Sağlam həyat
Maraqlı

Sağlam həyat

İnsan ömrü 150 ilə qədər uzana bilər

Ölümsüzlük, gənclik çeşməsi və ya əbədi yaşamaq. Mark Tvenin dediyi “Yalnız 80 yaşında dünyaya gələrək tədricən 18-ə yaxınlaşsaydıq həyat sonsuz dərəcədə xoşbəxt olardı” fikirləri əsrlər boyu ən böyük istəklərimizdən olub.

Sinqapurda yerləşən Biotexnika şirkəti Geronun tədqiqatçıları “Nature Communication” jurnalında dərc olunan məqalələrində 120-150 yaş arası insan ömrünü təyin edən yaşlanma dinamikasını araşdırıblar. “Qan markerlərinin uzununa təhlili tədricən yaşlanma tempini proqnozlaşdırır” başlıqlı yazılarında elm adamları ölümün stress faktorlarından asılı olmayan daxili bioloji xüsusiyyət olduğunu söyləyirlər.

Bu təkamülü qiymətləndirmək üçün tədqiqatçılar ABŞ, İngiltərə, Rusiyadan olan insanların sağlamlıq məlumatlarına, qan hüceyrələrinin miqdarındakı dəyişikliklərə və addım saylarına diqqət ediblər. Timth Pyrkovun rəhbərlik etdiyi qrup, yaş artdıqca, xəstəlikdən kənar amillərin bədəndə qan hüceyrələrini bərpa etmək qabiliyyətinə malik və artan bir azalmaya səbəb olduğunu müşahidə ediblər. Eniş sürətinin getdikcə azalmaya doğru irəlilədiyini və tamamilə yox olacağını aşkarlayıblar. Bu, insanlarda 120-150 il arası yaşı əhatə edir.

Tədqiqatın ən maraqlı müşahidəsi isə ömrün otuzuncu və qırxıncı illəri arasında bədənin stresslə mübarizəsinin, özünübərpa qabiliyyətinin yavaş-yavaş azalmasını əhatə edir.

Mütəxəssislər qocalma prosesini ləngitmək və sağlamlıq müddətini uzatmaq üçün dərmanların inkişafına rəhbərlik etmək niyyətindədirlər.

 

Sardina balığı tip 2 diabetin qarşısını almağa kömək edir

İspaniyanın Oberta de Catalunya Universitetinin tədqiqatçılarının araşdırmalarına görə, sardina balığının müntəzəm istifadəsi tip 2 diabetin qarşısını ala bilər. Sardina balığı orqanizm tərəfindən asan sorulan, tərkibi keyfiyyətli zülallarla zəngin qidalardandır.

Təzə sardinanın tərkibi yüksək miqdarda fosfor, kalium, kalsium, maqnezium, omeqa-3, A və D vitamini ilə zəngindir.

Məlum olduğu kimi, şəkər bir çox problemlərə, müxtəlif patalogiyalara səbəb olur. Şəkərli diabetin ən çox rast gəlinən fəsadları, ürəkdə yaranan problemlərlə yanaşı, yüksək qan təzyiqidir. Diabet görmə qabiliyyətini azaldır, hətta korluğa da səbəb olur. Bütün bunlar metabolizmin yavaşlaması və qan damarlarının tıxanması səbəbindən baş verir.

Mütəxəssislər balığın tərkibindəki yağ turşuları və vitaminlər (A və D) sayəsində bədəndəki xolesterinin səviyyəsinin aşağı düşməsini, bundan başqa, A vitamininin görmə qabiliyyətinə, qan təzyiqi kimi digər sağlamlıq parametrlərinə müsbət təsirini müəyyən ediblər.

Onlar bu təbii qida məhsulunun təsəvvür edə biləcəyimizdən daha faydalı olduğunu bildiriblər.

Tədqiqatçılar şəkərli diabet diaqnozu qoyulmuş 65 yaşdan yuxarı 152 nəfər xəstəni sınaqlara cəlb ediblər. Elm adamları diabetin inkişafını azaltmağa yönəldilmiş bir qidalanma proqramı hazırlayıblar. İştirakçıların pəhrizinə hər həftə 200 qram sardina əlavə edilib. Bir ildən sonra şəkərli diabetdən əziyyət çəkənlərdə xəstəliyin risk səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi müşahidə olunub.   

Tədqiqatla bağlı ətraflı məlumat “Your healthy living” veb saytına istinad edilib. 

 

Süd istehlakı xolesterolun səviyyəsini aşağı salır

İngiltərə, Avstraliya və Yeni Zellandiyadan olan tədqiqatçılar qrupu mütəmadi olaraq çox miqdarda süd içən insanlarda bədənin kütlə indeksi (BMİ) olmasına baxmayaraq, xolesterolun səviyyəsinin aşağı olduğunu öyrəniblər.

“Obezlik, hipertoniya kimi bir sıra xəstəliklər dünyada ölümün əsas səbəbləri olan kardio-metabolik problemlərə təkan verir. Pəhriz kardio-metabolik xəstəliklərin əsas determinantıdır və tədqiqatlar süd istehlakının ürək-damar risk faktorlarına müsbət təsirini ortaya qoyur. Bundan əlavə, süd kalsiumun əsas mənbəyi olması ilə arterial kalsifikasiyaya (arterioskleroz) qarşı da, potensial təsirə malikdir”, -deyə Reading Universitetinin professoru Vimal Karani izah edib.

Tədqiqatçılar, laktoza olaraq tanınan süd şəkərinin həzmi ilə əlaqəli genetik yanaşma tətbiq ediblər. Mütəxəssislər 417.236 nəfərədək sınaq iştirakçılarının metaanalizlərini nəzərdən keçiriblər.

“Biz gördük ki, daha çox süd istehlak edən genetik dəyişikliyə sahib iştirakçılarda yüksək BMİ, bədən yağları var, lakin xolesterolun səviyyəsi aşağıdır. Bununla yanaşı, bu cür iştirakçılarda korner ürək xəstəliyi riskinin də olmamasını müşahidə etdik. Tədqiqatımız südün indiyə qədər ürək xəstəliklərinə qarşı mənfi təsir anlayışını yox edir. Hazırda bizi düşündürən əsl məsələ süd məhsullarındakı yağ tərkibinin xolesterolun səviyyəsini necə aşağı salması ilə bağlıdır.

Məlumat “İnternational Journal of Obesity” jurnalında dərc edilib.

 

Zəncəfil tromboz və iltihabın qarşısını alır

Miçiqan Universitetinin tədqiqatçılarının “JCİ İnsight” jurnalında yayımlanan araşdırmalarına görə, zəncəfil kökünün ən bioaktiv birləşməsi gingerol qanda laxtalanmanın (tromboz) və lupus sindromunun qarşısını ala bilər.

Şəfalı xassələrə malik olan zəncəfil uzun əsrlərdir ki, çoxsaylı xroniki xəstəliklərin müalicəsində istifadə edilir. Bu bitki antibakterial, antiseptik, iltihab əleyhinə xüsusiyyətlərə malikdir.

Miçiqan Universitetinin professoru Ramazan Ali və həmkarları zəncəfil kökünün tərkibindəki gingerol maddəsinin immun sisteminə hücum edən, iltihaba səbəb olan lupus və qan laxtalanması ilə müşayiət olunan antifosfolipid sindromunun qarşısını ala biləcəyini müəyyən ediblər.

Siçanlar üzərində aparılan təcrübələrdə mütəxəssislər gingerol maddəsinin təsiri ilə qanda laxtalanma və iltihabın azalmasını müşahidə ediblər.

“Laxtalanmaya meyillilik kəskin şəkildə azaldı və gingerolun fosfodiesteraz adlanan neytrofil fermentlərini inhibə etməsi ortaya çıxdı. Ancaq ən təəccüblüsü isə siçanlarda lupus və antifosfolipid sindromunun olub-olmamasından asılı olmayaraq, iltihab yaranmasına dəlalət edən otoantikorların azalması müşahidə edildi”,-deyə tədqiqatçılardan Jason Knight bildirib.

Tədqiqat siçan modellərində aparılıbsa da, elm adamları yaxın müddətdə insanlar üzərində klinik sınaqlara hazırlaşırlar.

“Zəncəfilin saymaqla bitməyən faydalarına bunu da əlavə etdik və ümid edirəm ki, klinik sınaqlarımız öz təsdiqini tapdıqdan sonra aktiv xəstəliyi olan insanlar qan durulaşdıran, iltihab əleyhinə dərmanlar əvəzinə bu təbii bitkidən daha çox istifadə edəcək”, -deyə, R.Ali qeyd edib.                            

 

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.