Əsas məqsəd qeyri-neft sektorunun inkişafına dəstək, strateji layihələrin maliyyələşdirilməsidir
Siyasət

Əsas məqsəd qeyri-neft sektorunun inkişafına dəstək, strateji layihələrin maliyyələşdirilməsidir

“Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”.

Heydər ƏLİYEV,

Ümummilli Lider.

 

Azərbaycan təbii sərvətlərlə - neft və qaz ehtiyatları ilə zəngin ölkədir. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində artan neft gəlirlərini ölkə iqtisadiyyatına düzgün istiqamətləndirmək məqsədilə uzunmüddətli neft strategiyası proqramı hazırlanıb. Neft strategiyası proqramının əsas məqsədi ölkənin daxili imkanlarının səfərbər olunması, sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi və zəngin neft ehtiyatlarından gələn gəlirlərin Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsidir. Bu məqsədlə ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edilib.

ARDNF-in fəaliyyəti Azərbaycan xalqı və dövləti qarşısındakı 3 mühüm vəzifənin yerinə yetirilməsinə - ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi və qeyri-neft sektorunun inkişafının təmin edilməsi, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasına yönəlib.

Qeyd edək ki, ARDNF təyinatına uyğun olaraq makroiqtisadi stabilliyin təminatında, o cümlədən ölkə iqtisadiyyatının inkişafında da mühüm rol oynayır. Belə ki, Fondun əsas fəaliyyəti qeyri-neft sektorunun inkişafına dəstək göstərilməsi, makroiqtisadi sabitliyin qorunması, strateji layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Fondun vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyəti “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a və illik əsasda təsdiq olunan “Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti”nə uyğun olaraq həyata keçirilir. Valyuta vəsaitlərinin bu qaydalara uyğun olaraq idarə edilməsi Fondun valyuta vəsaitlərinin təhlükəsiz saxlanılması və səmərəli idarəetmə yolu ilə investisiya gəliri əldə etməklə davamlı artırılması məqsədlərini daşıyır.

“Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, ARDNF-in xərcləri icmal dövlət büdcəsinin tərkib hissəsidir və hər il dövlət büdcəsi ilə birlikdə ölkə parlamenti tərəfindən baxılaraq təsdiq edilir.

Qeyd edək ki, ARDNF-in vəsaiti hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının payına düşən neft və qazın satışından əldə edilən xalis gəlirlər, bonuslar, ödənişlər, dividendlər, neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən, sərmayəçilər tərəfindən verilən aktivlərdən, Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, qrantlar və digər təmənnasız yardımlar, qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar hesabına formalaşır.

Əsasnaməsinə uyğun olaraq, Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşası və bərpası üçün istifadə olunur.

Yaradıldığı gündən fəaliyyətinin əsas prinsiplərindən biri şəffaflıqdır və təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər, onların xərclənməsi istiqamətləri hesabat sistemində şəffaflığın təmin edilməsi Fondun maliyyə hesabatının auditor tərəfindən yoxlanılmasının həyata keçirilməsindən asılıdır.

ARDNF ilk mərhələdə “gələcək nəsillər üçün yığım” fondu kimi fəaliyyətə başlasa da, daxilolmaların sürətlə genişləndiyi şəraitdə ölkə iqtisadiyyatının kənar borclanma olmadan resurs kapitalı hesabına böyümə ehtiyacının artması onun sabitləşdirici funksiyası da önə çıxdı.

Dövlət Neft Fondunun vəsaiti - orada toplanan, neftdən əldə edilmiş və hazırda artıq qazdan əldə edilmiş gəlirlər ölkəmizin ümumi inkişafını böyük dərəcədə şərtləndirir. Ölkə qarşısında duran önəmli sosial layihələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasından didərgin salınmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasını Dövlət Neft Fondu həyata keçirib.

2017-ci il mayın 31-də 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışındakı nitqində Prezident İlham Əliyev deyib: “Dövlət Neft Fondunun xətti ilə ölkəmiz üçün ən önəmli layihələrin icrası nəzərdə tutulur. Onlardan birincisi məcburi köçkünlərin problemlərinin həllidir. Son illər ərzində məhz Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıbdır. Bu vəsait, əlbəttə, neft əməliyyatlarının gəlirlərindən formalaşır və bu gün biz özümüzü dünyada müasir, dinamik inkişaf edən ölkə kimi təsdiq edə bilmişik”.

İndi bu qəsəbələrin sayı 100-dən artıqdır. 10 ildən çoxdur çadır şəhərcikləri ləğv olunub. Təkcə keçən il 6 min köçkün ailəsinə mənzillər təqdim edilib.

Hər il Dövlət Neft Fondundan büdcəyə edilmiş transfertlər hesabına maaşların, pensiyaların, müavinətlərin artırılması, daha doğrusu, sosial layihələri icra etməyə imkan yaradır. Eyni zamanda, ölkəmiz üçün strateji sayılan sahələr, o cümlədən təhsillə bağlı olan layihələr Neft Fondu tərəfindən maliyyələşdirilir. Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində təhsil alması ilə bağlı təşəbbüs də Fond tərəfindən irəli sürülüb. ARDNF-in maliyyələşdirdiyi hər layihə iqtisadiyyatın şaxələndirilməsinə, sosial infrastrukturun genişlənməsinə, bir sözlə, növbəti layihələrin gerçəkləşməsinə ölkənin davamlı inkişafına xidmət edir.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, qazma qurğularının tikintisi və digər önəmli strateji layihələr də Dövlət Neft Fondunun vəsaiti hesabına icra edilir. Cənub Qaz Dəhlizi layihəsi qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm amil olacaq. Ölkəmizin regionda və Avropada nüfuzunun artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın enerji ixrac edən və tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Bu layihə Azərbaycana böyük gəlirlər gətirəcək, insanların rifahının yüksəlməsinə təsir göstərəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.

Azərbaycanın neftdən və qazdan gələn gəlirləri hesabına, eyni zamanda, nəqliyyat sektorunda da böyük layihələr həyata keçirilmişdir. Belə ki, ARDNF vəsaitləri hesabına Bakı-Tbilisi-Qars dəmir yolu kimi əhəmiyyətli bir layihəni maliyyələşdirdi. Bunlar Azərbaycanı nəinki bölgədə, bütün Avrasiya məkanında nəqliyyat mərkəzinə çevirdi. Görülən işlər indi ölkə ərazisindən böyük həcmli yüklərin Şərqdən Qərbə, Qərbdən Şərqə daşınmasına imkan verir.

Neft Fondunun vəsaiti təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafına da yardım göstərir. Xalqın güzəranı ildən-ilə daha da yaxşılaşır. Ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 5,4 faizə, işsizlik 5 faizə enib. Təsadüfi deyil ki, ölkəmizin sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər nüfuzlu beynəlxalq maliyyə qurumları reytinq cədvəllərində ildən-ilə daha irəliyə çəkilməsi ilə təsdiqlənir.

2017-ci il noyabrın 8-də Azərbaycanda 2 milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev demişdi ki, “Əsrin kontraktı”nın nəticələri, sadəcə olaraq, neft fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır.

Ötən 10 il ərzində Azərbaycanda iqtisadi sahədə böyük müsbət nəticələr əldə olunmuş və qarşıda duran bütün vəzifələr uğurla icra edilmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, iqtisadi inkişaf baxımından Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkələr siyahısına salmışdır. Bu, onu göstərir ki, ölkəmizdə aparılan islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Ümumiyyətlə, geridə qoyduğumuz illər həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir.

Hesab etmək olar ki, keçən illər iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektorunda bu artım 3,5 faiz olmuşdur. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminliklə demək olar ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır.

ARDNF-in səhm portfelinin coğrafi və sektorial strukturu, aktivlərin investisiya edildiyi səhm fondlarının adı və hər bir fond üzrə aktivlərin həcmi barədə məlumatlar açıqlanır. Hesabatda açıqlanan daha bir məlumat Fondun səhm portfelinin gəlirlilik səviyyəsidir. 2019-cu ildə ARDNF-in səhm portfelinin gəlirliliyi yerli valyutada 28.5 %, ABŞ dollarında isə 28.9 % təşkil etmişdir.

2020-ci ilin yekunlarına görə, Fondun aktivlərinin 63,8 %-ni sabit gəlirli aktivlər (istiqrazlar və pul bazarı alətləri), 15,9 %-ni səhmlər, 14,2 %-ni qızıl, 6.1 %-ni isə daşınmaz əmlak təşkil etmişdir. O cümlədən, 2020-ci ilin nəticələrinə görə, Fondun aktivlərinin 29,26 %-i Avropa, 24,96 %-i Şimali Amerika, 23,48 %-i Asiya və Sakit Okean regionuna sərmayə edilib. Eyni zamanda, aktivlərin 59,26 %-i inkişaf etmiş, 20,73 %-i inkişaf etməkdə olan ölkələrə, yerdə qalan hissəsi isə (qızıl nəzərə alınmadan) beynəlxalq maliyyə qurumlarına yerləşdirilib.

2021-ci il yanvarın 1-ə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 323,3 milyon ABŞ dolları) nisbətən 0,56 % artaraq 43 564,3 milyon ABŞ dollarına bərabər olmuşdur. Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-in büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq, vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına Fondun aktivlərinin həcmində artım baş vermişdir. Qeyd edək ki, sözügedən dövr ərzində büdcədənkənar və idarəetmə gəlirlərinin həcmi ümumilikdə 3,2 milyard ABŞ dolları təşkil etmişdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi milli neft strategiyasına uyğun olaraq ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində ARDNF aktivləri ildən-ilə artan, beynəlxalq səviyyədə müasir standartlara cavab verən, şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşdürməyə qadir olan maliyyə qurumuna çevrilib, həmçinin Azərbaycanın nüfuzunun artmasına xidmət edən bir çox nailiyyətlər əldə edib.

Bəybala BƏYBALAYEV,

“Respublika”.