.

Lakin həyat inkişafda, müasir texnologiyalar yaranmaqda, yeni fəaliyyət növləri artmaqdadır. Bu isə dövləti, müəyyən fasilələrlə, lisenziyalaşdırma siyahısında gələcəkdə də dəyişiklik etməyə sövq edir. Deməli, lisenziyalaşdırma siyahıları nə vaxtsa, yenidən təkmilləşdirilə bilər. Amma heç şübhəsiz ki, o, daha da təkmilləşərək, ölkəmizin vətəndaşlarının təhlükəsizliyinə, iqtisadiyyatı daha da şaxələndirməyə və gücləndirməyə xidmət edəcəkdir.

N.CAVADOV,

“Respublika”.