LƏNKƏRAN: MÜSTƏQİL HƏYATA ÇAĞIRIŞ
Region

LƏNKƏRAN: MÜSTƏQİL HƏYATA ÇAĞIRIŞ

“Son zəng”

Lənkəran şəhər 10 nömrəli tam orta məktəb rayonun nümunəvi və qabaqcıl təhsil ocaqlarından biridir. Budur, məktəbin onbirinciləri sevinc, həyəcan və kövrək hisslərlə doğma təhsil ocağının həyətinə daxil olurlar. Əziz, sevimli müəllimlərindən, şagird yoldaşlarından ayrılmaq hər biri üçün çox çətindir.  Şən, qayğısız məktəb illəri isə artıq sona çatır.

Məktəbin direktor əvəzi Rəşidə Məmmədova “Son zəng” münasibətilə tədbir iştirakçılarını salamlayır. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilir. Rəşidə xanım 76 nəfər şagirdin məktəbi bitirdiyini, dərs ilinin uğurla başa çatdığını bildirir. Builki “Son zəng”in Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə qazandığımız şanlı qələbənin sevinclərilə qeyd olunduğunu, məktəbin tərbiyəvi işlər üzrə təşkilatçısı, istefada olan polkovnik- leytenant Emin Quliyev və fiziki tərbiyə müəllimi Kənan İmanverdizadənin könüllü cəbhəyə gedib torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şücaət, fədakarlıq göstərdiklərini qürurla, fəxarətlə diqqətə çatdırır. Şagirdlərin bilik yarışlarında, respublika fənn olimpiadasında, ayrı-ayrı müsabiqələrdə bilik və bacarıqları ilə fərqləndiklərini deyir.

Tədbirdə valideyn Ramin Hüccətov, məktəbin tərbiyəvi işlər üzrə  təşkilatçısı, Vətən müharibəsinin iştirakçısı Emin Quliyev, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Azər Məmmədov onbirincilərə həyatın enişli-yoxuşlu yollarında çətinliklərə sinə gərməyi, Vətənə, dövlətçiliyimizə ləyaqətlə xidmət etməyi arzulayırlar.

Onbirincilərin sinif rəhbərləri: Orucəli Cəfərov, Maya Abbasova, Könül Babayeva və Gülər Hüccətovaya,  eləcə də məktəbin qabaqcıl müəllimlərindən bir neçəsinə Fəxri fərmanlar təqdim olunur.

Məktəbin XI sinif şagirdi, “Xarıbülbül” onlayn respublika şeir və mahnı müsabiqəsinin qalibi Nəsimi Becanlının ifa etdiyi “Xudayar təsnifi” hamıda kövrək hisslər oyadır.

Onbirincilər üçrəngli bayrağımızı, məktəbin rəmzi açarını birincilərə təqdim edirlər. “Son zəng”in kövrək sədaları altında onlar doğma məktəbdən ayrılırlar.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.