Yeni kitabların təqdimatı
Mədəniyyət

Yeni kitabların təqdimatı

İyunun 8-də Mir Cəlal Paşayev adına Mədəniyyət Mərkəzində “Azərbaycan” nəşriyyatı, İctimai Nəzarət Koalisiyası rəhbərliyi tərəfindən ilk poliqrafçı alim Şəddat Cəfərovun 80 illiyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru Akif Cabbarlının 70 illiyi münasibətilə tədbir keçirilmişdir. Şəddat Cəfərovun “Acılı-şirinli günlər”, Akif Cabbarlının “Yolda” kitablarının təqdimatına həsr olunmuş tədbirdə çıxış üçün söz İctimai Nəzarət Koalisiyası İH-in sədri, “Sabitlik və İnkişaf” Mərkəzi İB-nin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti Rasim Məmmədova verildi. Natiq çıxışında tədbirə toplaşan qonaqlara öz minnətdarlığını bildirdi və hər iki dəyərli ziyalını həm yubileyləri, həm də yeni nəşr olunmuş kitabları münasibətilə təbrik etdi. O qeyd etdi ki, belə tədbirlərin keçirilməsində əsas məqsədimiz tanınmış ziyalıların, yazıçıların yaradıcılıqlarını böyük oxucu kütləsinə çatdırmaqdır. Geniş məruzə ilə çıxış edən Rasim Məmmədov onlara yeni yaradıcılıq uğurları arzu etdi.

Sonra söz Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, Xalq yazıçısı Çingiz Abdullayevə verildi. Yazıçı tədbirdə iştirak edən qonaqları möhtəşəm Qələbəmiz münasibətilə təbrik edərək vurğuladı ki, bu şanlı Zəfərimiz Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, Şanlı Ordumuzun yenilməzliyi və qəhrəman, igid övladlarımızın igidliyi sayəsində əldə olundu. Allahdan şəhid olmuş əsgərlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Çingiz Abdullayev bu tədbiri təşkil edənlərə öz təşəkkürünü bildirdi və tədbirin səbəbkarlarını təbrik etdi.

Tədbirdə yazıçı-jurnalist Flora Xəlilzadə, Xalq artisti Eldost Bayram, şəhid atası Nəriman Həmidov və digərləri öz çıxışlarında bu gözəl kitabların ərsəyə gəlməsinə görə onları təbrik etdilər, yeni yaradıcılıq uğurları dilədilər.

Sonda Akif Cabbarlı və Şəddat Cəfərov çıxış edərək tədbirin təşkilatçısı Rasim Məmmədova və qonaqlara öz minnətdarlıqlarını dilə gətirdilər.

 

Əli SADIQOV,

“Respublika”.