Məcburi köçkünlərin mütləq əksəriyyəti daimi yaşayış yerlərinə qayıtmaq niyyətindədir
Sosial həyat

Məcburi köçkünlərin mütləq əksəriyyəti daimi yaşayış yerlərinə qayıtmaq niyyətindədir

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri haqqında qonaqlara məlumat verən Rövşən Rzayev onların sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirildiyini, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması üzrə zəruri tədbirlərin davam etdirildiyini bildirib. Bu məsələlərə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın da həssas və qayğıkeş münasibət göstərdiyi vurğulanıb.

Azərbaycanın ötən il işğalçı Ermənistana qarşı apardığı 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etdiyi, 30 illik münaqişəni başa çatdırdığı qeyd olunub. Hazırda işğaldan azad edilmiş ərazilərin minalardan və partlayıcı qalıqlardan təmizlənməsi işləri aparılır, dağıdılmış şəhər və kəndlərin bərpasına, infrastrukturun yaradılmasına başlanılır. Bu zaman “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük verilməsi qərara alınıb. Doğma yurdundan ayrı düşmüş məcburi köçkünlərin mütləq əksəriyyəti öz daimi yaşayış yerlərinə qayıtmaq niyyətindədir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və layiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq.

Minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana təzyiq göstərilməsi ilə bağlı müraciət edildi. Bildirildi ki, xəritənin ölkəmizə verməkdən imtina edilməsi qayıdış prosesinin uzanmasına, eyni zamanda, həmin ərazilərdə xidməti vəzifəsini yerinə yetirən, işləyən vətəndaşların, o cümlədən doğma yurduna qayıtmağa tələsən bəzi məcburi köçkünlərin həyatlarını itirməsinə səbəb olur. Bildirilib ki, bir neçə gün əvvəl Kəlbəcər rayonu ərazisində öz xidməti vəzifələrini icra edərkən iki jurnalist və bir dövlət qulluqçusu vaxtilə erməni tərəfinin yerləşdirdiyi minanın partlaması nəticəsində həlak olublar. Onların hər üçünün Ermənistanın etnik ayrı-seçkilik və işğalçılıq siyasəti nəticəsində öz yurdunu tərk etmiş ailələrin övladları olduğu diqqətə çatdırılıb.

Səmimi qəbula görə təşəkkür edən Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş ata yurdu Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, Latviya hər zaman Azərbaycana dəstəyini nümayiş etdirib.

Sonra məcburi köçkünlərin məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi sahələrdə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC