Naxçıvanda böyük enerji potensialı yaradılıb
İQTİSADİYYAT

Naxçıvanda böyük enerji potensialı yaradılıb

Naxçıvan Muxtar Respublikası çoxəsrlik tarixə, maddi-mədəniyyət abidələrinə malik olan qədim Azərbaycan torpağıdır. 1921-ci ildə Zəngəzurun Ermənistana birləşdirilməsi bölgəni Azərbaycanın əsas hissəsindən ayrı salmışdır. Naxçıvan üç tərəfdən Ermənistanla, bir tərəfdən isə İran və Türkiyə ilə həmsərhəddir.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında baş verən hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycandan gələn elektrik xətlərinin Ermənistan tərəfindən kəsilməsi və həmin ilin noyabrında qaz nəqlinin dayandırılması regionu ağır duruma saldı.

Dəmiryol nəqliyyatında qatarların hərəkətinin dayanması (odun, daş kömür, neft məhsullarının qıtlığı) əsas gücü energetika təsərrüfatının üzərinə saldı. O illər Naxçıvanda enerji daşıyıcılarına olan tələbat çox az səviyyədə ödənilir, elektrik enerjisi fasilələrlə yaşayış üçün zəruri olan mühüm obyektlərə verilirdi. Araz çayı üzərində İranla birgə tikilən su elektrik stansiyası da tələbatın yalnız 5-6 faizini ödəyirdi.

Ulu öndər Heydər Əliyev muxtar respublikada yaşanan bu çətinliklər barədə demişdi: “Gecə saat ikiyə, üçə qədər iş otağımda az işıq verən neft lampası ilə oturub işləyirdim, bunu hamı bilirdi. Evlərə elektrik, istilik vermək üçün heç bir imkan yox idi. İnsanlar həqiqətən donurdular...”.

Həmin dövr ümummilli liderin Naxçıvanın xilası uğrunda fəaliyyətinin əsas istiqaməti muxtar respublikanın energetika və yanacaq problemlərinin həllinə yönəldi. 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyev həmin ilin dekabr ayında Türkiyənin “Aralıq” yarımstansiyasından “Sədərək” yarımstansiyasına 31,5 kilovoltluq elektrik xəttinin çəkilməsinə nail oldu və bölgəyə 3-4 meqavat gücündə enerji ötürülməyə başlandı. Həmin ərəfədə ulu öndərin başçılığı ilə Naxçıvan nümayəndə heyətinin Türkiyəyə səfəri əhəmiyyətli hadisə oldu. 1992-ci ilin mart ayında gerçəkləşən səfər zamanı Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və Naxçıvanın düşdüyü ağır vəziyyət müzakirə olundu. Görüşün nəticəsi olaraq, muxtar respublikanın qonşu dövlətlərlə bütün sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə birgə protokol imzalandı.

1992-ci ilin avqustunda Heydər Əliyev İran İslam Respublikasına ilk səfərini etdi. Səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair protokol imzalandı və İran İslam Respublikasından muxtar respublikaya 42 meqavat elektrik enerjisi daxil oldu. 1993-cü ilin may ayında Türkiyənin İğdır şəhərindən muxtar respublikaya 87,5 kilometr uzunluğunda xəttin çəkilişi başa çatdırıldı və həmin dövrdən 55-60 meqavat həcmində elektrik enerjisi ötürülməyə başlandı. Ümummilli liderin təşəbbüsü ilə Türkiyə və İranla bağlanan müqavilələr sonrakı illərdə də muxtar respublikanın sosial-iqtisadi cəhətdən dirçəlməsində mühüm rol oynamışdır.

Ulu öndərin yolunu müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikaya ilk səfərini edərkən demişdir: “Naxçıvanın əsas problemlərindən biri elektrik enerjisi məsələsidir. Bilirsiniz ki, buraya elektrik enerjisinin əsas hissəsi xaricdən gəlir. Naxçıvana 140 meqavat həcmində elektrik enerjisi verilir. Onun yalnız 20 meqavatı daxildə istehsal olunur. Qalanı isə Türkiyə və İrandan alınır. Bizim proqramlarımız, planlarımız var. Bu istiqamətdə işlər aparırıq ki, Naxçıvanı elektrik enerjisi ilə tam şəkildə təmin etmək üçün layihələr həyata keçirək. Qaz verilməsi məsələsi də gündəlikdədir. Bu istiqamətdə də işlər aparılır. Əlbəttə, əgər Naxçıvanla Azərbaycan arasında əlaqə olsaydı, buraya qaz vermək problem olmazdı... Belə olan halda, əlbəttə, başqa yollar arayırıq ki, bu məsələni də həll edək. Mən əminəm ki, bu məsələni həll edəcəyik. Bu məsələ də öz həllini taparsa, əlbəttə ki, Naxçıvanda yeni müəssisələrin yaradılması prosesi daha da sürətlə gedəcəkdir. Bizim məqsədimiz bundan ibarətdir”.

Muxtar respublikaya, nəhayət, 14 illik fasilədən sonra təbii qazın nəql olunması bərpa edildi. 2005-ci ildən Azərbaycan Naxçıvana təbii qazın verilməsini svop əməliyyatları ilə İran vasitəsilə həyata keçirir. Bu müqavilə 2025-ci ilə qədər qüvvədədir. Eyni zamanda Naxçıvanın qaz təchizatının daha da dayanıqlı olması və Naxçıvana qazın ötürülməsinin şaxələndirilməsi məqsədilə Türkiyədən də qaz nəqli həyata keçiriləcək.

Naxçıvan Muxtar Respublikasında energetika sahəsində əldə olunan uğurlar ilk növbədə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ilə bağlıdır. Ölkə başçısının 2006-cı ilin dekabr ayında muxtar respublikaya səfəri zamanı istifadəyə verilən yeni elektrik stansiyaları regionun elektrik enerjisi ilə təchizatında idxaldan asılılığı aradan qaldırdı. Prezident İlham Əliyev açılış mərasimində demişdir: “Vaxtilə qaranlıqda, qazsız, işıqsız yaşayan Naxçıvan artıq görülən işlər nəticəsində və orada tikilən və bərpa olunan elektrik stansiyalarının hesabına elektrik enerjisi ixrac edə biləcəkdir”.

Dövlətimizin başçısı həmin gün bölgə üçün xüsusi əhəmiyyət kəsb edən, ümumi gücü 87 meqavat olan Naxçıvan modul elektrik stansiyasını işə saldı. Hazırda Naxçıvanda tam gücü ilə işləyən enerji müəssisələrindən biri də Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1971-ci ildə Araz çayı üzərində tikilib istifadəyə verilmiş su elektrik stansiyasıdır. İl ərzində burada 93 milyon kilovat/saat elektrik enerjisi istehsal olunur.

Muxtar respublikada Vayxır Su Elektrik Stansiyası da istifadəyə verilmişdir. Onun ümumi gücü 4,5 meqavatdır. Burada istehsal olunan enerji ucuz başa gəlir. Stansiya Türkiyənin “Cengiz İnşaat Anonim” və “Aksoy” şirkətləri arasında imzalanmış ortaq müqavilə əsasında Heydər Əliyev Su Anbarı üzərində quraşdırılıb. Digər stansiyalardan fərqli olaraq, bu obyektin layihəsi, quraşdırılması, sazlanması və digər xərcləri yerli imkanlar hesabına ödənilir. İstehsal olunan enerji Şahbuz rayonunda istehlakçıların tələbatını tam ödəyir.

Energetika təsərrüfatında həyata keçirilən tədbirlər təkcə yeni və müasir tipli elektrik stansiyalarının tikintisindən ibarət deyil. Eyni zamanda, yüksəkgərginlikli elektrik xətlərində yenidənqurma və əsaslı təmir işləri aparılıb. Hazırda əsas diqqət ucuz və alternativ enerji mənbələrinin yaradılmasına yönəldilib. Bu məsələ regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramında da əksini tapıb. Bölgədə kiçik dağ çayları üzərində su elektrik stansiyalarının tikilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev bu sahədə qarşıda duran vəzifələrdən danışaraq demişdir ki, Naxçıvanda tikilən elektrik stansiyalarının və növbəti illərdə tikiləcək su elektrik stansiyalarının gücü elə olmalıdır ki, muxtar respublikada enerji təhlükəsizliyi tam şəkildə daxili resurslar hesabına təmin olunsun.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda enerji sektorunun inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu sahədə həyata keçirilən tədbirlər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da enerji təhlükəsizliyini təmin etmişdir. Belə ki, ölkə başçısının iştirakı ilə ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycanda ilk derivasiya tipli 22 meqavat gücü olan Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat “Arpaçay-1” və 1,4 meqavat “Arpaçay-2” Su Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi, 2019-cu ildə isə Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının qurulması Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verərək bildirdi ki, son illərdə yeni stansiyaların tikilib istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına imkan yaradıb. Bunun nəticəsidir ki, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin edilib, bir zamanlar yalnız idxal hesabına elektrik enerjisinə olan tələbatını ödəyən Naxçıvanda daxili istehsal hesabına ixrac potensialı yaranıb, bütün yaşayış məntəqələri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilib.

Araz çayı üzərində tikilən Ordubad Su Elektrik Stansiyasının gücü 36 meqavatdır. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunub. Bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Tənzimləyici bənddə ümumi işlərin 80 faizi yekunlaşıb. Su elektrik stansiyasında orta illik elektrik enerjisi istehsalı 190 milyon kilovat/saat nəzərdə tutulur.

Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm. Bu, mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm.

Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Bu gün bir neçə infrastruktur layihəsinin açılışında iştirak etmişəm, o cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini qeyd etmişik. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Naxçıvan Muxtar Respublikasında energetika infrastrukturu müasir tələblər səviyyəsində qurulub, alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə edilərək, günəş və su elektrik stansiyaları istifadəyə verilib. Nəticədə vaxtilə idxal hesabına enerji tələbatını ödəyən Naxçıvanda enerji təhlükəsizliyi tam təmin olunub.

Kamil İSMAYILOV,

“Respublika”.