Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvləri ilə həmrəyliyin gücləndirilməsi istiqamətində sıx əməkdaşlıq edir
Siyasət

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvləri ilə həmrəyliyin gücləndirilməsi istiqamətində sıx əməkdaşlıq edir

1969-cu ilin avqust ayında Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinin yandırılmasından bir neçə gün sonra, 14 müsəlman ölkəsinin xarici işlər nazirləri Qahirə şəhərində fövqəladə görüş keçirərək, Yaxın Şərqdəki vəziyyətin müzakirəsi ilə əlaqədar İslam dövlətlərinin Zirvə Konfransının keçirilməsi haqqında Səudiyyə Ərəbistanı Krallığının irəli sürdüyü təklifi qəbul etmişlər.

1969-cu ilin 25 sentyabr tarixində Rabat şəhərində (Mərakeş Krallığı) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında qəbul edilmiş qərara əsasən İslam Konfransı Təşkilatı (İKT) yaradılmışdır. Həmin sammit zamanı qəbul edilmiş bəyanat görüşdə iştirak edən dövlətlər arasında iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq və qarşılıqlı yardım üzrə məşvərətlərin keçirilməsi, öz aralarında yaranacaq problemlərin BMT-nin məqsəd və prinsipləri əsasında həll edilməsi barəsində öhdəlikləri əks etdirir.

Bu tarixi hadisədən altı ay sonra, 1970-ci ilin mart ayında Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirlərinin I konfransında İƏT Baş Katibliyi təsis edilmişdir.

İƏT Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə sıx əməkdaşlıq edir. BMT Baş Məclisinin 36-cı sessiyasında “BMT ilə İƏT arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edilmiş və İƏT 1975-ci ildən etibarən BMT yanında müşahidəçi statusa malikdir. Eyni zamanda, Cenevrədə və Nyu-Yorkda İƏT-in Daimi müşahidəçi missiyaları fəaliyyət göstərir.

2013-cü ilin iyun ayından etibarən İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçi missiyası fəaliyyətə başlamışdır.

Səudiyyə Ərəbistanın sabiq sosial işlər naziri, İƏT-də Baş məsləhətçi və kabinetin Baş direktoru vəzifəsini tutan Yusif bin Əhməd Əl-Oseymin 17 noyabr 2016-cı il tarixindən etibarən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinin icrasına başlamışdır.

Təşkilatın sonuncu Zirvə Toplantısı 2019-cu ilin 31 may tarixində Məkkə şəhərində keçirilmiş və İslam Zirvə Konfransının sədrliyi Türkiyə Respublikasından Səudiyyə Ərəbistanı Krallığına keçmişdir.

Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları - İSESKO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

2017-ci il sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti keçirilmişdir. İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammiti Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 2016-cı ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII Zirvə Toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub.

2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və bu il çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. 2018-ci il oktyabr ayında İƏT-lə əməkdaşlıq çərçivəsində görülmüş tədbirlər arasında İƏT-in mənzil-qərargahında Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi təşkilata üzv dövlətlərlə daim sıx əməkdaşlıq edir.

Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüş keçirilib.

Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib.

COVİD-19 pandemiyası dünya üçün misilsiz çağırışlar yaradıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Hərəkatın koronavirusla mübarizəyə həsr edilmiş Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və 2020-ci ilin may ayında həmin tədbiri uğurla təşkil etmişdir. Həmçinin 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra dövlətlərə humanitar və maliyyə yardımı göstərib.

Bildiyimiz kimi, Ermənistan 30 il idi ki, ölkəmizin 20 faiz ərazisini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan Xocalı soyqırımını törədib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb.

2020-ci ilin 31 mart tarixində ölkəmizin işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər”lə əlaqədar İslam Əməkdaşlığı Təşkilatı “İƏT işğal olunmuş Dağlıq Qarabağda seçkilərin keçirilməsini rədd edir” (“OIC Rejects the Holding of Elections in the Occupied Nagorno-Karabakh”) başlıqlı bəyanatla çıxış etmişdir.

Ermənistan 2020-ci ilin iyul, avqust və sentyabr aylarında üç dəfə dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl ataraq günahsız mülki əhalinin qətlə yetirilməsinin və müharibənin alovlanmasının səbəbkarı oldu.

Ötən ilin sentyabr ayında Ermənistanın irimiqyaslı hərbi hücumuna cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı və işğal altında olan ərazilərin böyük hissəsini azad etdi.

44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altında olan digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu.

Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinin icrasını təmin etdi. Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib.

Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün mədəni və dini abidələr 30 illik işğal dövründə məqsədli şəkildə dağıdılıb. Ermənistanın işğalı altında olmuş ərazilərdə yerləşən 67 məsciddən iki məscidə ciddi zərər dəyib, 65-i isə tamamilə dağıdılıb.

2021-ci il iyunun 16-da Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə Toplantısı keçirilib. Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxış edərkən bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanın ədalətli mövqeyinin ardıcıl şəkildə dəstəklənməsini yüksək qiymətləndiririk. Azərbaycan da öz növbəsində İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələri hər zaman dəstəkləyir, onların arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərir.

Bəybala BƏYBALAYEV,

“Respublika”.