Azərbaycanlı deputat Avropa Şurasını dünya diaspor siyasətinin inkişafına xidmət edəcək forum keçirməyə çağırıb
Diaspora

Azərbaycanlı deputat Avropa Şurasını dünya diaspor siyasətinin inkişafına xidmət edəcək forum keçirməyə çağırıb

Bu gün yaşadıqları ölkələrdə, eləcə də mənşə ölkələrində diasporların rolu getdikcə daha artıq əhəmiyyət kəsb etməyə başlayır. Çünki onlar dövlətlərarası münasibətlərdə mühüm körpü amili sayılırlar. Bu gün diasporların yaşadıqları ölkələrdən, eləcə də mənşə ölkələrindən diqqətə, qayğıya ehtiyacı olduğu qədər də, vətəndaşı olduqları, yaxud yaşam yeri kimi seçdikləri, eləcə də mənşə ölkələrin də onlara ehtiyacı var.  Bu isə təbii olaraq diaspor siyasətində koordinasiyanın, sistemli yanaşmanın vacibliyini ön plana çıxarır. Diasporla işin səmərəliliyinin artırılması istiqamətində bir sıra üzv ölkələrin nümunə götürüləsi təcrübələri mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun yay sessiyası çərçivəsində “Avropa diaspor siyasəti” adlı məruzənin müzakirəsində deyib.

Diaspor siyasətində dünyada baş verən dəyişikliklərlə bağlı son illərdə yaranan yeni təmayüllərə diqqəti çəkən deputat bildirib ki, son 50 ildə diaspor anlayışı, eləcə də ölkələrin diaspor siyasəti əsaslı şəkildə dəyişib. Bu, müstəqilliyini yeni bərpa etmiş bir sıra ölkələrə, ilk növbədə, sovet məkanından çıxmış dövlətlərə və xalqlara aiddir. O qeyd edib ki, Azərbaycan nümunəsində qlobal siyasi proseslərin diasporun həyatında nə qədər mühüm rol oynadığını, uzun illər bu problemi dərindən araşdırmış və müxtəlif ölkələrdəki müxtəlif yaş nəsillərə mənsub çox sayda diaspor təmsilçisi ilə təmasda olmuş bir şəxs kimi yaxşı bilir.

Dünyadakı Azərbaycan diasporunun ümumi sayının 40 milyondan artıq olduğunu vurğulayan Rafael Hüseynov dünyada baş verən ciddi ictimai-siyasi dəyişikliklər nəticəsində artıq xaricdəki həmvətənlərlə əlaqələr imkanının müqayisəyəgəlməz dərəcədə yüksəldiyini, ümumiyyətlə, diaspor anlayışına münasibətin köklü şəkildə dəyişildiyini bildirib.

Vurğulayıb ki, bu il müstəqilliyinin bərpasının 30-cu ilini qeyd edən Azərbaycanın dünyada əhalisinin sayından 4 dəfə çox olan diasporu var. “Soyuq müharibə” illərində qapalı sərhədlər diaspor təmsilçilərinin əksəriyyətinin Vətənə-Azərbaycana yolunu bağlamış və o dövürkü siyasət onların çoxunu “düşmən” hesab etmişdi. Bu gün diasporun rolu yaşadıqları, eləcə də mənşə ölkələrində getdikcə daha artıq əhəmiyyət kəsb etməyə başlayır. Çünki onlar dövlətlərarası münasibətlərdə mühüm körpü amili sayılırlar.

Avropa Şurasının təşkilatçılığı ilə gələcəkdə mütəmadi olaraq Dünya Diaspor Forumunun keçirilməsi təklifini irəli sürən Rafael Hüseynov belə bir fəaliyyətin diasporların gələcək fəaliyyətinə faydalı ola biləcəyini qeyd edib. Bildirib ki, bir neçə il əvvəl ABŞ-dakı türk diaspor təşkilatlarının Türkiyənin dövlət başçısının da qatıldığı ənənəvi toplantısında Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə iştirak edib. Koordinasiya və sistemli yanaşmanın, vaxtaşırı keçirilən zirvə toplantılarında ümdə problemlərlə bağlı fikir mübadilələrinin nə qədər faydalı olduğuna şahidlik edib.

“Düşünürəm ki, gələcəkdə daimi fəaliyyət göstərən Avropa Diaspor Forumunun hər il və ya iki ildən bir keçirilməsi, açıq fikir mübadilələrinin aparılması çox xeyirli olar. İdeyalar, təkliflər sözdə nə qədər gözəl səslənsə də, belə konkret tətbiq forması müəyyənləşəndə gücə çevrilə bilir. Zamanın tələbi ilə fəaliyyətində yeniləşmələrə, təzə iş metodlarına müraciət edən Avropa Şurası bu Forumun təşkilatçısına çevrilə bilər. Bu Forum Avropa Şurasının təşkilatçılığı ilə keçirilərsə, daha səmərəli və real praktik nəticələrə gətirib çıxarar”, - deyə R.Hüseynov qeyd edib.

Azərbaycanlı deputat Diaspor Forumunda yalnız Avropa Şurasına üzv ölkələrinin deyil, elədə də Demokratiya Forumunda olduğu kimi, digər ölkələrin də qatılmasını məqsədəuyğun hesab edib. Xalqlar və dövlətlər arasında ən həssas körpülərdən olan diasporların gələcək daha sistemli və səmərəli fəaliyyəti üçün Avropa Şurasının uğurla qura biləcəyi belə bir körpünün əvəzsiz töhfə olacağını diqqətə çatdırıb. 

AZƏRTAC