Əhalinin içməli suya olan tələbatı yaxşılaşdırılır
Digər xəbərlər

Əhalinin içməli suya olan tələbatı yaxşılaşdırılır

Azərbaycanda şirin su ehtiyatları məhdud olduğu üçün ondan istifadə bütün dövrlərdə aktual olub. Su təchizatını yaxşılaşdırmaq tariximizin inkişaf dövrü XIX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf edir. Xaçmaz rayonu ərazisindən Abşeron yarımadasına 187,5 kilometr uzunluğunda Şollar-Bakı  su kəməri çəkilib və 1917-ci ildə istismara verilib, Bakı şəhərində ilk dəfə mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb.  1958-ci ildə Xaçmazdan Bakıya ikinci kəmər çəkilib.

Abşeron yarımadasında sənayenin sürətli inkişafı və əhalinin artımı nəticəsində içməli suya olan tələbatı ödəmək üçün 1961-ci ildə Ceyranbatan Sutəmizləyici Qurğuları işə salınıb. Ümummilli liderin təşəbbüsü və  rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Kür Sutəmizləyici Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib. 1998-2002-ci illərdə Kür və Ceyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb, su təsərrüfatının maddi-texniki bazası yaxşılaşdırılıb.

Ümummilli lider Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə paytaxta yüksəkkeyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ ərazisinin  yeraltı sularının öyrənilməsi barədə tapşırıq vermişdi. Ulu öndərin ideya müəllifi olduğu həmin layihə Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldı. 2007-ci ilin martında Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli qoyuldu. Oğuz rayonu ərazisindən  Abşeron yarımadasına 262,5 km özüaxımlı magistral su kəməri çəkildi və  2010-cu ilin dekabrında istismara verildi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi.

Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsinin içməli su problemi ilə üzləşən rayonların tələbatının ödənilməsinə yönəltməyə imkan yaratdı. Qurğuda emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muğan və Sabirabad-Saatlı su kəmərləri istismara verildi. Bununla da Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Saatlı və Sabirabad şəhərləri, həmçinin kəmərlərin marşrutu boyu 30-dan artıq kənd keyfiyyətli içməli su ilə təmin olundu. 

2020-ci il martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə regionlarda tikilmiş ən böyük içməli sutəmizləyici qurğulardan olan -- Şəmkirçay təmizləyici qurğusu istismara verildi. Məhsuldarlığı sutkada 140 min kubmetr olan bu qurğu  450 mindən artıq insanın dayanıqlı və təhlükəsiz içməli su təminatına hesablanıb. Bu yaşayış məntəqələrini içməli su ilə təchiz etmək məqsədilə qurğudan Gəncə şəhərinə 27 kilometr, Şəmkir şəhərinə 16,5 kilometr uzunluğunda magistral su kəmərləri çəkilib, Lənkəran, Mingəçevir, Quba, Qobustan və Ağstafa sutəmizləyici qurğuları təhvil verilib. Girdimançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə 182 kilometr  uzunluğunda 4 magistral kəmər  çəkilib. Hazırda bu magistral kəmərlərə yaxın yerləşən 50-dən artıq kənd Külüllü mənbəyi hesabına keyfiyyətli içməli su ilə təmin olunur.

Ötən dövrdə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 19 kubmetrdən çox olan 44 yeni içməli su mənbəyi yaradılıb. Quraqlıq nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş vermiş dəyişiklikləri nəzərə alaraq Tovuz, Gədəbəy, Şamaxı və Lerik şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra edilib. Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin ümumi sayı 1 milyon 500 min nəfər olan 1126 kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər də görülüb. Prezident İlham Əliyevin 2017 və 2018-ci illərdə imzaladığı sərəncamlar, həmçinin dövlət investisiya proqramları çərçivəsində son 4 ildə 254 kənddə içməli su layihələri icra olunub. Bununla da 400 min kənd sakininin keyfiyyətli içməli suya olan tələbatı təmin edilib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdikdən sonra “Azərsu” ASC-nin mütəxəssisləri Şuşa şəhərinin su təchizatı sistemlərinin araşdırılmasına başladı.  Mürəkkəb relyef və sərt iqlim şəraitində Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə bərpa edildi və noyabrın 25-də Şuşaya suyun verilişi bərpa edildi. Şuşa şəhəri ilə yanaşı, işğaldan azad edilmiş Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilan rayonlarında xidmət aparan heyətin yerləşdiyi bina və tikililərin, sərhəd zastavalarının su təminatı ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya infrastrukturunun inkişaf etdirilməsi məqsədilə Abşeron yarımadasının su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üzrə Master Plan hazırlanıb və layihələr bu sənədin tələblərinə uyğun icra edilir. Master Planın əsas layihələrindən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və 84 kilometr uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri, həmçinin kəmərin marşrutu boyunca yerləşən anbar kompleksləri istehlakçıların dayanıqlı su təminatı üçün yeni imkanlar açıb. Yeni yaradılmış infrastruktur hesabına Pirallahı, Dübəndi, Gürgan, Türkan, Zirə, Qala, Mərdəkan, Şüvəlan və Şağan qəsəbələri, həmçinin Binəqədi, Sabunçu və Suraxanı rayonlarının digər  yaşayış məntəqələri dayanıqlı içməli su ilə təchiz edilib.  

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin qrantı hesabına  icra edilmiş layihə çərçivəsində Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 14 mindən artıq sakin fasiləsiz rejimdə içməli su ilə təmin olunub. Abşeron yarımadasında ekoloji problemlərin həlli məqsədilə icra olunan “Təmiz Şəhər” layihəsi Balaxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin yaradılmasına imkan verib.

Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Xırdalan şəhərinin su təchizatı  və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlər yekunlaşıb. Şəhər əhalisinin dayanıqlı su təminatı məqsədilə ümumi tutumu 20 min kubmetr olan +118 “Abşeron” və +82 “Masazır” su anbarları tikilib. Layihə çərçivəsində Xırdalan şəhərində  167 kilometr içməli su və 83 kilometr kanalizasiya şəbəkəsi yaradılaraq abonentlərin yeni şəbəkələrə qoşulması təmin edilib. Şəhərdə yağış və tullantı sularının optimal idarə olunması məqsədilə 1 və 26 saylı kanalizasiya nasos stansiyalarının ərazisində yeni nasos stansiyaları inşa edilib, 26 saylı nasos stansiyasından Binəqədi kollektoruna qədər 1200 mm diametrli borularla 4 kilometr uzunluğunda təzyiqli kollektor tikilib.

Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 830 min kubmetr olan 7 sutəmizləyici qurğu, 260-dan çox su anbarı və anbar kompleksi, 22 min kilometrədək  magistral və paylayıcı su xətləri tikilib, 357 artezian və subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində abonentlərin sayı 700 min artaraq 1 milyon 630 minə çatıb. 2004-cü illə müqayisədə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 81,6 faizə, ölkə üzrə isə 70,5 faizə qalxıb. İçməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzarətdə saxlanılması məqsədilə müasir Mərkəzi Laboratoriya inşa edilib və beynəlxalq akkreditasiyadan keçib. Yeni laboratoriya yaradıldıqdan sonra içməli və tullantı sularının təhlil edilən göstəriciləri 39-dan 118-ə, nümunə sayı 7 mindən 74 minə, monitorinq nöqtələrinin sayı isə 94-dən 4270-ə çatdırılıb.

Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə edilməklə respublikada  9 regional laboratoriya yaradılıb. Regional laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də daim nəzarətdə saxlamaq mümkündür. Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütöv regiondakı su ehtiyatlarının yalnız 15 faizini əhatə edir. Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da ölkəmiz üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Bu, ilk növbədə Azərbaycandakı su mənbələrinin fərqli yerləşmə məkanı ilə əlaqədardır. Ölkəmizin qiymətləndirilən su ehtiyatları 30,9 milyard kubmetrdir. Bunun 33 faizi yerli daxili sulardır, 66 faizi transsərhəd  çaylarının hesabına formalaşır. Əsas su mənbələri olan Araz və Kür çaylarının qonşu dövlətlər tərəfindən çirkləndirilməsi də vəziyyəti ağırlaşdırır. Son illər yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına səbəb olur.

 Bu gün  Kür çayı ölkə əhalisi üçün əsas içməli su mənbələrindən biridir. Ölkəmizə bu çay vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır və hər iki dövlətin şəhər və qəsəbələrinin təmizlənməmiş tullantı sularının  Kür çayına axıdılması onun hidrokimyəvi rejiminə və suyun keyfiyyətinə güclü mənfi təsir göstərir. Şirin su ehtiyatlarımızın daha bir qismi Araz çayı hesabınadır ki, bu çay da İran və Ermənistan ərazisində çirklənməyə məruz qalır. Şimaldan Rusiyanın Dağıstan ərazisindən gələn Samruda da vəziyyət yaxşı deyil. Bizim  üçün təhlükəlisi budur ki, Ermənistan  və Gürcüstan ətraf mühitin mühafizəsi üzrə heç bir beynəlxalq konvensiyaya qoşulmayıb. Azərbaycan bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə Konvensiyanın iştirakçısıdır. Məhz transsərhəd çirklənmənin səviyyəsinə nəzarət üçün Qazax (Kür çayı) və Beyləqan (Araz çayı) rayonlarında regional laboratoriyalar-monitorinq mərkəzləri yaradılıb.

Bu gün Azərbaycanın 12 yeraltı içməli su ehtiyatı mənbəyi var. Bunların cəmi sutkada  24 milyon kubmetr təşkil edir. Yeraltı su yataqları səmərəli istifadə edildikdə uzun illər boyu mövcud ola bilir. Lakin su yataqlarından səmərəli və düzgün istifadə edilmədikdə suların parametrləri və tərkibi dəyişir. 

Kamil İSMAYILOV,

“Respublika”.