Masallı: taxıl əkini sahələri artıb
Region

Masallı: taxıl əkini sahələri artıb

Masallı kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir. Rayonun ümumdaxili məhsul istehsalında aqrar sahənin payı daha çoxdur. Əhalini ekoloji cəhətdən təmiz, keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək üçün yerli istehsala üstünlük verilir. Bu məqsədlə taxıl, tərəvəz, çay, çəltik, bostan bitkilərinin əkinləri ilbəil artırılır.

Taxılçılığın inkişafına maraq çoxdur. Taxıl əsasən dəmyə şəraitində yetişdirilir.  Keçən il rayonun şəxsi və fermer təsərrüfatlarında 9634 hektar sahədə taxıl əkilib. Bunun 6917 hektarı buğda, 2717 hektarı arpa sahələri olub. Məhsul istehsalı 22116,4 tona çatdırılıb. Hər hektardan 23 sentner məhsul yığılıb.

Bu il taxıl əkinləri 704 hektar artırılıb. Cəmi 10338 hektarda buğda və arpa yetişdirilib. Qarğalıq kəndində 1220 hektar sahədə, Təklə kəndində 1198 hektar,  Çaxırlı kəndində 798 hektar, Viləş kəndində 647 hektar sahədə payızlıq və yazlıq taxıl əkilib. Həsənli, Xırmandalı, Qızılağac, Oncaqala, Təzə Alvadı, Yeddioymaq kəndlərində keçən illə müqayisədə taxıl əkinləri artırılıb.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, bu il taxıl sahələrindən bol məhsul gözlənilir. Məhsulu vaxtında və itkisiz yığmaq üçün kifayət qədər texnika mövcuddur. Sahələrdə 36 kombayn işləyir. Texnikanın 8-i Masallı Aqroservis müəssisəsinə, 28-i şəxsi  təsərrüfatlara məxsusdur. Kombaynların 12-si təzə alınıb, texniki cəhətdən müasir və məhsuldarlıqları daha böyükdür.

Taxıl biçini ilə əlaqədar Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində qərargah fəaliyyət göstərir. Fermerlər texnika, eləcə də üzləşdiyi çətinliklərlə bağlı qərargaha müraciət edir və işlər operativ qaydada yoluna qoyulur.

Rayon statistika idarəsindən aldığımız son məlumata görə, arpa biçini başa çatmaq üzrədir. Təsərrüfatlarda 2697 hektar sahədə arpa biçilib, sahələrdən 5798,4 ton məhsul yığılıb. Bəzi kəndlərdə artıq buğda biçininə də start verilib. Hələlik biçilmiş 2055 hektar buğda sahəsindən 4605,5 ton məhsul yığılıb. Hektardan orta məhsuldarlıq 22,4 sentnerdir. Ümumilikdə taxıl əkinləri sahələrinin 46 faizi biçilib. Fermerlər biçin kampaniyasında fəallıq göstərirlər. Elin sərvətini vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələr səfərbər edilib.

Əlisəfa HƏSƏNOV,

 “Respublika”.