Meliorasiya və su təsərrüfatının uğurlu inkişafı ölkədə ərzaq bolluğunun təminatçısıdır
İQTİSADİYYAT

Meliorasiya və su təsərrüfatının uğurlu inkişafı ölkədə ərzaq bolluğunun təminatçısıdır

Bütün peşə sahələrində çalışanların, o cümlədən su təsərrüfatı və meliorasiya işçilərinin əməyi də çox qiymətli və şərəflidir. Meliorasiya və su təsərrüfatı işçiləri o insanlardır ki, məhz onların əməyi ilə susuz çöllər, ərazilər su ilə təmin olunur. Şorlaşmış torpaqlar duzlardan təmizlənərək münbitləşir, bataqlıqlaşmış sahələr qurudulur, bəndlər və dambalar tikilməklə çayların axınları tənzimlənir, sel və daşqınların zərərli təsirlərinin qarşısı alınır və ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatı üçün əlverişli şərait yaradılır.

Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən 5 iyun tarixində “Meliorasiya və İrriqasiya haqqında” Qanun imzalanmışdır.

24 may 2007-ci il tarixdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanmış Sərəncamla 5 iyun günü “Meliorator günü” kimi təsis edilmişdir. Daha sonra ölkə başçısının 14 may 2014-cü il tarixində imzaladığı yeni Sərəncamla 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunur.

Aparılmış təhlillər göstərir ki, meliorasiya və irriqasiya işlərinə respublikamızda keçən əsrin əvvəllərində başlanılmasına baxmayaraq, onun daha geniş inkişafı ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. 1971-1975-ci illərdə ölkədə meliorasiya işlərinə 1966-1970-ci illərdəkinə nisbətən iki dəfədən çox vəsait ayrıldı. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olundu, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri yaradıldı.

1976-1982-ci illərdə ulu öndərimiz Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində su təsərrüfatı və meliorasiya obyektlərinin tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 89,6 min hektar yeni suvarılan sahələr istifadəyə verildi, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı.

“Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış müdrik bir şəxsiyyət, dünya şöhrətli siyasətçi ulu öndərimiz Heydər Əliyev meliorasiya və irriqasiya sahəsini daim diqqətdə saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.

Onun respublikamıza rəhbərliyi dövründə meliorasiya fondu 2 dəfədən çox artmış, məhz bu fondların yaranması hesabına suvarma əkinçiliyi özünü doğrultmuş və yüksək effekt vermişdir. Suvarılan torpaqların məhsuldarlığı iki dəfəyə yaxın artmış, kənd təsərrüfatı məhsullarının istehsalı bir neçə dəfə çoxalmışdır.

Belə ki, 1970-ci ilə nisbətən 1980-ci ildə respublikada taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz və tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, mal-qara və quş 1,4, süd 1,8 dəfə artmışdır. İllik su balansının 30%-nin öz ərazimizdə, qalan 70%-nin isə tranzit xarakterli olması, yeni suvarılacaq sahələrin dövriyyəyə verilməsi üçün suvarma mənbələrinin yaradılması problemini qarşıya qoymuşdur.

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi ilə meliorasiya və su təsərrüfatı sahəsinə əvvəlki diqqət və dövlət qayğısı bərpa olunmuş, sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Onun göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar ilk növbədə bu sahənin inkişafına yönəldilmiş, sahənin yeni təsərrüfatçılıq prinsiplərinə uyğun inkişafını təmin etmək məqsədilə islahatların həyata keçirilməsinə başlanılmış, onların normativ-hüquqi bazası yaradılmışdır. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlanıb ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu Qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirilmişdir.

“Meliorasiya və irriqasiya haqqında” Qanuna uyğun olaraq 1997-ci il yanvarın 1-dən respublikada mərhələ-mərhələ sudan pullu istifadəyə keçilməsinə başlanılmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox məsuliyyətli və taleyüklü bir vəzifəni unikal dövlət idarəçiliyi təfəkkürünə malik cənab İlham Əliyevə etibar etməsi olmuşdur.

Çox böyük fəxr ilə qeyd etmək olar ki, ulu öndərimizin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

Möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycan böyük və şərəfli bir inkişaf yolu keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam təmin edilmişdir.

Əzəli və tarixi torpaqlarımız olan doğma Qarabağımız işğaldan azad edilmiş, ərazi bütövlüyümüz təmin olunmuş, xalqımızın Qarabağ həsrətinə son qoyulmuşdur.

Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51693 kilometr suvarma kanalı, 31958 kilometr kollektor-drenaj şəbəkəsi, 1066 nasos stansiyası, 138,3 min müxtəlif hidrotexniki qurğu, 8282 subartezian quyusu, 2073 kilometrdən artıq sel və daşqınlardan mühafizə bəndi, 400 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur.

Bütün maliyyə mənbələri hesabına 2004-2020-ci illərdə 4,5 min kilometr uzunluğunda suvarma kanallarının, 3,3 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 473 min hektar sahədə torpaqların su təminatının və 303 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 202 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 kilometrdən artıq hissəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 200 kilometr mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2990 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoqolovoçay, Ləvain) təmir-bərpa edilmişdir.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 kilometr olan təsərrüfatlararası kanalların yenidən qurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan Kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur-Abşeron kanalının 50-ci kilometrdən suyun Taxtakörpü su anbarına verilməsi məqsədilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 kilometr olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 kilometrə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır.

15 noyabr 2014-cü ildə möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş, Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 kilometr uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılmışdır.

Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının inşası 2016-cı ildə tamamlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də öz uğurlu fəaliyyətini davam etdirmişdir.

Aqroparkların, iri taxılçılıq, pambıqçılıq və digər təsərrüfatların yaradılması məqsədilə Şəmkir maşın kanalının nasos stansiyasının suvermə qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası üzrə kanalın 33 kilometr uzunluğunda olan vacib hissələrində yenidənqurma işləri yerinə yetirilmişdir. Şəmkirçay su anbarından Şəmkir rayonunun 2500 ha torpaq sahəsinə suyun verilməsi üçün Şəmkirçay təsərrüfatlararası paylayıcı kanalların tikintisi üzrə 14536 metr paylayıcı suvarma boru kəmərləri qurğularla birlikdə çəkilmişdir. Goranboy rayonunun 4950 ha torpaq sahəsinə suvarma suyunun verilməsi üçün Şəmkir maşın kanalının II növbəsinin zonasında 17404 metr uzunluğunda təsərrüfatlararası paylayıcı kanalların tikintisi işləri aparılmışdır. Arazın yeni qol kanalının sağ sahilində yerləşən 12863 ha torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün Əzizbəyov adına kollektorun 65,7 kilometr hissəsinin yenidən qurulması və 27438 metr suyığıcı drenlərin tikintisi üzrə işlər yerinə yetirilmiş, sol sahilində 14200 ha yeni torpaq sahəsinin suvarılması üçün 15925 metr dəmir-beton kanalların qurğularla birlikdə və 12000 metr qəza sutullayıcısının tikintisi işləri başa çatdırılmışdır. Sabirabad rayonunun 5000 ha qış otlaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 18960 metr qapalı suyığıcıların və 169720 metr qapalı drenlərin qurğularla birlikdə tikintisi işləri yerinə yetirilmişdir. 

Yevlax və Goranboy rayonlarında 2960 ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Qarabağ kanalı üzərində məhsuldarlığı saniyədə 2 kubmetr olan nasos stansiyasının, 17052 metr uzunluğunda basqılı boru kəmərinin, 6400 metr selötürücü kanalların və 2 ədəd 100 min kubmetr həcmində su hovuzunun tikintisi işləri görülmüşdür. Ağcabədi rayonu ərazisində 2500 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Mil kanalından qidalanan 100 min kubmetr həcmində su hovuzunun, Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Mil kanalında nasos stansiyasının, 3 kilometr uzunluğunda basqılı boru kəmərinin, 50 min kubmetr həcmində su hovuzunun tikintisi işləri görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala və Biləsuvar rayonlarından keçən hissəsində yerləşən 20 min hektar qış otlaq sahələrini suvarma suyu ilə təmin etmək üçün Kür çayı üzərindəki nasos stansiyasının və magistral kanalın suvermə qabiliyyətinin artırılması məqsədilə layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır. Saatlı rayonunun 20 min hektardan çox əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Kür çayından əlavə suyun verilməsi və Bərdə rayonunda 3150 ha torpaq sahəsinin suvarma suyu ilə təminatı tədbirləri üzrə layihə-smeta sənədləri hazırlanmışdır.

Qazax, Zərdab, Astara, Ucar, Ağcabədi, İmişli, Xaçmaz, Şəki rayonlarında əkin sahələrinin su təminatının yaxşılaşdırılması və Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə layihə sənədləri hazırlanmışdır.

Suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması tədbirləri üzrə Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası ilə əlaqədar tikinti işləri davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə respublikanın 39 şəhər və rayonunun 338 yaşayış məntəqəsində 9547 ha əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 443 ədəd subartezian quyusunun layihə-smeta sənədləri hazırlanmaqla qazılması işləri başa çatdırılmışdır.

Sel və daşqın təhlükəli çaylarda sahilbərkitmə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə respublikanın Qəbələ, Oğuz, Ağsu, Zaqatala, Balakən, Astara, Lənkəran, Qax, Şəki, Xaçmaz və Ağcabədi rayonları ərazisindən keçən ən təhlükəli çaylarında 3795 metr uzunluğunda istinad divarının tikintisi tamamlanmış və Astara sərhəd çayında 7292 metr məcratəmizləmə üzrə tikinti işləri yerinə yetirilmişdir. Eyni zamanda Ağstafa rayonunun Köçəsgər kəndində “Acı” dərənin sel sularından mühafizə tədbirlərinin, Qax rayonu ərazisində Zərnəçay çayında sahilbərkitmə işlərinin, Quba rayonunun Qonaqkənd kəndinin Vəlvələçay və Quba şəhərinin Qudyalçay çaylarının sel sularından mühafizəsi tədbirlərinin layihə sənədlərinin hazırlanması üzrə işlər yerinə yetirilmişdir.

Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərində möhkəmləndirmə işləri görülmüş və 39794,0 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilmişdir.

Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 72,4 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılmış, 16300 kilometr suvarma, 3215 kilometr kollektor-drenaj sistemləri təmizlənmiş, 5958 hidrotexniki qurğu, 6116 subartezian quyusu, 343 nasos stansiyası təmir edilmişdir.

Çay məcralarında 20,2 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 6,8 min kubmetr şax-daş və faşın, 3,5 min kubmetr qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 24,4 min kubmetr həcmində təmir işləri yerinə yetirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası olaraq Cəmiyyət tərəfindən səlahiyyətlərinə uyğun ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarından səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, alternativ mənbələrdən, o cümlədən təmizlənmiş tullantı, kollektor- drenaj sularından, ölkə ərazisində antropogen təsirlər nəticəsində formalaşan sututarların suyundan istifadə məqsədilə ilkin olaraq mövcud 22 ədəd hidroqovşaq və suvarma kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanmasına başlanılmış, eləcə də Əlicançay su anbarının layihə sənədlərinin hazırlanması davam etdirilmiş, Qəbələ rayonu ərazisində Yengicə su anbarının tikintisi üzrə hazırlıq işlərinə başlanılmışdır.

Cəmiyyət tərəfindən ölkəmizin işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpasını və gələcək inkişafını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə Proqram” hazırlanmışdır.

Proqramın məqsədi uzun illər erməni təcavüzünə məruz qalmış Dağlıq Qarabağın ətrafında yerləşən işğaldan azad olunan ərazilərdə suvarılan torpaqların kənd təsərrüfatında istifadəsinə şərait yaratmaq üçün ilkin mərhələdə meliorasiya və su təsərrüfatı obyektlərinin təmir-bərpası ilə onların iş rejimlərinin bərpası, sonrakı mərhələdə bu obyektlərin müasir səviyyədə yenidən qurulmasına və inkişafına nail olmaqla idarə edilməsinin səmərəli təşkilindən ibarətdir.

2021-ci ildə Cəmiyyət meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir.

Sudan istifadə planına əsasən 2021-ci ildə 1407387 ha sahədə kənd təsərrüfatı bitkilərinin, o cümlədən 514198 ha sahədə taxıl, 100844 ha sahədə pambıq, 2584 ha sahədə tütün, 430414 ha sahədə yem bitkiləri, 71736 ha sahədə bostan-tərəvəz, 141682 ha sahədə çoxillik bitkilər və 145929 ha həyətyanı sahələrin vegetasiya suvarılması üçün mənbələrdən 10233 milyon kubmetr həcmində suyun götürülməsi və ayrıclardan təsərrüfatlara 7283 milyon kubmetr suyun verilməsi nəzərdə tutulmuşdur.

Suvarma mövsümünə hazırlıqla əlaqədar Səhmdar Cəmiyyətin yerli istismar idarələri tərəfindən cari ilin birinci rübündə 825 hidrotexniki qurğu, 175 hidropost, 47 nasos, 867 subartezian nasosu təmir edilmiş, suvarma və kollektor-drenaj şəbəkələrində 9716 min kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır.

Çay məcralarında 2510 min kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 904 kubmetr şax-daş və faşın, 350 kubmetr qabion bəndlər quraşdırılmış və 3861 kubmetr həcmində daş-beton bəndlər təmir edilmişdir.

2021-ci ildə vegetasiya suvarmasını mütəşəkkil keçirmək, kənd təsərrüfatı bitkilərinin sudan istifadə planına uyğun olaraq su ilə təmin etmək, mövcud su ehtiyatlarını ayrı-ayrı rayonlar və su istifadəçiləri arasında limitlər əsasında bölüşdürülməsini təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına daxil olan 8 suvarma kanalında texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasının başa çatdırılması nəzərdə tutulmuşdur.

Eyni zamanda cari ildə Bəhrəmtəpə hidroqovşağında və Suqovuşan hidroqovşağından suyun əkin sahələrinə çatdırılması üçün işğaldan azad olunmuş Tərtərçay Sol Sahil kanalının başlanğıc hissəsinin yenidən qurulması işlərinə başlanılması nəzərdə tutulur.

Şəmkirçay su anbarı zonasında magistral və paylayıcı kanalların tikintisi, Şabran rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi tədbirləri, iri təsərrüfatların və aqroparkların yaradılması nəzərdə tutulmuş obyektlər üzrə Araz çayının Yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisi, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlər davam etdiriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2021-ci il tarixli Sərəncamı ilə respublikanın əhalisi 489 min nəfərə yaxın olan 38 şəhər və rayonunun 177 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı sahələrin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 200 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması nəzərdə tutulmuşdur.

Cari ilin 5-i aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən meliorasiya və su təsərrüfatının prioritet sahələrdən biri olması bildirilmiş, sahənin inkişafı ilə bağlı Səhmdar Cəmiyyətinin qarşısında mühüm vəzifələr qoymuşdur.

Cənab Prezident meliorasiya və su təsərrüfatı sahəsinə böyük diqqət və qayğı göstərildiyini, hazırki dövrdə kənd təsərrüfatının inkişafında bu sahənin əhəmiyyətinin daha da artdığını, son illər keçmiş sovetlər dönəmindən qalmış, yararsız vəziyyətə düşmüş su təsərrüfatı obyektlərində böyük həcmdə təmir-bərpa işlərinin aparıldığını, köhnə infrastrukturun təmir-bərpası ilə bağlı əsaslı işlər görüldüyünü, bir neçə su anbarının inşa edildiyini, Taxtakörpü su anbarının tikilməsi ilə Bakı şəhərinin su təchizatı ilə bağlı bu gün yarana biləcək böyük problemlərin qarşısının alındığını, Şəmkirçay su anbarının inşası sayəsində ölkənin şimal-qərb bölgəsində 10 min hektarlarla suvarılmayan əraziyə su verildiyini, meliorativ tədbirlərin böyük əhəmiyyət daşıdığını, su anbarlarının tikintisinin hər zaman prioritet sahə olduğunu və bundan sonra da olacağını qeyd etmişdir.

Bütün bunlarla bərabər, cənab Prezident tərəfindən suyun səmərəli, məqsədyönlü və qənaətlə istifadəsində su itkilərinin qarşısının alınmasında çatışmazlıqların olduğu, kənd təsərrüfatının dayanıqlılığının məhz suvarmanın səmərəliliyi ilə bağlılığı, qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə mövcud çatışmazlıqların aradan qaldırılması, idarəetmədə müasir yanaşmaların tətbiq olunması, müasir texnologiyaların ölkəmizə gətirilməsinin təmin olunması vacibliyi qeyd olunmuş və konkret tapşırıqlar verilmişdir. Ən qabaqcıl texnologiyaların tətbiqi ilə sudan səmərəli və qənaətlə istifadə edilməklə suvarmanın həyata keçirilməsinin təmin edilməsi, su itkilərinin qarşısı maksimum dərəcədə alınması, suyun paylanmasında, bölgüsündə səhlənkarlığa və ədalətsizliyə yol verilməməsi, növbətçilik qrafiklərinin tərtib olunması və bu qrafiklərə ciddi riayət edilməklə su xətlərinin üzərində quraşdırılmış qanunsuz birləşmələrin nəzarətə götürülməsinin vacib olduğu bildirilmişdir.

Bu tapşırıqların icrası olaraq cari ildə cəmiyyət tərəfindən balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının, suvarılan torpaqların meliorativ vəziyyətinə dair coğrafi informasiya sisteminin, sahə üzrə idarə olunan suların vahid məlumat bazasının, maşın və mexanizmlərin GPS izləmə sisteminin, insan resursları, maliyyə və mühasibat uçotunda vahid elektron uçot bazasının yaradılması və elektron sənəd dövriyyəsinin təşkili nəzərdə tutulmuşdur.

Hazırda cəmiyyətin kollektivinin qarşısında müasir idarəetmə sisteminin təşkili, innovativ metodların, yeni suvarma texnologiyasının və texnikasının tətbiqi, suvarma sistemlərinin istismarının və sudan istifadəedənlər birliklərinin işinin daha da təkmilləşdirilməsi, idarə edilməsi və digər bu kimi həlli vacib olan vəzifələr durur.

Əminəm ki, biz çoxminli melioratorlar kollektivi olaraq bundan sonra da daha məsuliyyətlə çalışacaq, bütün imkanlarımızı səfərbər edərək mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub saxlanılmasını, onların istismarının lazımi səviyyədə həyata keçirilməsini, ölkəmizin tərəqqisi və onun iqtisadiyyatının daha da güclənməsi naminə sahənin durmadan inkişaf etdirilməsini təmin edəcək, kənd təsərrüfatı istehsalının artırılmasında və respublikada məhsul bolluğunun yaradılmasında öz töhfəmizi verəcəyik.

 

Zaur MİKAYILOV,

Azərbaycan Meliorasiya və

Su Təsərrüfatı Açıq Səhmdar

Cəmiyyətinin sədri.