Nicat günü
Siyasət

Nicat günü

Ümummilli liderimizin 34 il ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən adi insan təfəkkürünün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib.

Tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu mənada, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar. Zaman ötdükcə onların xalqı və vətəni üçün etdiklərinin, ölkəsinin inkişafındakı xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır. Azərbaycanın 1970-ci illərdən başlayan inkişafı, uğurları və yüksəlişi ümummilli liderimiz, müdrik zəka sahibi Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Ümummilli liderimizin 34 il ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən adi insan təfəkkürünün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli liderin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Belə bir gərgin və böhranlı vəziyyətdə xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Ona görə də hələ 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ulu öndərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. 4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələr, vəziyyətin silahlı qarşıdurma səviyyəsinə çatdırılması isə onsuz da ölkədə mövcud olan mürəkkəb vəziyyəti bir qədər də ağırlaşdırmışdı. Azərbaycan vətəndaş müharibəsinin astanasında dayanmış, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir məqamda yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar ulu öndərə müraciət etdilər. Əlbəttə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC- “Müsavat” hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin bu vəziyyətdən çıxacağına inamı artırdı. Bakıya qayıdan Heydər Əliyev hadisələri araşdırmaq, baş verənlərlə yerindəcə tanış olmaq məqsədilə Gəncəyə yollandı. Gəncədə apardığı danışıqlar nəticəsində silahsız, qan axıdılmadan məsələ həllini tapdı. Bununla da Azərbaycanı fəlakətə sürükləyə biləcək vətəndaş müharibəsinin qarşısı alındı. Ardınca dahi lider, digər təxirəsalınmaz tədbirlər həyata keçirdi. Bütün bunları görən, dəyərləndirən xalqımız ona etimad göstərdi və Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisin Sədri seçildi. Ulu öndərin Azərbaycan Parlamentinin sədri seçildiyi gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Bu baxımdan 15 İyun - Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Heydər Əliyev idi. İyunun 15-dən sonra Azərbaycanda ulu öndərin xilaskarlıq missiyası uğurla reallaşmağa başladı. Beləliklə, xalqımız özünün əsl müstəqilliyinə və dövlətçiliyinə 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşdu. O günlərdən 28 il ötür. Aradan keçən bu illər təkcə sözügedən qayıdışa bəslənən ümidlərin özünü doğrultması ilə yadda qalmadı, həm də Azərbaycanın bugünkü inkişafının etibarlı bünövrəsi qoyuldu. Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan tarixindəki rolu haqqında dünya siyasətinin tanınmış simalarından olan Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin dəyərli sözlərini xatırlayıram: “Çörçill ingilis millətinə 40 il xidmət etdi, ancaq bu, xidmətin sonunda, 1940-cı ildə lazım oldu. O zaman Çörçillin edəcəyi xidməti göstərəcək ikinci adam yox idi. Bəşər tarixində insanlar hər zaman millətinə xidmət edir, ancaq bəzən lazım olurlar. Ruzveltin 1942-ci ildə, de Qollun 1958-ci ildə, Adenauerin 1946-cı ildə lazım olduğu kimi... Hörmətli Heydər Əliyev Azərbaycan millətinə çox xidmət etmişdir, amma 1993-cü ildə lazım idi. Onun gördüyü işi görəcək başqa heç kim yox idi. Yaxşı ki o vardı!..”

Heydər Əliyev dühası Azərbaycan dövlətinin, xalqının bir millət kimi yetkinləşməsində müstəsna əhəmiyyət kəsb etdiyindən tariximizin çox parlaq şəxsiyyətlərindən birinə çevrildi. XX əsrdə ikinci dəfə müstəqilliyinə nail olmuş demokratik Azərbaycan dövlətinin qurulması istiqamətindəki xidmətləri böyük idarəçilik təcrübəsinə malik olan ümummilli liderimizin böyük tarixi şəxsiyyət olduğunu təsdiq etdi.

Vaxtilə Heydər Əliyevin müstəqil və ərazi bütövlüyünü tam görmək istədiyi Azərbaycan bü gün azaddır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il 44 günlük Vətən müharibəsində müzəffər Silahlı Qüvvələrimiz tərəfindən parlaq qələbə əldə edildi. Bu möhtəşəm uğuru son 25 il ərzində qalibiyyətin beynəlxalq hüquqi-normativ bazasının formalaşdırılması, informasiya blokadasının yarılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, milli iqtisadiyyatın gücləndirilməsi, ordu quruculuğunda həyata keçirilən islahatlar, qəhrəman zabit və əsgərlərimizin şücaəti, ən əsası isə Ali Baş Komandanın qətiyyəti şərtləndirdi.

Dünyada böyük əks-səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın öz müqəddəs torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələndi. Bu savaş İlham Əliyevin siyasətçi kimi müdrikliyini, Ali Baş Komandan kimi qətiyyətini nümayiş etdirdi. Tarixi Zəfər xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin təcəssümü oldu. 44 günlük savaş həm də Azərbaycanın siyasi-diplomatik uğurunun təntənəsi kimi tarixə düşdü. Müharibə günlərində Azərbaycanı öz yolundan döndərmək üçün xarici təzyiqlərə cəhd göstərildi. Lakin İlham Əliyev siyasi uzaqgörənliklə, diplomatik peşəkarlıqla həmin cəhdlərin qarşısını aldı. Prezident Ermənistanın işğal siyasətinin dəstəklənməsinə yönəlmiş bütün beynəlxalq təşəbbüslərə qətiyyətlə sinə gərdi, onların reallaşmasına imkan vermədi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi.

Hər bir azərbaycanlının qəlbində xüsusi yer tutan, qədim mədəniyyət beşiyi olan Şuşa 29 il çəkən işğal dövründə mənfur düşmənin vurduğu ziyanlara, törətdiyi dağıntılara baxmayaraq, özünün təkrarsız aurasını, milli ruhunu qoruyub saxladı. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbədən sonra əziz Şuşamızın yeni növrağı - qonaqlı-qaralı, çal-çağırlı günləri başlayıb. Hazırda Şuşada irimiqyaslı quruculuq işləri aparılmaqla yanaşı, həm də şəhərin tarixi ənənələri bərpa olunur, mədəni həyatı canlandırılır. Prezident İlham Əliyev 7 may 2021-ci il tarixində Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Mayın 12-13-də isə Şuşanın Cıdır düzündə dövlətimizin başçısının təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçirildi.

Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində Şuşanın inkişafı ilə bağlı böyük işlər görmüş və bütün bunlar Qarabağın Azərbaycan torpaqları olması barədə həqiqətləri dünyaya çatdıraraq erməni iddialarına böyük zərbə vurmuşdu. Bu gün isə Prezident İlham Əliyev Şuşanı bərpa edir, yenidən qurur. Lakin bərpa olunan Şuşanın yalnız dağıdılmış, talan olunmuş tarixi görkəmi, binaları, küçələri deyil. Bərpa olunan həm də Şuşanın milli kimliyidir, tarix boyu daşıdığı mənəvi statusudur. İlham Əliyev Şuşanın həm də milli-mənəvi keçmişini özünə qaytarır. Bu gözəl Azərbaycan şəhərini nəinki Qarabağın, bütün regionun mədəni mərkəzinə çevirir.

Ulu öndər Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Ulu öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. 1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşanın inkişafı məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdi. Ümummilli lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan Prezident İlham Əliyev də Vətən savaşı zamanı müsahibələrinin birində “Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi və xalqımızın tarixində, mədəniyyətində, qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini Şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində 28 ildən sonra yenidən öz doğmalarına qovuşdurdu.

Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.

Bu gün Prezident İlham Əliyev ümummilli liderimizin siyasi dəst-xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yolla gedən Azərbaycan dayanmadan yüksəlir, inkişaf edir, nailiyyətlər əldə edir, uğurlar qazanır. Heydər Əliyev vaxtilə qətiyyətlə bəyan etmişdir ki: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənasıdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Onun yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti ölkəmizi sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan gələcəkdə də dünyanın ən güclü dövlətlərindən biri kimi tanınacaqdır.

 

Vəli ALBƏNDOV,

“Qarabağ-E.R.” MMC-nin direktoru,

respublikanın Əməkdar mühəndisi.