Kəlbəcərə köç gedir...
Region

Kəlbəcərə köç gedir...

44 günlük Vətən müharibəsinin Böyük Qələbə ilə başa çatdığı 7 aylıq müddət ərzində doğma Qarabağdan saysız-hesabsız xoş xəbərlər eşidirik. Budur, Kəlbəcərə köç gedir. 30 il ərzində bizə xəyal kimi görünən bu xəbər indi həqiqətə çevrilmişdir. Bu sayaq hadisələri və bu hadisələrin yaddaşlarda qalan xatirələrini biz məcburi köçkün həyatı yaşayan cəbrayıllılardan, kəlbəcərlilərdən, digər soydaşlarımızdan eşitmişdik. İndi televizor göstərir; qoyun sürüləri min bir dərdin dərmanı olan, ota-çiçəyə bürünmüş yaylağa qalxır, arıçı cərgə ilə düzülmüş yeşiklərin yanında dayanıb xeyli məmnun halda yaxın gələcəkdə əldə olunası məhsuldan danışır.

Cəbrayıl Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov öz sevincini bizimlə bölüşür:

-Kəlbəcərdə bizim də yaylaqlarımız olub. 15 hektar ərazidə köç salmışıq. Hər il fərdi və ictimai təsərrüfatlardan 70-80 min baş davar yaylaqlara qalxırdı. Kəlbəcər yaylaqlarının çəmənlikləri heyvandarlığın inkişafına böyük köməklik göstərir. Bu yerlərin flora-faunası davarların bala artımına, çəkisinə, ətin dadına xeyirlidir.

Arıçı fermer deyir:

-İnşallah, əldə etdiyimiz balın iyirmi faizini şəhid ailələrinə hədiyyə etməyi nəzərdə tutmuşuq.

Yaxşı niyyətdir. Doğma Qarabağı öz canı-qanı hesabına işğaldan azad edən, bu gün Kəlbəcərin, Laçının, digər rayonların gözəlliklərini, yaylaqlarını, otlaqlarını bizə qaytaran Azərbaycan əsgərinin ailəsinə təkcə bal yox, dünyanın bütün nemətləri ana südü kimi halaldır.

 

Tofiq HÜSEYN,

“Respublika”.