UCALIĞIN FATEHLƏRİ
Sosial həyat

UCALIĞIN FATEHLƏRİ

İnam, inanc yerimiz Vətəndir, onun uğrunda həlak olmaq qəhrəmanlıqdır, ona görə də ən böyük zirvə—şəhidlik zirvəsidir. Şəhid məzarları üçrəngli bayrağımıza bürünüb. Bayraqların kölgəsində şəhid məzarları, zənnimcə, bundan müqəddəs yer yoxdur bu dünyada. Şəhidlər qoymadı bayrağımız ensin, öz qanları ilə onu əbədi ucaltdılar.

Yaxşı yadımdadır. Ötən ilin payızında cəbhədə ağır döyüşlər gedir, düşmən müqavimət göstərirdi. Ermənistan ordusu həmin vaxt Ağdam rayonunun kəndlərini aramsız atəşə tutur, evlər dağılır, dinc insanlar həlak olurdu. Bu gün hər kəs bilir ki, 44 gün ərzində əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi, 30 il ərzində istehkamlar qurmuşdu. O istehkamları yarıb keçmək, müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz bunun öhdəsindən ləyaqətlə gəldilər.

Qalib Ali Baş Komandan İlham Əliyev Ermənistan adlı dövlətin 30 ildə yaratdığı mifi cəmi 44 günə yerlə-yeksan edərək, Ermənistan ordusunu rüsvayçı şəkildə məğlubiyyətə uğradıb. Xəyalları puç olan ermənilər köhnə bayatılarla dünyadan kömək ummaq üçün min sifətə düşdülər, okeanın hər iki tayında olan ağalarından imdad dilədilər, xeyri olmadı. İndi Ermənistanda ermənilər bir-birini didir, aşağılayır, təhqir edirlər. Düşməni belə acınacaqlı vəziyyətə Azərbaycan ordusu məcbur edib.

Vətən müharibəsində yüzlərlə ağdamlı silaha sarılaraq düşmənin başına od yağdırıb, Vətən torpağının azad edilməsi yolunda şəhid olub, yaralanıb. Onlardan biri də Ceyhun Məmmədovdur. Ceyhun Ağdam şəhərində doğulub, uşaq yaşlarından məcburi köçkünlüklə üzləşib. Həqiqi hərbi xidmətdə olarkən Vətən müharibəsi başlayıb. Cəsur döyüşçünün xidmət etdiyi minaatanlar bölüyü Suqovuşan istiqamətində düşmənə ağır zərbələr vurub. Döyüşlərin birində Ceyhun ağır yaralanır, hərbi hospitalda müalicə alsa da, bir ayağını itirib. Bu günlərdə rayon icra hakimiyyətinin nümayəndələri qazi Ceyhun Məmmədovun ailəsinə baş çəkiblər. Qaziyə əlil arabası verilib, ailəsinə isə ərzaq yardımı göstərilib.

Həmsöhbətim rayon icra hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Hüseynov İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Ağdam və Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak edib, ehtiyatda olan polkovnik-leytenantdır. Xaliq Hüseynov deyir:

- Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu Ermənistanı ağır məğlubiyyətə uğradıb. Qələbənin qazanılmasında xüsusi xidmətləri olmuş şəhidlərin ailələri, qazilər, Birinci Qarabağ müharibəsinin iştirakçıları dövlətimizin himayəsi altındadır. Bu günlərdə iki şəhidimizin ad gününü Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanında qeyd etdik. Şəhidlərin ailə üzvlərinin, silahdaşlarının, Ağdam Rayon İcra Hakimiyyəti əməkdaşlarının, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının iştirak etdiyi tədbirdə ilk olaraq şəhidlərin məzarı ziyarət edilib. Mərasim iştirakçıları şəhidlərimizin məzarı önünə gül dəstələri düzüblər.

Şəhid Mirrəhim İsmayılov Vətən müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə hərbi tapşırığı yerinə yetirən zaman itkin düşüb. Qəhrəman əsgərimizin 27 noyabr 2020-ci il tarixdə şəhid olduğu müəyyən edilib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhid Elçin Mahmudov Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub. “Vətən uğrunda” medalına layiq görülüb. Şəhidlər Vətənimizi ucaltdılar və özləri də ucalıq zirvəsinə qalxdılar.

Sonra Sarıcalı kənd tam orta məktəbinin həyətində İsmayılov Mirrəhim və digər iki şəhidimizin əziz xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub. Çıxış edənlər şəhidlərin Vətən naminə göstərdiyi qəhrəmanlıqdan, onların yurd sevgisindən söhbət açaraq qeyd ediblər ki, Azərbaycanın qalib olduğu haqq savaşında şəhidlərimizin unudulmaz fədakarlıqları olub.

Salman ALIOĞLU,

“Respublika”.