Baş katib: Körfəz Ərəb Dövlətləri Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyiblər
SİYASƏT

Baş katib: Körfəz Ərəb Dövlətləri Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyiblər

Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 24-də Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacrafla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov  münaqişədən sonra regiondakı mövcud vəziyyət, xüsusilə mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir işğal amilinin aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanın yarandığını, lakin bunun üçün, ilk növbədə, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət olunmasının zəruriliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində birgə layihələrdə iştirakında maraqlı olduğumuzu qeyd edib.

Baş katib Azərbaycanın haqlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman dəstəkləndiyini qeyd edib.

Tərəflər Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə Fəaliyyət Planının işlənib hazırlanması, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AZƏRTAC