ŞUŞA BƏYANNAMƏSİ AZƏRBAYCANIN MÜASİR İNFORMASİYA STRATEGİYASINDA MÜHÜM ƏHƏMİYYƏTƏ MALİKDİR
Digər xəbərlər

ŞUŞA BƏYANNAMƏSİ AZƏRBAYCANIN MÜASİR İNFORMASİYA STRATEGİYASINDA MÜHÜM ƏHƏMİYYƏTƏ MALİKDİR

Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanı informasiya məkanında da qalib, diktə edən tərəfə çevirdi

Heç kimə sirr deyil ki, hazırda formalaşmış dünya nizamı bir çox ziddiyyətləri və ədalətsizlikləri ilə diqqət çəkir. Bununla yanaşı, dünyanın qlobal gücləri arasında yeni nüfuz dairələri uğrunda bəzən aşkar, bəzən isə gizli formada mübarizə gedir. Bu qarşıdurmalar istər siyasi, iqtisadi, istərsə də ideoloji, hətta “hibrid” formada aparılan müharibələrdən ibarətdir. Bu halda tamamilə aydın olur ki, dövlətin nüfuzu təkcə güclü iqtisadiyyatı, hərbi qüdrəti, döyüş meydanında əldə etdiyi qələbələri ilə deyil, həmçinin düzgün apardığı informasiya siyasəti ilə də ölçülür.

Hazırda biz Prezident İlham Əliyevin həm 44 günlük Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı dönəmdə müsahibələri və çıxışları ilə Azərbaycanda yeni informasiya strategiyasını ərsəyə gətirdiyinin canlı şahidiyik. Bu strategiyanın başlıca məqsədi Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan, xeyli müddət ərzində erməni ideoloqlarının formalaşdırdıqları yalanları ifşa etməkdən, ölkəmiz ətrafında süni surətdə yaradılmış informasiya blokadasının aradan qaldırılmasından, habelə informasiya müstəvisində davamlı qələbələrin əldə edilməsindən ibarətdir.

Son bir il ərzində Azərbaycan Prezidenti informasiya sahəsində əldə edilən qələbələr seriyasının əsasını Vətən müharibəsi zamanı qoymuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi, sərkərdə məharəti, Ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın vətəndaş həmrəyliyi sayəsində əldə olunan tarixi Zəfər - 44 günlük müharibə dövründə dövlət başçısının dünyanın 26 aparıcı mediasına, o cümlədən 18 televiziya kanalına, 5 informasiya agentliyinə və 3 nüfuzlu qəzetə verdiyi müsahibələri ilə tamamlandı. Bununla yanaşı, cənab İlham Əliyev çoxsaylı çıxışları və bəyanatları ilə 30 il ərzində Azərbaycan ətrafında hiyləgərcəsinə qurulmuş informasiya blokadasını yardı, ölkəmiz, Qarabağımız barədə həqiqətləri bütün dünyaya bəyan etdi. Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” şüarı isə hər bir vətənpərvər azərbaycanlının qəlbində əbədi həkk olundu.

Beləliklə, döyüş meydanında düşməni darmadağın edən, öz doğma torpaqlarını azadlığa qovuşduran Azərbaycan həm də informasiya meydanından da mühüm qalibiyyətlə ayrılaraq yeni tarix yazdı. Heç şübhəsiz, əldə edilmiş tarixi uğurlar cənab İlham Əliyevin informasiya müstəvisində inamla apardığı qələbələr seriyasının yalnız başlanğıcı oldu.

26 fevral 2021-ci il tarixdə yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti dörd saat ərzində 35 media qurumunun nümayəndələrinin 50-yə yaxın sualını cavablandırdı.

Verilən sualların hər birinə olduqca müfəssəl, incəliyinə qədər cavablar verildi, tutarlı arqumentlər irəli sürüldü. Bununla da Azərbaycan xalqı, bütün dünya cənab Prezidentin istənilən cəbhədə əvəzolunmaz lider olduğunu bir daha əyani surətdə gördü.

Bu il aprelin 11-də isə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilmişdir. Dünyanın 15 ölkəsini təmsil edən aparıcı beyin mərkəzlərinin nümayəndələrinin qatıldığı bu tədbirdə cənab İlham Əliyev də iştirak etmişdir. Dövlət başçısı xarici təmsilçilərin müharibə, müharibədən sonrakı dövr, eləcə də yaxın orta perspektivdə atılacaq addımlarla bağlı verilən bütün suallarını hərtərəfli cavablandırdı. Nəticədə Azərbaycanın ədalətli və haqlı mövqeyi, regionun gələcəyinin necə olacağı ilə bağlı cənab İlham Əliyevin fikirləri geniş beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Dünya bir daha gördü ki, İlham Əliyevin lider olduğu Azərbaycan öz haqlı mövqeyindən heç zaman dönməyəcək, dövlətimiz xalqın firavanlığını, xoşbəxt və təhlükəsiz gələcəyini düşünərək, eyni zamanda, bütün tərəfləri, hətta bədnam erməni qonşularımızı da səmimi dialoqa, konstruktiv əməkdaşlığa çağırır.

2021-ci il may ayının 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilmiş tədbiri də informasiya müstəvisində aparılan mübarizənin davamı kimi dəyərləndirə bilərik. Azərbaycan Prezidenti müzakirələrdə iştirak etmiş, müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, yüksək vəzifəli şəxsləri, tanınmış ictimai-siyasi xadimləri, diplomatları, politoloqları diqqətlə dinləmiş, onların suallarını ətraflı cavablandırmış və bir daha Azərbaycanın sülh, ədalət və konstruktiv dialoq tərəfdarı olduğunu beynəlxalq ictimaiyyətə əsaslı surətdə çatdırmışdır. Regionda yaranmış yeni reallıqlardan danışan dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq: “Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”.

Tədbirdə sabiq prezidentlər, baş nazirlər kimi dünya siyasətinin tanınmış simaları iştirak etmişlər. Onların arasında Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa, 2005-2010-cu illərdə Ukraynanın Prezidenti olmuş Viktor Yuşşenko, 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti olmuş Rosen Plevneliyev, Ağ evdə 2005-2007-ci illərdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasında Cənubi Qafqaz və Mərkəzi Asiya Məsələləri üzrə direktor, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi və Nazarbayev Universitetinin İdarə Heyətinin üzvü Deyvid Merkel, 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, 2008-ci ildə Gürcüstanın xarici işlər naziri olmuş Eka Tkeşelaşvili, 2002-2010-cu illərdə İsrailin xarici işlər naziri olmuş Tzipi Livni, 2002-2004-cü illərdə İtaliyanın xarici işlər naziri, 2004-2008-ci illərdə Avropa İttifaqının komissarı olmuş Franko Frattini, ABŞ-ın Azərbaycan Respublikasında sabiq səfiri Robert Sekuta kimi nüfuzlu siyasət adamlarının və dünyada digər tanınmış insanların adlarını qeyd edə bilərik. Heç şübhəsiz, onların hər biri öz ölkəsində böyük ictimai nüfuza malikdir və cənab İlham Əliyevin sözlərini çatdırmaqla yaşadığı ölkələrdəki, ümumiyyətlə, ölkələrarası ictimaiyyəti düzgün məlumatlandırmaq iqtidarında olmaqla yanaşı, həmçinin ictimai rəyə təsir etmək gücündədirlər.

Son günlərdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana baş tutmuş səfəri, cənab İlham Əliyevlə keçirdiyi görüşlər, birgə iştirak etdikləri tədbirlər və nəhayət, tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin imzalanması da yeni informasiya strategiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirilməlidir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyanın təqdimatı, Qarabağ atlarının möhtəşəm çıxışı, Azərbaycan və Türkiyənin xalq və bəstəkar mahnılarının səsləndirilməsi, Prezident Ərdoğana “Zəfər” adlı Qarabağ atının və Qarabağın rəmzi sayılan iki xarıbülbül gülünün birləşməsi ilə Azərbaycan-Türkiyə əbədi dostluğu və qardaşlığı təcəssüm etdirən “Xarıbülbül” kompozisiyasının hədiyyə edilməsi, həmçinin özündə ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən, ayrı-ayrı nəşrlərdən ibarət Heydər Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun Şuşada təşkil olunan tədbirin qonaqlarına hədiyyə olaraq verilməsi - bütün bunlar Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin keyfiyyətcə yeni mərhələyə çıxarılması ilə bağlı dünyaya çatdırılan aydın, vacib mesajdır. Bundan əlavə, dövlət başçıları və birinci xanımlar Şuşa şəhərində yerləşən “Xan qızı” bulağında olublar. Qeyd edilib ki, Şuşanın işğaldan azad olunmasından sonra qısa müddət ərzində istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Ermənistanın işğalı altında qaldığı illərdə bulağın suyu qurumuşdur, lakin artıq bulaq yenə də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir. Bu da Şuşanın dirçəlməsi, həyata qaytarılması, yeni nəfəs alması deməkdir, bir daha “Qarabağ  Azərbaycandır!” deməkdir.

Ümumiyyətlə, yeni informasiya strategiyasının həyata keçirilməsi nəticəsində dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə gerçəkləşən bütün beynəlxalq tədbirlərin leytmotivi, əsas fikri buna yönəlir ki, Ermənistan otuz ilə yaxın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlasa belə, nəticədə bu düşmən siyasətinin qurbanı özü olub. Azərbaycan bədnam qonşusunu Cənubi Qafqazda reallaşdırılan bütün beynəlxalq layihələrdən kənarda saxlayıb. Regionumuzun iqtisadi potensialı Azərbaycanla münasibətləri səmimi və mehriban qonşuluq, konstruktiv tərəfdaşlıq prinsipləri üzərində quran dövlətlərə uğur gətirsə də, qeyri-normal ideologiya və hərəkətlərdən əl çəkməyən Ermənistan bütün bu siyasi və iqtisadi dividendlərdən məhrum olub. Odur ki, erməni cəmiyyəti işğal dövründə heç bir sosial-iqtisadi inkişafa nail ola bilməyib, əhalisinin durumu isə belədir ki, o bədnam dövləti hər ilə on minlərlə sakin tərk edir. İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyət aldıqdan sonra isə Ermənistan tarixinin ən acı və ağır dövrünə qədəm qoymuş oldu. Ölkə sonu görünməyən bir dərin siyasi və sosial-iqtisadi böhrana yuvarlanıb. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular, nəhayət, işğal etdikləri əraziləri itirdilər.

Prezident İlham Əliyevin yeni informasiya strategiyasına nəzər saldıqda görürük ki, dövlət başçısının hər bir bəyanatı, suallara verilən hər cavabı düşünülmüş və vaxtında atılan addım, beynəlxalq fikrə edilən çağırış, dünya səviyyəsində öz sözünü əminliklə deyən bir dövlətin mühüm mesajıdır. Dövlət başçısının nitqlərinə, müzakirələrdə iştirakına, səsləndirdiyi fikirlərə dünya mediasında, siyasi dairələrdə olan maraq bunu deməyə əsas verir ki, yeni informasiya strategiyası ölkədə, regionda və dünyada baş verən mühüm proseslərlə bağlı Azərbaycanın mövqeyini və müvafiq çağırışları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı verir. Prezident İlham Əliyev bütün liderlərə heç bir sualdan yayınmamaq, bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirmək, müzakirə predmetinə sistemli yanaşmaq nümunəsi göstərir, məntiqlə və əhatəli şəkildə təhlillərin necə aparılmalı olduğunu inamla nümayiş etdirir.

Dövlət başçısının müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, dərin intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığı, elmi-politoloji biliyin bütün dərinliklərinə bələd olmağı bütün dünyaya yaxşı məlumdur.

Artıq xeyli müddətdir ki, Azərbaycan əldə etdiyi önəmli siyasi və sosial-iqtisadi uğurlarına görə regionun lideri statusunu daşıyır. Cənubi Qafqazda bu günə qədər həyata keçirilmiş bütün irimiqyaslı beynəlxalq layihələrin söz sahibi də məhz Azərbaycandır. İkinci Qarabağ müharibəsindən sonra isə bölgədə yaranmış yeni vəziyyət və reallığın aparıcı qüvvəsi, diktə edən tərəfi yenə də bizim ölkədir. Bu, kortəbii, qeyri-mütəşəkkil, yaxud təsadüflər nəticəsində əmələ gəlmiş bir reallıq deyil. Azərbaycanın hazırkı mövqeləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, 2003-cü ildən sonra isə cənab İlham Əliyevin keyfiyyətcə yeni müstəviyə çıxardığı milli maraqlarımıza, Azərbaycanın ərazi bütövlüyünə xidmət edən uzaqgörən strategiyanın və titanik əməyin nəticəsidir. Bu, həm də son 17 ildən artıq bir dönəmdə siyasi qətiyyətin, müdrikliyin, diplomatiya məharətinin və sərkərdəlik istedadının nəticəsidir. Yeni yaranmış reallıqların müəllifi Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Emin QASIMOV,

“Respublika”.