Azərbaycan ilə BMT və onun qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Siyasət

Azərbaycan ilə BMT və onun qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

İyunun 22-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyəti başa çatan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov Qulam İshaqzainin ölkəmizdəki uğurlu fəaliyyətini, BMT ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəni məmnunluqla qeyd edib.

Qulam İshaqzai Azərbaycanda fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkür edib, əməkdaşlığın uğurla həyata keçirildiyini vurğulayıb. Rezident əlaqələndirici xüsusilə Azərbaycanla yeni Əməkdaşlıq Fəaliyyət Planının imzalandığını məmnunluqla qeyd edib.

Tərəflər Azərbaycan ilə BMT və onun qurumları arasında həyata keçirilən əməkdaşlıq imkanlarını və perspektivlərini müzakirə ediblər.

Nazir işğaldan azad olunmuş ərazilərdəki vəziyyətə toxunaraq, ölkəmizin həm UNESCO, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) missiyasının bu ərazilərdə qəbul etməyə hazır olduğunu bildirib. Hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözlənildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

AZƏRTAC