Azərbaycan biznes mühitinin əlverişliliyi üçün islahatlar aparan ölkədir
İQTİSADİYYAT

Azərbaycan biznes mühitinin əlverişliliyi üçün islahatlar aparan ölkədir

Azərbaycanda sahibkarlıq fəaliyyətinin qədim tarixi var və o, böyük inkişaf yolu keçmişdir. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına şərait yaratmışdır.

Sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli Dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir.

Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılmışdır və bu mənbə kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin mühüm real mənbəyi kimi çıxış edir.

Fəaliyyəti ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyanın cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılmasına yönəlmiş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun yaradılması təmin edilmişdir. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir.

Qeyd edək ki, 2008-ci il 1 yanvar tarixindən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkili təmin edilməyə başlanmışdır. “Bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama prosedurları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilmişdir. Bu sistemin tətbiqindən sonra qeydiyyatdan keçən hüquqi şəxslərin sayı xeyli artmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun Ümumi Daxili Məhsuldakı payı 85 faizə çatmışdır.

Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkili həyata keçirilmişdir. Bu baxımdan yaradılmış mexanizmlər (Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Biznes Tədris Mərkəzləri və s.) dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdadır.

2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi məsələlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilmişdir. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

İqtisadiyyat Nazirliyi və AZPROMO bu istiqamətdə həm ölkənin daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirir. Bu tədbirlərin keçirilməsi istər ölkənin biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə investisiya qoyuluşunun həcminin artımında öz müsbət nəticələrini göstərməkdədir.

Qeyd edək ki, sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə indiyədək bir çox qanunlar qəbul olunmuşdur. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də 2013-cü ilin 1 iyul tarixində qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunudur.

Qanunda sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Qanunun əsas məqsədi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasıdır. Ölkə ərazisində aparılan bütün növ yoxlama tədbirləri yalnız bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada, əvvəlcədən vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə aparılmalıdır.

Azərbaycanda sahibkarlığın inkişafının yeni modellərinin - xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrin, aqroparkların yaradılması sahəsində də müvafiq işlər aparılır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, sahibkarlıq subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

Davamlı olaraq dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb. Güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilmişdir. Eyni zamanda, yeni qaydalarda orta həcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək müəyyən edilmişdir.

Hazırda ölkədə sahibkarlığın inkişafının genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir.

Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Modernləşmə kursunu həyata keçirən Azərbaycan Respublikasında iqtisadi və sosial tərəqqiyə yönəlmiş dövlət siyasəti öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, dünyanı bürümüş koronavirus pandemiyasının təsirindən yaranmış dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxardığı bir vaxtda ölkəmiz qlobal böhranın təsirindən maksimum qorunmuş, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etdirilmişdir. Belə ki, keçən dövr ərzində dövlət fondları və digər maliyyə resursları səfərbər edilərək ümumi maliyyə dəstək paketi 3,5 milyard manatdan artıq olmuşdur.

Belə bir çətin şəraitdə Azərbaycan hökuməti ölkə sahibkarları üçün dəstək mexanizmlərini işə salmış, pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə Vergi Məcəlləsində güzəştlər nəzərdə tutulmuşdur. Buna əsasən pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri 2020-ci il üzrə əmlak və torpaq vergisindən azad edilmişlər.

Hər bir ölkənin iqtisadi inkişafının təmin edilməsi üçün ən vacib faktorlardan biri investisiya axınlarıdır. Azərbaycanda da son dövrlər biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlb edilməsi imkanlarının stimullaşdırılması istiqamətində ciddi işlər görülüb. Bu işlərin nəticəsi kimi, Azərbaycan iki dəfə “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb, “Doing Business 2020” hesabatında isə Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil edilibdir. İqtisadçıların fikrincə, “Doing Business” hesabatı ölkəyə xarici investor cəlb etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizin apardığı islahatlara görə öndə olması xarici investorların diqqətini artıra bilər.

Bunun nəticəsi olaraq 2019-cu ildə ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə yatırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı “nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda demişdi: “Azərbaycan həm xarici, həm daxili investor üçün çox cəlbedici məkandır. Bu sərmayələrin bir hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ ki, iqtisadi artımda dövlət investisiyaları önəmli rol oynayır. Xüsusilə nəzərə alsaq ki, hələ də infrastruktur layihələri ilə bağlı görüləsi işlər vardır. Ona görə həm dövlət, həm yerli, həm də xarici şirkətlər ölkəmizə 13,5 milyard dollar həcmində vəsait qoyublar. Hesab edirəm ki, bu, çox yüksək nəticədir”.

Prezident İlham Əliyev vurğulayıb ki, 2020-ci ildə və növbəti illərdə Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlarla birgə yüksək əlavə dəyər yaradan emal sənayesinin sürətli inkişafı əsas hədəf olaraq müəyyən edilib: “Regionların spesifikası nəzərə alınmaqla, məhsul istehsalı və emalı üzrə ixtisaslaşmanın dərinləşdirilməsi hədəflənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələrinin yenidən qurulması, sağlamlaşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərindən geniş istifadə ediləcəkdir”.

Qeyd edək ki, Azərbaycanda 2016-cı ildən 2020-ci ilin sonunadək 400 sahibkarlıq subyektinə 481 investisiya təşviqi sənədi təqdim edilib. Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, investisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 4,4 milyard manatdan artıq investisiyanın yatırılacağı, 31,2 mindən çox yeni iş yerinin açılacağı nəzərdə tutulub. Təşviq edilmiş layihələrin 13%-i Bakı şəhəri və ətraf qəsəbələrin, 87%-i isə regionların payına düşür. Hesabatda əsasən, 2020-ci ildə 61 sahibkara 62 investisiya təşviqi sənədinin təqdim edildiyi qeyd olunur. Vurğulamaq lazımdır ki, Vergi Məcəlləsinə uyğun olaraq, investisiya təşviqi sənədi müvafiq qaydalarla müəyyən olunmuş meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir. İnvestisiya təşviqi sənədi, həmçinin Azərbaycan Respublikasının Vergi məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

Bəli, bütün sahibkarlığın inkişafı ilə bağlı qeyd olunanlara nəzər salsaq açıq-aydın görürük ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son 17 ildə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində mühüm addımlar atılmışdır. Ölkədə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir. Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq edilir. Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayı 5 dəfə artıb, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 85 faizi, məşğulluqda payı isə 76 faizi ötüb.

Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməli və onlar bir sahibkar kimi bu işdə ona yaxından yardımçı olmalıdırlar.

Nurəngiz ADİLQIZI,

“Respublika”.