Anar Kərimov: BMT-nin ali nümayəndəsi gördü ki, işğaldan azad olunmuş torpaqlarımız, buradakı irsimiz hansı vəziyyətdədir
MÜSAHİBƏLƏR

Anar Kərimov: BMT-nin ali nümayəndəsi gördü ki, işğaldan azad olunmuş torpaqlarımız, buradakı irsimiz hansı vəziyyətdədir

BMT -nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinosun işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri bizim Zəfərimizdən sonra bu ali qurumun ölkəmizə ilk yüksək səviyyəli nümayəndəsinin tarixi səfəri kimi də əlamətdardır. Bu, eyni zamanda, Azərbaycana göstərilən dəstəkdir.

Bu sözləri Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Füzulidə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında söyləyib.

Mədəniyyət naziri qeyd edib ki, Migel Angel Moratinos Füzulidə artıq bir neçə yerə baxış keçirib və erməni vandallığının şahidi olub: “BMT-nin ali nümayəndəsi gördü ki, işğaldan azad olunmuş torpaqlarımız, buradakı irsimiz hansı vəziyyətdədir. Əsasən də dini məbədlərimiz, məscidlərimiz dağıdılıb, ya da ki, vandalizmə məruz qalıb. BMT-nin Sivilizasiyalar Alyansının əsas məqsədlərindən biri də bu abidələrin qorunması, insanların yenidən bu yerlərə qayıdıb həmin məkanlarda ibadət etməsinin təmin olunmasıdır”.

Mədəniyyət Nazirliyinin Füzuli rayonu ilə bağlı gələcək planlarından danışan Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli və Cəbrayıl rayonlarının baş planları hazırlanır. “Aidiyyəti qurumların rəhbərləri ilə bu istiqamətdə müzakirələr aparacağıq ki, Füzulinin yenidən qurulması hansı formada olacaq. Prezidentin tapşırığı var ki, hər bir dağıdılmış şəhərimizdə İşğal və Zəfər muzeyləri inşa edilsin. Bu yaxınlarda Ağdamda dövlətimizin başçısının iştirakı ilə təməlqoyma mərasimi də keçirildi. Füzulidə də belə muzeylərin yaradılması planlarımız var”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, iyunun 22-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinosun işğaldan azad olunmuş Füzuli rayonuna səfəri başlayıb. Səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı həyata keçirilən vandalizmin,  Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır.

AZƏRTAC