ÇİN-AZƏRBAYCAN STRATEJİ ƏMƏKDAŞLIĞI ƏSL DOSTLUĞU TƏCƏSSÜM ETDİRİR
MÜSAHİBƏLƏR

ÇİN-AZƏRBAYCAN STRATEJİ ƏMƏKDAŞLIĞI ƏSL DOSTLUĞU TƏCƏSSÜM ETDİRİR

Müsahibimiz Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Qo Mindir


– Xanım Qo Min, tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında tarixi dostluq ənənələrinə əsaslanan qarşılıqlı faydalı münasibətlər mövcuddur. Ölkələrimiz bütün beynəlxalq platformalarda, xüsusilə də iqtisadiyyat və mədəniyyət sahəsində sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın, dostluğun daha da möhkəmləndirilməsi, genişləndirilməsi üçün hansı istiqamətlər prioritet təşkil edir?

– Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Çin Xalq Respublikası ilə əlaqələr qurulmuş, bu gün də uğurla inkişaf etdirilir. Ötən dövr ərzində tərəflər arasında qarşılıqlı siyasi etimad dərinləşməkdə davam edir, milli inkişaf strategiyaları yüksək səviyyədə üst-üstə düşür, iqtisadiyyat və ticarət, energetika və humanitar mübadilələr sahəsində əməkdaşlıq isə daim yeni nəticələr verməkdədir. Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı geniş perspektivlərə malikdir.

İyunun 2-də ÇXR sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev arasında olan telefon danışığında hər iki dövlət başçısı ikitərəfli münasibətlərin və müxtəlif sferalarda praktiki əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi apararaq, Çin-Azərbaycan münasibətlərinin gələcək inkişaf kursunu birgə müəyyən etmişlər. ÇXR sədri Si Cinpin qeyd etmişdir ki, ölkələrimiz beynəlxalq daşımalar və logistika sahəsində əməkdaşlığı dərinləşdirməli, Avrasiya nəqliyyat dəhlizinin tikintisinə kömək etməli, eləcə də regional qarşılıqlı bağlılığın səviyyəsini yüksəltməlidir. Çin liderinin sözlərinə görə, Çin tərəfi Azərbaycanla səhiyyə sahəsində mübadilələri və əməkdaşlığı möhkəmləndirməyə, COVİD-19 pandemiyası ilə mübarizə üçün vaksinləri göndərməyi davam etməyə, eləcə də digər yardımları həyata keçirməyə hazırdır. Çin, həmçinin, Azərbaycandan yüksək keyfiyyətli və səciyyəvi məhsulu daha çox idxal etməyə, Azərbaycan biznes layihələrinə Çin müəssisələrinin investisiyalar yatırımlarını dəstəkləməyə, habelə infrastruktur tikintisi kimi sahələrdə əməkdaşlığı həyata keçirməyə hazırdır.

2021-ci ildə Çin Kommunist Partiyasının yaradılmasının 100 ili tamam olur. Çin modernləşdirilmiş sosialist dövlətinin hərtərəfli qurulması istiqamətində yeni yolla addımlamağa başlamışdır, Azərbaycan da həmçinin milli inkişafın yeni erasına qədəm qoymuşdur. Yeni tarixi başlanğıc nöqtəsində olaraq biz Azərbaycanla ənənəvi dostluğu inkişaf etdirməyi davam etməyə, ikitərəfli faydalı əməkdaşlığı dərinləşdirməyə və qarşılıqlı dəstəyi möhkəmləndirməyə hazırıq. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğu növbəti ildə də iki ölkə xalqlarının rifahı naminə qarşılıqlı münasibətlərin daha güclü inkişafına kömək edəcəyik.

– Hazırda reallaşdırılmaqda olan “Bir kəmər, bir yol” irimiqyaslı layihəsinin əsas halqası Azərbaycandır. Bölgənin inkişafı üçün yeni reallıqlar və imkanlar açacaq bu layihədə ölkələrimizin iştirakı və bunun regionda sülhün möhkəmləndirilməsi, iqtisadi faydaları haqqında nə deyə bilərsiniz?

– 2013-cü ildə ÇXR sədri Si Cinpin “Bir kəmər, bir yol” layihəsinin birgə həyata keçirilməsi haqqında təşəbbüslə çıxış etmişdir. Son yeddi ildən artıq bir müddət ərzində Çin Azərbaycan da daxil olmaqla, 140 ölkə və 31 beynəlxalq təşkilatla “Bir kəmər, bir yol”un birgə tikintisi məqsədilə əməkdaşlıq haqqında 200-dən artıq sənəd imzalamışdır. Çoxlu sayda mühüm əməkdaşlıq layihələrinin həyata keçirilməsi ölkələr arasında iqtisadi, ticarət və investisiya mübadilərinin və qarşılıqlı əlaqələrin səviyyəsini qaldırmış, yerli iqtisadi inkişafa, eləcə də insanların həyat səviyyəsinin və rifah halının yüksəldilməsinə böyük töhfələr vermişdir.

COVİD-19 pandemiyası zamanı Çin “Bir kəmər, bir yol” proqramı üzrə 120-dən artıq tərəfdaşına pandemiya əleyhinə yardım göstərmiş, 90-dan çox partnyoruna vaksinlər təqdim etmiş və “Bir kəmər, bir yol” proqramı üzrə bir neçə tərəfdaşla vaksinlərin birgə istehsalını həyata keçirmişdir. Çin-Avropa ekspresi pandemiya əleyhinə vasitələrin nəql edilməsi üçün “həyatın yaşıl xəttinə” çevrilmişdir. Cari il mart ayının sonuna olan vəziyyətinə görə, ümumilikdə 11,046 milyon pandemiya əleyhinə vasitələr göndərilmişdir. Bu ilin birinci rübündə Çin-Avropa ekspresinin reyslərinin sayı və standart yük konteynerlərin miqdarı ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 75% və 84% artmışdır.

Azərbaycan “Bir kəmər, bir yol” layihəsini dəstəkləmiş və bu layihədə fəal surətdə iştirak edən ölkələrdən biridir. Azərbaycanın “Qədim İpək Yolunun bərpası” ilə bağlı milli inkişaf strategiyası “Bir kəmər, bir yol” təşəbbüsü ilə yüksək səviyyədə uyğunlaşır. Çin “Bir kəmər, bir yol” çərçivəsində Çin-Azərbaycan əməkdaşlığının dərinləşməsinə, habelə əməkdaşlıq sferalarının və miqyasının sonrakı genişlənməsinə böyük önəm verir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə aparılmış telefon söhbəti zamanı ÇXR sədri Si Cinpinin qeyd etdiyi kimi, Çin “Bir kəmər, bir yol”un birgə qurulmasında Azərbaycanı mühüm tərəfdaş kimi dəyərləndirir və ölkənizlə imkanları bölüşmək, inkişafa birgə səy göstərmək, eləcə də “Bir kəmər, bir yol”un birgə qurulması sferasında əməkdaşlığı lazımi qaydada planlaşdırmağa və irəli aparmağa hazırdır. Hazırda Azərbaycan “İpək Yolunun bərpası” milli inkişaf strategiyasının həyata keçirilməsini fəal surətdə irəli aparır. Biz “Bir kəmər, bir yol” çərçivəsində infrastrukturun və digər sferaların yaradılması sahəsində Azərbaycan tərəfi ilə əməkdaşlıq üçün işləməyə, onun Transavrasiya dəniz və quru yol qovşaqlarının üstünlüklərindən fəal şəkildə istifadə etməyə hazırıq ki, regional əlaqələrin inkişafına, iqtisadi inteqrasiyaya, mədəni mübadilələrə və qarşılıqlı təlimə töhfəmizi verə bilək.

– Bu gün Azərbaycan əhalisinin təxminən 20 faizi koronavirusa qarşı peyvənd edilib. Diqqətçəkən məqam bundan ibarətdir ki, istifadə olunan peyvəndlərin əksəriyyəti Çin istehsalıdır. ÇXR bir çox istiqamətlərdə Azərbaycana dəstək olub, bu gün də COVİD-19 pandemiyası ilə mübarizədə öz dəstəyini əsirgəmir. Dövlətimiz və xalqımız bunu yüksək qiymətləndirir. Sanki bu bəla dostluq münasibətlərimizi daha da möhkəmləndirdi. Bununla bağlı fikrinizi bilmək istərdik.

– COVİD-19 pandemiyası ilə hazırkı qlobal mübarizə kritik mərhələyə daxil olmuşdur, vaksinlərin çatışmazlığı, eləcə də onların ədalətsiz bölgüsü tamamilə aşkar surətdə müşahidə olunur. Çin “vaksin millətçiliyi”nə qarşı çıxış edir, habelə vaksinlərin dünyada ədalətli və məntiqli, düşünülmüş şəkildə yayılmasını fəal surətdə təqdir edir. 2020-ci ildə ÇXR sədri Si Cinpin bütün dünyaya təntənəli surətdə bəyan etmişdir ki, koronavirus əleyhinə Çin istehsalı olan vaksin qlobal ictimai faydalı olmaqla inkişaf edən ölkələrdə vaksinin əlçatanlığının reallaşdırılması istiqamətində öz töhfəsini verəcəkdir.

Cari ilin may ayında səhiyyə məsələləri üzrə qlobal sammitdə ÇXR sədri Si Cinpin “Bəşəriyyətin vahid səhiyyə cəmiyyətini ümumi səylərlə formalaşdırmaq” mövzusunda mühüm nitqlə çıxış etmişdir. COVİD-19-la mübarizədə koordinasiya olunmuş qlobal səylərin dəstəklənməsi nöqteyi-nəzərdən ÇXR sədri Si Cinpin aşağıdakı qərarları bəyan etmişdir:

- Ən yaxın üç il ərzində inkişaf etmiş ölkələrdə pandemiyanın aradan qaldırılması və həmin ölkələrin sosial-iqtisadi inkişafının bərpası üçün əlavə olaraq 3 milyard ABŞ dolları ayırmaq;

- Artıq göndərilmiş 300 milyon vaksin dozaları əsasında tədarüklərin artırılması məqsədilə maksimum səyləri davam etdirmək;

- İnkişaf edən ölkələrə texnologiyaların verilməsi və birgə istehsalın təşkili istiqamətində yerli vaksin istehsalçılarını dəstəkləmək;

- Vaksinlərə əqli mülkiyyət hüquqlarının ləğv olunmasının dəstəklədiyini bəyan etməklə, Çin ÜTT və digər beynəlxalq institutlar tərəfindən müvafiq qərarın ən qısa zamanda qəbul edilməsinin leyhinə çıxış edir;

- Çin vaksin üzrə beynəlxalq əməkdaşlıq forumu yaratmaq təklifini irəli sürür. Bu forum tədqiqat və istehsalla məşğul olan müxtəlif ölkələrə, müəssisələrə və maraqlı tərəflərə vaksinlərin ədalətli və səmərəli bölüşdürülməsi yollarını müzakirə etmək imkanı yaradacaq.

Ötən ildən başlayaraq, COVİD-19 qlobal pandemiyası ilə üz-üzə qalan dünyada Çin və Azərbaycan bir-birinə möhkəm mənəvi dəstək olmuş, vaxtında maddi yardım göstərmiş, mühüm təcrübə mübadiləsi aparmış, eləcə də əsl dostluğu təcəssüm etdirərək pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün öz səylərini birləşdirmişlər. Bu ilin aprel ayından başlayaraq, Çin vaksinlərə nəhəng daxili tələbat və kifayət etməyən istehsal həcmi kimi praktiki çətinliklərin öhdəsindən gəlmiş, habelə ən qısa müddət ərzində məhsulun komplektləşdirilməsi, hazırlanması və ixraca icazə verilməsi kimi bir sıra vəzifələri yerinə yetirmişdir. Yalnız bir ay ərzində vaksinlərin iki partiyasının Azərbaycana çatdırılması ölkənizdə ümumi vaksinasiya üzrə fəaliyyətin uğurlu tərəqqisini effektiv şəkildə təmin etmiş və ən yüksək səviyyədə siyasi etimadın nə olduğunu, habelə iki ölkə arasında dərin ənənəvi dostluğu bütün dünyaya nümayiş etdirmişdir. Çin istehsalı olan vaksinin təhlükəsizliyi və effektivliyi dünya ictimaiyyəti, o cümlədən də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş qəbul edilmişdir. Mən inanıram ki, Çin vaksini pandemiya ilə mübarizədə, eləcə də insanların həyat və sağlamlığının qorunmasında öz müsbət rolunu oynayacaqdır. Çin gələcəkdə də Azərbaycanla pandemiya əleyhinə əməkdaşlığı dərinləşdirməyə və ikitərəfli münasibətləri yeni səviyyəyə çıxarmağa hazırdır.

– Xanım Səfir, sürətlə dəyişən çağdaş dünyamızda qlobal miqyasda sülhün və sabitliyin təmin edilməsi üçün beynəlxalq münasibətlərin aparıcı aktorları hansı prinsiplərə daha çox əməl etməlidir?

– Hazırkı beynəlxalq sistemin və nizamın açar konsepsiyası - bu, multilateralizmdir. Əgər multilateralizm lazımi səviyyədə reallaşdırılırsa, onda insanların rifah halı müdafiə olunacaq və inkişaf edəcəkdir. Əgər multilateralizm uğursuzluğa düçar olsa, o zaman dünyanı xaos bürüyəcək və biz cəngəlliklər qanunlarına geri qayıtmış olarıq. Yüzilliyin qeyri-sabit vəziyyəti və yaranmış epidemioloji situasiya qarşısında bütün ölkələr mövcud təhlükələrlə bağlı birləşməli, öz səylərini bir araya gətirərək multilateralizm bayrağı altında təşkilatlanmalıdır ki, bəşəriyyətin ortaq taleyə malik olduğu ideyanın dərkini cəmiyyətdə daha da möhkəmləndirmək, beynəlxalq hüquq əsasında beynəlxalq nizamın qorunmasını gücləndirmək və mərkəz Birləşmiş Millətlər Təşkilatı olmaqla beynəlxalq münasibətlər sistemini müdafiə etmək mümkün olsun. İri dövlətlər ədalətin müdafiə olunması, qanunun aliliyinin təmin edilməsi istiqamətində təşəbbüsü öz üzərinə götürməli, həmçinin, sülhü və bütün dünyada sabitliyi dəstəkləmək məqsədilə birgə fəaliyyət göstərməlidir.

“Hansı dünyanı qurmalı və bu dünyanı necə qurmalı” - bu, bəşəriyyət qarşısında daim dayanan bir vəzifədir. Çin tarixi təcrübəni və insan cəmiyyətinin inkişaf qanunlarını dərindən dərk edir, habelə Çinin və dünyanın müştərək maraqlarından irəli gələrək bəşəriyyətin ortaq taleyi cəmiyyətinin qurulması üzrə mühüm təşəbbüsü irəli sürür və dünya birliyini həmrəylik nümayiş etdirərək sıx əməkdaşlığa dəvət edir ki, bərabər və qarşılıqlı anlaşma şəraitində inkişaf edən partnyorluq münasibətlərinin təməlini qoymaq, ədalətli və əlçatan təhlükəsizlik sistemini yaratmaq, inkişafın açıq, innovativ, inklüziv və qarşılıqlı faydalı perspektivlərinə can atmaq, harmonik, müxtəlif, hərtərəfli mədəni mübadiləyə səbəb olmaq, təbiətə və “yaşıl” inkişafa hörmətlə xarakterizə olunan ekoloji sistem qurmaq mümkün olsun. Gəlin davamlı sülhə, ümumi təhlükəsizliyə, birgə tərəqqiyə, açıq tolerantlığa, saflığa və gözəlliyə malik insan cəmiyyətinin birgə qurulması işində səmimiyyətlə əməkdaşlıq edək.

– Müsahibəyə görə təşəkkür edirik.

 

Müsahibəni apardı:

Emin QASIMOV,

“Respublika”.