Armands Krauze: Ermənilər törətdikləri əməllərə görə cavab verməlidirlər
MÜSAHİBƏLƏR

Armands Krauze: Ermənilər törətdikləri əməllərə görə cavab verməlidirlər

Ağdamdakı dəhşətli mənzərə bizi çox heyrətləndirdi. XXI əsrdə belə bir hadisənin törədilməsi inanılmazdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri  işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Latviya Respublikasının Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbərinin müavini  Armands Krauze bildirib. O deyib ki, buradakı şəhər və kəndlər tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Bu ərazilər sanki səhranı xatırladır. Ermənilərin bu ərazilərdə törətdikləri vəhşiliklər bəşəriyyətə qarşı edilmiş cinayətdir. Ermənilər törətdikləri əməllərə görə cavab verməlidirlər. Bu, Azərbaycana - müstəqil bir ölkəyə qarşı törədilmiş soyqırımıdır.

Armands Krauze Latviya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvü kimi torpaqlarının azad edilməsi uğrunda apardığı haqlı mübarizədə Azərbaycanı daim dəstəklədiklərini bildirib. Azərbaycanın beynəlxalq məhkəmələrdə də Ermənistana qarşı qələbə qazanacağına və ermənilərin törətdiyi cinayətlərə görə cavab verəcəyinə əminliyini ifadə edib.

AZƏRTAC