Xüsusi qayğıya ehtiyacı olan xəstələrə dövlət dəstəyi
Sosial həyat

Xüsusi qayğıya ehtiyacı olan xəstələrə dövlət dəstəyi

Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra ölkədə bütün sahələr üzrə əsaslı dönüş yarandı. Müdrik şəxsiyyətin uzaqgörənliyinin və böyük əməyinin bəhrəsi kimi genişmiqyaslı işlərin nəticəsi olaraq səhiyyənin inkişafı da möhkəm təməllər üzərində quruldu.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev əhalinin sağlamlığının qorunması istiqamətində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələrindən tibbi avadanlıq və ləvazimatlar gətirildi və xəstəxanalar dünya standartlarına uyğunlaşdırıldı. Hazırda səhiyyə ocaqlarında elə bir şərait yaradılıb ki, insanlar xəstəxanalara böyük inamla gedir və müalicə olunur. “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair Dövlət Proqramı”, “Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı”, “Xroniki böyrək çatışmazlığı üzrə Dövlət Proqramı” və “Onkoloji xəstəliklərin həyati vacib şiş əleyhinə preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” uğurla icra olunur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiya xəstə vardır. Azərbaycanda talassemiya xəstələrinin faiz göstəriciləri dünya ölkələri ilə müqayisədə xeyli dərəcədə yüksəkdir. Xəstəlik əsasən Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşən Şəki, Zaqatala, Qəbələ, Quba, Göyçay və Ağdaş rayonlarında geniş yayılıb. Azərbaycanda doğulan hər 500 uşaqdan biri ağır formalı talassemiyalı xəstədir. Talassemiya irsi qan xəstəliyidir. İki talassemiya xəstəlik daşıyıcısı evləndikdə onların övladlarında inkişaf edir. Daşıyıcılar anadan olandan ömürlərinin sonuna kimi bu əlaməti özlərində saxlayırlar.

Qeyd edək ki, talassemiyalı uşaqların əsas müalicəsi onlara bütün ömürləri boyu hər ay qan köçürülməsindən ibarətdir. Bununla yanaşı, xəstələrin daxili orqanlarında toplanan və onların fəaliyyətini pozan dəmir artığının aradan qaldırılması üçün dəmirqovucu dərmanlardan da istifadə olunur. Lakin müntəzəm müalicə almayan xəstə uşaqlarda ürək-damar çatışmazlığı, qaraciyər xəstəliyi, endokrinal pozuntular inkişaf edir və belə uşaqlar 10 yaşına çatmadan dünyasını dəyişir. Ona görə də ailə qurarkən gələcəyi, övladların sağlamlığını, taleyini düşünmək lazımdır.

İnkişaf etmiş Qərbi Avropa ölkələrində bu proses artıq tətbiq olunur. Ölkəmizdə də nikahdan əvvəl insanların tibbi müayinədən keçməsinə həm bölgələrdə, həm də paytaxtda ehtiyac var. İstər qadın, istərsə də kişidə bəzən elə problem olur ki, məhz həmin iki insan ailə qurandan sonra ortaya çıxır. Talassemiyanın ailələrə vurduğu maddi və mənəvi ziyanlar da böyük olur. Ona görə də əvvəldən tibbi müayinələrin aparılması çox önəmlidir.

Son illərdə bir sıra qeyri-hökumət təşkilatlarının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olmuşdur. Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyasının da həyata keçirilməsinə başlanmışdır.

Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapmışdır. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 39 mərkəzdə üç mindən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Bu mərkəzlərdən 30-u bölgələrdə yerləşir. 2016-cı ildə Ağsu, Qusar, Göygöl rayonlarında yeni hemodializ şöbələri açılıb, bəzi mövcud mərkəzlərdə əlavə aparatlar quraşdırılıb. Qeyd etmək lazımdır ki, bu kateqoriya xəstələrə hazırda hemodializlə yanaşı, xəstəliyin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatları da həyata keçirilir.

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır. Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 218 mindən çox şəkərli diabet xəstəsi davamlı olaraq insulin və digər şəkərsalıcı dərman preparatları, özününəzarət vasitələri ilə təmin edilmiş, bu xəstəlikdən əziyyət çəkən uşaqlar üçün 90 ədəd insulin pompası alınaraq onlara paylanmışdır.

Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli qərarı ilə “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul edilib. İnsanların sağlamlığı dövlətimiz üçün prioritet məsələdir. Qeyd olunan Proqram qanın bədxassəli xəstəliklərinin diaqnostikasının və müalicəsinin dövlət hesabına innovasion preparatlarla təminatına imkan yaratmışdır. “Onkoloji xəstələrin şiş əleyhinə əsas praparatlarla təminatı üzrə Tədbirlər Proqramı” qəbul edildikdən sonra bədxassəli şişlərlə mübarizə işində xeyli irəliləyiş əldə edilmişdir. Onkoloji xəstələrə yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası ən müasir avadanlıqla, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilmişdir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər ərzində Azərbaycan səhiyyəsi xeyli inkişaf etmiş, xüsusi qayğıya ehtiyacı olan xəstəliklərə dövət dəstəyi artırılmışdır.

Kamil İSMAYILOV,

“Respublika”.