Ermənistan ölkəmizə qarşı terror siyasətini davam etdirir
SİYASƏT

Ermənistan ölkəmizə qarşı terror siyasətini davam etdirir

Otuz ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları minalarla dolu məkana çevrilib. Bu amil Vətən müharibəsindən sonra da aktuallığını itirməyib. İşğaldan azad olunmuş ərazilərdə basdırılmış hər bir mina istənilən halda hərbçi və mülki əhaliyə qarşı böyük təhlükədir. Ermənistan tərəfi Azərbaycana minalanmış ərazilərin xəritəsini vermir və beynəlxalq humanitar hüquqa əsasən bu, ölkə əhalisinin hüquqlarını kobud şəkildə pozur, humanitar minatəmizləmə fəaliyyətinin planlaşdırılmasına və icrasına öz mənfi təsirini göstərir. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir.

Dövlətimizin başçısı İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdir: “Azad edilmiş torpaqların minalardan təmizlənməsi işi birinci dərəcəli vəzifədir. Bu işlər elə aparılmalıdır ki, işlər başa çatdıqdan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin”.

2020-ci il 10 noyabr tarixli Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoymuş birgə Bəyanatın imzalandığı vaxtdan etibarən Azərbaycan dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edib. Ərazilərdə 7449 ədəd piyada əleyhinə mina, 3643 ədəd tank əleyhinə mina və 9033 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilməsinə baxmayaraq mina qurbanlarının sayı artmaqda davam edir.

2021-ci il 4 iyun saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər —Sirac Abışov (AzTv telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac Xəbər Agentliyinin əməkdaşı), Arif Əliyev (Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Müharibədən sonra bir neçə belə bədbəxt hadisələr baş verib, insanlar həlak olub və yaralanıb. Bu hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün binalarımızı, tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb və partlamamış sursatlar da kifayət qədər çoxdur. Bu, növbəti erməni vandalizmi, insanlığa xas olmayan vəhşilikdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində iyunun 4-də Kəlbəcərdə azərbaycanlı dinc mülki şəxslərin mina partlaması nəticəsində həlak olması ilə bağlı paylaşım edib: “Azərbaycan xalqı müzəffər xalqdır! Onun iradəsini sındırmaq və onu qorxutmaq qeyri-mümkündür! Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Məkanları cənnət olsun!”

Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 130-a yaxın insan həlak olmuş və ya ağır yaralanmışdır. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və ölkəmizə qarşı terror siyasətini həyata keçirməyə davam edir.

Təəssüf ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin müxtəlif beynəlxalq təşkilatlarına mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərilməsi ilə bağlı çağırışları hələ ki, nəticəsiz qalıb. Jurnalist hüquqlarının müdafiəsi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları da susmaqda davam edir. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Ermənistana qarşı ikinci dövlətlərarası şikayət göndərib. Şikayətdə göstərilir ki, Ermənistanın ölkəmizin işğaldan azad edilmiş ərazilərindəki minaların xəritələrini təqdim etməkdən imtinası infrastruktur layihələrinin həyata keçirilməsini, şəhər və kəndlərin bərpasını və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını yubadır, Azərbaycan vətəndaşlarının İnsan Hüquqlarına dair Avropa Konvensiyasının bir sıra müddəalarında nəzərdə tutulmuş hüquqlarını pozur.

Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov məlum hadisəyə münasibət bildirərək deyib ki, hər bir jurnalistin həlak olması bütün jurnalistlər birliyi üçün faciədir. Azərbaycanlı jurnalistlər vəzifə borclarını yerinə yetirərkən həlak olublar. Onlar işğaldan azad olunmuş ərazilərdə mina terrorunun qurbanı olublar. Ümidvarıq ki, Qarabağda tam və qəti sülh tezliklə bərqərar olacaq. Bunun üçün Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış konkret Bəyanat var.

Özündə 71 qeyri-hökumət təşkilatını birləşdirən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində həyatını itirmiş media nümayəndələri ilə əlaqədar dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlarına müraciət edərək bildirib ki, tərəflər bütün məsələləri danışıqlar masasında həll etməyə razı olsalar da, Ermənistan Azərbaycanın azad edilmiş torpaqlarında minalanmış ərazilərin xəritələrini hələ də təqdim etmir, bu isə onun beynəlxalq humanitar hüquqla bağlı öhdəliklərini ciddi şəkildə pozması və müharibə cinayəti sayılır.

Ukraynalı siyasi analitik, Ukrayna Ali Radasının deputatı Nelli Yakovleva Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı vurğulayıb ki, silahlı münaqişələri işıqlandıran jurnalistlərin həlak olması böyük faciədir. Ukrayna artıq yeddi ildir ki, beynəlxalq silahlı münaqişə vəziyyətindədir. Biz mülki vətəndaşları itirmək ağrısının nə olduğunu hamıdan yaxşı başa düşürük və dərdinizə şərikik.

Ermənistan ordusunun qəddarlığı barədə beynəlxalq təşkilatlara dəfələrlə müraciət olunsa da, bu vaxta qədər heç bir tədbir görülməmişdir. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Məhkəməsi bu məsələyə xüsusi diqqət yetirməli və Azərbaycanın haqq işinə dəstək olmalıdır.

Məlum olduğu kimi əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Mina xəritələrinin əldə edilməsi yüzlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının uğurudur.

Kamil İSMAYILOV,

“Respublika”.