ŞƏMKİR: Düyərli kənd məktəbinin məzunu buraxılış imtahanında 300 bal toplayıb
Elm və təhsil

ŞƏMKİR: Düyərli kənd məktəbinin məzunu buraxılış imtahanında 300 bal toplayıb

Təhsilə göstərilən diqqət və qayğı həm paytaxtda, həm də regionlarda öz bəhrələrini verməkdədir. Keyfiyyətli təhsilin əlçatımlılığının artırılması, qiymətləndirmədə şəffaflığın artırılması, müasir tədris metodlarının tətbiq edilməsi yolunda həyata keçirilən tədbirlər Şəmkirdə də bu sahənin inkişafına təkan verməkdədir. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin 29 aprel tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayanda məlum oldu ki, ölkənin ən yüksək bal yığan məzunu region məktəbinin-Şəmkirin Düyərli kənd 2 nömrəli məktəbinin məzunudur. Bu xəbərin arxasınca - buraxılış imtahanlarında ən yüksək bal - 300 bal toplayan Kazımov Ayxan Seymur oğlunun təhsil aldığı məktəbə, Şəmkir rayonunun Düyərli kənd 2 nömrəli tam orta məktəbinə yollandıq. Məktəbin direktoru Bela İsmayılova Ayxan Kazımov haqqında danışaraq bildirdi ki, Ayxan əldə etdiyi yüksək nəticə ilə məktəbin, eləcə də rayonun adını yüksəklərə qaldırdı. Qeyd etdi ki, Ayxan həddindən artıq çalışqan, zəkalı bir şagirdimizdir. O, 9-cu sinif buraxılış imtahanında da 256.2 bal toplamaqla yüksək nəticə göstərmişdi. Müəllimləri onun buraxılış imtahanlarında olduğu kimi, qəbul imtahanlarında da yüksək bal toplayacağına inanırlar. Məlum oldu ki, Ayxanın hədəfi Bakı Ali Neft Məktəbində ali təhsil alaraq ölkəmizə gərəkli kadrlardan biri olmaqdır.

Məktəbin direktoru ilə söhbət zamanı bildirdi ki, daha 2 məzun yüksək bal yığmışdır. Belə ki, Verdiyev Tacəddin 263 bal, Tağıyeva Aynur 232 bal toplayıb. Əvvəlki illərdə olduğu kimi, bu il də məzunlar əsasən yaxşı nəticələr əldə etmişlər. Məktəb özünəxas tədris metodikası, ciddi nizam-intizamı, davamiyyəti ilə ön sıralarda qərarlaşır.

Məktəbdə 831 şagirdə 82 müəllim təhsil verir. 640 şagird yerlik təhsil müəssisəsinin 1-ci korpusu 2012-ci ildə Təhsil Nazirliyinin sifarişi ilə yenidən tikilib, 2-ci korpus isə əsaslı təmir olunub. Tədris ocağında 1 idman zalı, fənn kabinələri, fizika və kimya laboratoriyaları, akt zalı və bufet mövcuddur. Məktəb İKT sistemi ilə təchiz olunub. Dərs prosesində pandemiyanın şərtləşdirdiyi qaydalara əməl olunur, tədris qismən əyani davam etdirilir. Siniflər 2 qrupa bölünür, hər qrup həftədə 3 gün tədrisə cəlb olunur. Bəzi fənlər isə ümumiyyətlə distant formada tədris edilir.

Vəli VƏLİYEV,

“Respublika”.